Ana səhifə / Köşə Yazarları / Əkrəm, başına saldığı daşın altından boylandı…

Əkrəm, başına saldığı daşın altından boylandı…

Susurdu xeyli müddət idi. Zatən cəmiyyət üçün marağını itirib bu adam. Öz doğma kəndi Əylisi erməni kəndi elan etməsinin ardından elə gözdən düşmüşdü ki, danışsa belə kimsənin bəyənəcəyi halı yoxdu. Danışdıqca özünü batırırdı və o üzdən danışmamaq işinə yarayırdı. Amma anlaşılır ki, bu qədər susqunluğa dözə bilmədi və əlinə verilən ilk fürsətdə gözünü yumub ağzını açdı…

Əkrəm Əylislidən danışıram. Adam necə ki, “Daş yuxular” romanıyla öz başına əbədi bir daş salmışdı, indi də bəzi qızışdırıcıların cılız hoydu-hoydusunun qurbanı olmuş gənc bloger Mehman Hüseynovla bağlı danışdırılıb. Öz başına saldığı daşın altından boylanmağa cəhd edib və o yaşda adama yaraşmayacaq dildə danışıb.

Mehman məsələsinə sonda toxunacağıq. İndiliksə Əylisə və bütünlükdə Azərbaycana xilaf çıxmış Əkrəm Əylislinin bir müsahibəsindəki bəzi fikirlərə diqqət çəkmək istərdim.

Adam deyir ki, Mehman yaşamalıdır. Yaşasın. Kimdir onu yaşamağa qoymayan? Biz də onun yaşamasını istəyirik. Zatən öləcəyi haqqında da bir işarət yoxdur ki. Bəs onda bu Əkrəm bu ahıl yaşında müdriklik sərgiləməliykən necə oldu ki, Mehmanın “yaşamayacağı” qənaətinə gəlib onun yaşaması üçün çağırış edir? Sən demə Mehman aclıq edirmiş və bütün dünya da bundan xəbərdarmış. Sanki dünyanın işi-gücü, dərdi-səri bitib də hansısa cırtqoz bir gəncin əməllərinin cəzasını çəkdiyi həbsxanada nə işlə məşğul olduğunu izləyirmiş…

Sonra da lap irəli gedib deyir ki, Azərbaycanda ziyalı yoxmuş. Onun cümləsi-ifadəsi qəti və birmənalıdır: ölkəmizdə ziyalı zümrəsi yerli-dibli yoxmuş! Bax, burada yaşım yol verməsə də bu ahıl çağında xərifləmiş adama deməyə məcburam ki, sən həqiqətən xəstəsən, xəstə! Millətin bu qədər hörmətli ziyalısını görməmək – görə bilməmək ancaq xəstəlik əlaməti ola bilər. Adını demirəm xəstəliyin, ağır olar. Hər halda özü anlamış olacaq.

Bu Əkrəmin Azərbaycanda ziyalıların yoxluğuna qəti qərar verməsinin səbəbi də xərifləməsənin bariz göstəricisi sayıla bilər: deyir ki, niyə heç kim aclıq edən Mehmana qahmar çıxmır? Çıxmırlarsa, deməli ziyalı deyillərmiş! Hələ özünün də başına gələnləri xatırladıb deyir ki, bir vaxtlar (söhbət onun ilk növbədə öz başına daş kimi saldığı “Daş yuxular” romanıyla bağlı ictimai narazılıq dönəmindən gedir – A.H.) onu da heç kim müdafiə etməyib. Çünki onda da ziyalı yoxmuş ölkədə…

Əylisli iddia edir ki, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqı kimi təşkilatlar da susurlar, ziyalılıq sərgiləmirlər. İndi bu adama birisi anlatsın ki, hər üç təşkilat adlarına və missiyalarına uyğun fəaliyyətlə məşğuldur. Bu yöndə ciddi tənqid üçün heç bir əsas yoxdur. Hə, əgər Əkrəm o təşkilatların rəhbərlərinin-fəallarının siyasi bəyanatlarla çıxış etməsini istəyirsə, onda bu adama belə qurumların fəaliyyəti ilə bağlı seminar-məşğələ keçib onu aydınlatmağa şəxsən özüm hazıram…

Və xərifləmənin zirvəsi! Görün, adam nə deyir? Müsahibədən sitat: “Bütün Azərbaycan ideologiyası 4-5 nəfər tipik Naxçıvan demaqoqunun əlində yesir olub. Bütün Azərbaycan ideologiyası 4-5 Naxçıvan demaqoqunun əxlaqı və xarakteri üstündə qurulub”.

Doğrudanmı bu adam Azərbaycan ideologiyasının nədən ibarət olduğunu anlamır? Yaxud, doğrudanmı Azərbaycanda ideologiya bu adamın dediyi kimi “4-5 Naxçıvan demaqoqunun əlində yesir olub”? Bir insan ahıl yaşda hansı ağlın sahibi olmalıdır ki, bu boyda ölkə haqqında belə səfeh fikirlər səsləndirsin? Buna anlatmağa məcburuq ki, Azərbaycanda ideologiya “4-5 Naçxıvan demaqoqu”nun inhisarında deyil. Bizdə ideologiya dövlət siyasətidir və kökləri də çox dərindədir. O ideologiya hələ 100 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyəti ilə başlayıb, müstəqil Azərbaycan dövləti tərəfindən mənimsənilib, ulu öndər Heydər Əliyev üçün mayak rolunu oynayıb və bu gün Prezident İlham Əliyev tərəfindən daha yüksək zirvələrə daşınmaqdadır. İndi bu Əkrəm bilmirmi ki, AXC-ni quranlar, onun təbirincə desək, “4-5 Naxçıvanlı demaqoq” deyildi? Bilir, amma özünün bildiyi kimlərisə bu cür hədəfə gətirmək istəyir. Lakin unudur ki, onun sözünün dəyəri çoxdan yerlərdə sürünür. Yuxarıda dediyimiz kimi, bu adam sözünün başına daşı “Daş yuxular”ı yazıb öz doğma kəndini ermənilərə peşkəş edəndə salmışdı…

Hə, “Daş yuxular”dan söz düşmüşkən, bu adam milli ideologiyaya xəyanət ruhlu o əsəri yazıb ermənilərin əlinə şans verməklə Nobel mükafatına ümid edirdi ən yaxın tarixdə. Amma təbii ki, əsəri zəif və başdan ayağa təhriflərlə dolu olduğuna görə, nəinki Nobelə namizəd ola bilmədi, üstəlik, milli xəyanətkar kimi adını tarixə həkk etdirdi! İndi belə bir adamın kimisə müdafiə cəhdində bulunması faydalı ola bilərmi? Əsla!

Əkrəmin bu müdafiə cəhdi Mehmanın əleyhinə işlədi. Özü də böyük hesabla! Çünki yanlışları üzündən həbs cəzası çəkən Mehmanı müdafiə etmək istəyənlər də Əkrəmin o “cəbhədə” yer almasını görüb geri çəkiləcəklər. Çünki insanlar düşünəcək ki, Əkrəm kimi öz kəndinə belə naxələf çıxmış bir adamın müdafiə etdiyi şəxs heç də dürüst və geniş ictimai dəstəyə haqqı çatan birisi ola bilməz!

Mehmanın “aclıq” tamaşasına gəlincə, bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Bu gənc məhkəmə hökmüylə cəza çəkir. Cəzasının bitməsinə də az qalıb. Bir neçə gün öncə xəbər yayıldı ki, həbsxanada vəzifəli şəxsə qarşı zorakılığa cəhd edib və barəsində əlavə cinayət təqibi başlanıb. Təbii ki, biz də bu olaydan üzgünük, amma qanun qarşısında deyə biləcəyimiz bir söz yox. Ona görə də təmkinlə gözləyirik ki, nəyin nə olduğu tam aşkarlansın.

Mehmanın bu yeni əməli haqqında xəbərdən az müddət keçmiş mənim diqqətimi çəkən bir xəbər də yayımlandı. Daha doğrusu, Mehmanın könüllü şəkildə Azərbaycandan imtina etmiş qardaşı Emin Hüseynov yaymışdı bu xəbəri. Xəbərdə deyilirdi ki, “Mehman karsa salınıb. Özü bu haqda zəng edərək ailəsinə xəbər verib. Həmçinin bildirib ki, etiraz əlaməti olaraq aclıq aksiyası keçirir”. İlk baxışdan qeyri-adi bir şey görünmür burda, deyilmi? Amma burada mənim diqqətimi çəkən o oldu ki, karsa salınmış məhbusa doğrudanmı ailəsinə zəng etməyə icazə verilir? Mən bildiyimə görə dünyanın heç bir ölkəsində belə praktika yoxdur axı. Elə isə, Emin Hüseynov necə iddia edir ki, Mehman evə karsdan zəng edib?

Burada ictimai rəyi çaşdırmaq üçün manipulyasiya cəhdi açıq-aydın görünür. Ona görə də şəxsən mən təmkinlə gözləyirdim ki, penitensiar sistem əlavə bilgi versin, duruma aydınlıq gətirsin. Verildi də o bilgi. Bəlli oldu ki, Mehman aclıq filan keçirmir. Elə isə Əkrəm kimilər nəyə əsaslanıb baş verməmiş bir olaya ziyalıların onun kimi yüngülsaqqallılıq edib reaksiya verməsini istəyir?..

Sonda oxuculardan üzr istəyirəm ki, yaşli bir adam haqqında uyğun olmayan dildə ifadələrə yol verdim. Bu, mənim ədəbim-əxlaqım deyil. Amma nə edim ki, Əkrəm kimi adamlar bəzən mənim kimi insanları da məcbur edirlər ki, onlara məhz belə xitab edək, barələrində məhz bu dildə yazaq…

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …