Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Almaniyadakı sabiq “Yeni Müsavat”çılar həyatlarından məmnundurlar

Almaniyadakı sabiq “Yeni Müsavat”çılar həyatlarından məmnundurlar

Bir neçə ay öncə Almaniyaya mühacirət edən “Yeni Müsavat” qəzeti əməkdaşları üçün yeni həyat çoxdan başlayıb. Onlar bunu sosial şəbəkədə yazdıqları ststuslar, paylaşdıqları fotolarla dostlarına çatdırırlar. Eyni zamanda Azərbaycanda baş verən proseslərə də reaksiyasız ötüşmürlər. Hər olay barədə onların da bir münasibəti, yanaşması olur. Bəs Merkel Almaniyası onlara necə münasibət göstərir? Düşərgə həyatı, müavinət, şərtlər, çətinliklər… Bütün bunların öhdəsindən necə gələ bilirlər?

İki oğlu ilə birlikdə Almaniyaya köçən Röya Rəfiyeva bildirdi ki, həyat artıq normal axara düşür. 6 aydır ki, burada olduğunu xatırladan müsahibimiz hələ ki, düşərgədə qaldıqlarını dedi: “Şərait normaldır, iki otaqdan ibarət yaşayış yerimiz var. Təmizdir, istidir. Yağışlı günlərdə istilik sistemini qoşurlar ki, otaqlar isti olsun. Gündə bir dəfə günorta isti yemək verilir, həmçinin axşam yeməyi üçün ərzaq verirlər. Ayda böyüklər üçün 150, uşaqlar üçün 110 avro civarında yardım alırıq. Uşaqlar məktəbə gedirlər. Burada məktəblərdə mühacir uşaqlar üçün ayrıca siniflər var, uşaqlar həmin sinifdə alman dilini öyrənirlər. Bir neçə ay sonra dil öyrənib normal siniflərə keçə biləcəklər. Özüm dil kursuna gedirəm. Bu, alman hökumətinin qaçqınlar üçün nəzərdə tutduğu pulsuz dil və inteqrasiya kursudur. Aşağı səviyyəni öyrəndikdən sonra hökumət sənə oturum icazəsi, yəni ölkədə yaşamaq üçün bir neçə illik icazə verdikdən sonra alman dilinin digər səviyyələrini öyrənmək üçün kursa getmək mümkündür. Həmin kursda dili daha dərindən öyrənmək olur. Bu kurslar pulsuzdur. Mən də hələ ki, dili öyrənməyə çalışıram. Bu, bir ildən çox vaxt alacaq, bəlkə də daha çox”.

Müsahibimiz dil öyrənmə mərhələsindən sonra işləmək üçün peşə kurslarına getməyin vacibliyini vurğuladı. Onun sözlərinə görə, bu da bir illik və üç illik kurslardır: “Ondan sonra iş tapıb işləmək mümkündür. Gələcəklə bağlı plan qurmaqdan öncə dil öyrənmək daha vacibdir. Dil öyrənmədən yaşamaq çətindir”.

R.Rəfiyeva bildirdi ki, hazırda azərbaycanlı miqrantlar arasında sentyabr seçkilərindən sonra miqrantlara qarşı vəziyyətin sərtləşəcəyi və hökumətin daha çox insana yaşamaq icazəsi verməyəcəyi ilə bağlı söhbətlər dolaşır:“Davranış isə olduqca normaldır, kampda işləyən qorumalardan, təhlükəsizlik xidməti əməkdaşlarından tutmuş yemək paylayan işçilərə qədər hər kəsdə məsuliyyət və diqqət hiss edirəm. Xüsusən uşaqlara qarşı həssasdırlar. Burada gələn kimi həkim müayinəsi üçün icazə verilir və istədiyin həkimin qəbuluna yazıla bilirsən. Ümumi müayinələr və bir çox əməliyyatlar hökumət tərəfindən qarşılanır. Daha bahalı əməliyyatlar üçün təkrar hökumətə müraciət edib icazə istəmək lazımdır. Burdakı tanıdığım azərbaycanlılar arasında ciddi göz xəstəlikləri olanlar var ki, onlar müalicə və əməliyyatları üçün təkrar hökumətə müracət edirlər. İcazə aldıqdan sonra yenidən həkimə gedib müalicə olunurlar. Bu müalicələr bahalıdır, bu səbəbdən hökumət qurumunun icazə verməsi bir neçə həftə vaxt ala bilir”.

Eks əməkdaşımız status alma yolunda hansı gəlişmələr olmasından da danışdı. Dedi ki, görüşmələr, yəni intervü mart ayında baş tutub. Röya xanım ümid edir ki, hazırda onunla bağlı araşdırma aparılır: “Burada və digər ölkələrdə miqrantların daha tez sorğulandğı, intervüyə çağırıldığı da bildirilir. Yəni əvvəlki illərdə gələn mühacirlərin sorğulanması hətta bir neçə il sonraa olurdusa, son iki ildə belə deyil. Proses daha tez yekunlaşdırılır”.

R.Rəfiyeva daha öncə facebookda azərbaycanlı mühacirlərin davranışları, bir çox hallarda utancverici hərəkətləri, sözləri barədə statuslar paylaşır, bununla da həmvətənlərimizin ölkədən kənardakı mənzərəsini bizlərə təqdim edirdi. Xanım jurnalist artıq bu statuslara ara verib. Dediyinə görə, artıq ümumiyyətlə, həyətə düşmür: “Olanda yazırdım. Çoxu transfer olunub başqa yerlərə. Həm də mən düşmürəm həyətə. Ona görə uzağam bir az”.

Daha bir eks “Yeni Müsavat”çı  Fərahim İlqaroğlu da hesab edir ki, Almaniya qaçqın və miqrantlarla münasibətə görə dünyanın ən humanist ölkələri sırasındadır. Bu ölkənin AfD, SPD kimi siyasi partiyaları qaçqınlarla bağlı radikal mövqe sərgiləsələr də, Angela Merkelin rəhbərlik etdiyi CDU bu yöndə düzgün və planlı bir siyasət yürüdür: “Bu yaxınlarda seçkinin taleyinə təsir edəcək CDU lideri Angela Merkel və SPD lideri Martin Şlutz arasında TV debatı baş tutdu. Biz orda da A.Merkelin qaçqın və miqrantlar, Türkiyə, Şimali Koreya və s. məsələlərlə bağlı çox yumşaq çıxış etdiyini gördük. Alman mətbuatından oxuduğum qədəri ilə Almaniyada potensial işçi sinfində sürətli yaşlanma var və onun yerini dolduracaq gənc işçi qüvvəsinə böyük ehtiyac var. Məsələn, bu yaxınlarda oxudum ki, Almaniya bundan sonra hər il 200 min qaçqın və miqrant qəbul etmək iqtidarındadır”.

F.İlqaroğlu sentyabrın 24-ə olan seçkilərlər barədə də optimistdir. Onun sözlərinə görə, bütün media və sadə almanlar Angela Merkelin yenidən seçiləcəyi proqnozunu verir: “Bu o deməkdir ki, qaçıqn və miqrantlarla bağlı yumşaq siyasət davam edəcək. Bildiyiniz kimi, Almaniya başda olmaqla Avropanın digər ölkələrində xeyli həmvətənimiz yaşayır. Onların bəziləri mənim kimi bu ölkələrdə yenidir. 4-5 ay öncə Almaniyada yaşayan həmkarlarımızla yığışıb “Avropost” adlı qəzet çıxarmağa qərar verdik. Anar Orucovun rəhbərliyi altında işə başladıq, uğurlu da alındı. İlk saylarımız 8 səhifə çıxmışdısa artıq sonuncu sayımız 16 səhifə, tam rəngli, 1-ci sinif kağızda, Azərbaycan və alman dillində çap olunub. “Avropost” qısa zamanda burdakı həmvətənlərimizi bir araya gətirməyi bacardı. Artıq Avropadakı azərbaycanlılar “Can Qarabağ”, “Azərbaycan” Mədəniyyət və İdman cəmiyyəti, Azərbaycanlıların İnteqrasiya və İnkişaf Mərkəzi kimi dərnəklərdə birləşiblər. Qəzetimiz isə, Avropada yaşayan həmvətənlərimizin ianələri ilə çap olunduğundan, pulsuz paylanılır”.

Həmkarımız dedi ki, işləməyə icazə verilsə də, hələ ki, işləmirəm. İstəyim burda öz ixtisasım üzrə işləməkdir: “Onun üçün də alman dilini yüksək səviyyədə bilməliyəm. Amma buna baxmayaraq burdakı media orqanları ilə münasibət qurmuşam. Onlar peşə təlimlərinə məni də cəlb edirlər. Məsələn, bu yaxınlarda reportyorlar üçün fotokurs və Almaniya tarixi ilə bağlı təlimi uğurla başa vurub sertifikat aldım. Hələ ki, Almaniyada ilkin mərhələ üçün 3 illik yaşamaq istəyimə baxılır. Müraciətlər çox olduğundan yəqin ki, bu bir az vaxt alacaq”. (Musavat.com)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın