Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Köşə Yazarları / Yazmaq istəmədiyim yazı – Nadir QOCABƏYLİ

Yazmaq istəmədiyim yazı – Nadir QOCABƏYLİ

Bu gün M. Rəsulzadənin doğum günüdür. Onun haqqında bir neçə dəfə yazmışam. Bu gün heç nə yazmaq istəmirdim, amma məcbur edirlər… Gərək feysbuku bağlayıb harasa gedəm, fəqət getməyə yer, imkan da yoxdur bu Rəsulzadənin əsasını qoyduğu azad, müstəqil Azərbaycanda…


Deyəcəksiniz ki, onun nə günahı var. Bütün günahlar indiki rejimdədir. Amma mən belə düşünmürəm. Günah bu rejimi də bizə ürcah edən qlobal imperializmdə, onun başında dayanan və bizi sümürən, var-yoxdan çıxardan, işsiz-gücsüz, pulsuz qoyan, evə bağlayan ABŞ-Avropa imperiyasındadır. Bu haqda dəfələrlə yazmışam. Həvəs olsa, yenə bir-iki kəlmə ucundan-qulağından yazacağam. Ancaq əvvəlcə onu demək istəyirəm ki, bu gün ad gününü bəh-bəhlə qeyd etdiyimiz Rəsulzadəni də bizi pis günə qoyan Qərbin müstəmləkəçi proyektlərindən biri sayıram.
Bəli, bu gün bunu açıq yazmaq siyasi konyukturaya qətiyyən uyğun deyil. Məni bu mövzuda nə iqtidar müdafiə edəcək, nə müxalifət, nə də xalq. İndiki məqamda bunu yazmağın “ağılsızlıq” olduğunu da bilməmiş deyiləm. Mənimlə işbirliyi qurmaq istəyənlər belə, məndən üz döndərə bilərlər. Ancaq başqa yolum yoxdur. Ya həqiqət naminə yazmalıyam, ya da ürəyim partlamalıdır…


Niyə yazmaq istəmirəm? Çünki hamıya qoşulub onu tərifləmək mənlik deyil. Onun həyat və fəaliyyətini az-çox bildiyim üçün münasibətim birmənalı deyil. Onu inkar etmirəm, böyüklüyünə, siyasi erudisiyasına, xidmətlərinə kölgə salmaq fikrim də yoxdur. Ancaq onun haqqında tənqidi fikirlərim də var. Fəqət bu gün Rəsulzadəni tənqid etmək ən azı layiq olmadığın təhqirlərə, epitetlərə, yarlıklara tuş gəlmək deməkdir.
Rəsulzadənin 34-36 yaşında ikən buraxdığı siyasi, həyati səhvlərin üzərindən keçə bilərəm. Həqiqətən çox gənc və təcrübəsiz imiş. Mənim bugünkü sinnimdən 20 yaş kiçik. Bu səbəbdən, şübhəsiz, mənim qədər təcrübəli deyildi. Onun sonrakı həyat və fəaliyyətinin bəzi aspektlərinə nəzər salıb, səhv etdiyinin fərqində olduğunu demək, yaxud deməmək də mümkündür. Peşmanlığına öz yazılarında dəfələrlə eyham vurub, gəncliyində barışmaq istəmədiyi quruluşun sonralar müsbət cəhətləri haqqında yazıb. Ancaq geriyə yolu olmayıb. Qəbul etsəydilər belə, hara, kimin yanına qayıdacaqdı?..


Elə səhvlər var ki, qanqrena kimidir. Buraxdınsa, daha düzəldə bilmirsən. Elə oyunlar var ki, girdinsə, geriyə çıxışı yoxdur. Məncə, Rəsulzadə gəncliyində belə bir təhlükəli oyuna girmiş və ondan çıxa bilməmişdi. İkinci dəfə evləndiyi Vanda adlı polyak qadın, böyük ehtimalla xarici agenturaya işləyirdi. Çünki dikrtator Pilsudskinin rəhbərlik etdiyi imperialist Pollşanın Azərbaycanda ciddi siyasi maraqları vardı və onlar Rəsulzadəni əməkdaşlığa cəlb edə bilmişdilər. Ya da bunu o özü onlara təklif etmişdi. Qadını Məhəmmədəminə güdükçü qoymuşdular və bunu özü də bilirdi. Uşaq deyildi ki. Ancaq bu oyunu sonacan oynamağa məhkum olunduğunu da bilirdi. Mən bir azərbaycanlı kimi ona acıyıram. Çünki qanı qanımdandır. Onun son tapılan şəklinə baxanda elə bildim babamdır. Çünki çox bənzəyir…


Rəsulzadə bu gün də siyasi alətdir. Onu ötən yüzilin 90-cı illərində yenidən “diriltdilər”. İqtidarlı-müxalifətli hamı ondan öz xeyirnə istifadə etməyə çalışır və hərə öz bildiyi şəkildə. Müxalifət onu Rusiyaya qarşı qoyur. Halbuki Rəsulzadənin rus inqilablarına, rus intelligensiyasına çox yaxşı münasibəti olub. O hesab edird ki, əgər 1905-ci il rus inqilabı olmasaydı, Azərbaycanda da demokratikləşmə prosesi olmazdı. O, siyasi fəaliyyətinə də məhz Rusiyayönümlü təşkilatlarda başlayıb, sosial-demokrat, hümmətçi olub. Rəsulzadə öz əsərlərində Xalq Cümhuriyyətinin yaranma səbəblərini də obyektiv işıqlandırıb. Onu Rusiyadakı inqilabi proseslərlə, vətəndaş müharibəsi nəticəsində yaranan hakimiyyət boşluğu ilə əlaqələndirib. O açıq yazıb ki, əgər gürcülər Zaqafqaziya Seymini tərk etməsəydilər, biz AXC-ni elan etməyə tələsmirdik. Çünki buna hazır deyildik və bunun heç bir siyasi, iqtidadi, beynəlxalq əsaları yox idi. Amma bu gün iqtidarlı-müxalifətli hamı yazır ki, AXC-ni Rəsulzadə yaradıb, müstəqilliyimizə görə ona borcluyuq və s. Xeyr, müstəqillik Azərbaycan xalqının nailiyyətidir. Rəsulzadə də, Xoyski də, Nərimanov da, Əliyev də hamısı xalqımızın iradəsini həyata keçirən fərdlərdir. Sual verirəm: onlar olmasaydı, biz müstəqil olmayacaqdıq? Əlbəttə, olacaqdıq. Məmmədəmin olmasaydı, hökmən Məmmədrəfi olacaqdı, Nərimanov olmasaydı, Süleymanov olacaqdı, Əliyev də olmasaydı, Vəliyev hökmən olacaqdı. Bu, tarixin qanunauyğun, obyektiv gerçəkliyidir. Odur ki, tarixə və onun yetişdirdiyi şəxsiyyətlərə düzgün, obyektiv qiymət vermək, hətta kölgədə qalanları da aşkara çıxarmaq lazımdır.


Bu gün Rəsulzadəni canfəşanlıqla müdafiə edən müxalifət Bakının mərkəzində ona heykəl tələb edir, amma AXC-nin müstəqillik mirasını müxalifətdən heç də az qiymətləndirməyən hakimiyyət bu heykəli israrla qoymaq istəmir. Səbəb nədir? Görünən odur ki, iqtidarımız Rəsulzadəni digər cümhuriyyət qurucularından ayırmır, yəni hesab edir ki, AXC-ni təkcə Rəsulzadənin adıyla bağlamaq doğru deyil. Amma ümumi bir abidə də qoyulmur. Mən başqa bir şey də görürəm. Hakimiyyətin himayə etdiyi, aylıq verdiyi media orqanları, bloggerlər, yazarlar, ideoloqlar rəsulzadəçilikdə heç də müxlaiflərdən geri qalmırlar. Hətta bir çox məqamlarda üstələyirlər. Görünür, bu da bir kompensasiya üsuludur. Hakimiyyətin ən qüdrətli simalarından sayılan Kamaləddin Heydərovun oğluna məxsus TEAS PRESS nəşriyyatı Rəsulzadə haqqında tərcümə etdiyim kitabdan bir neçə tarixi həqiqətləri əks etdirən sitat paylaşdığıma görə mənimlə əməkdaşlığa mədəni şəkildə son qoydu. Nə baş verir? Əgər Rəsulzadəni bu qədər çox sevirsinizsə, niyə 30 ildir onun heykəlinin qoyulacağı yerdə hələ də lövhədən başqa heç nə yoxdur? Sevmirsinizsə, həqiqətlərin bilinməsini istəyirsinizsə, niyə o lövhəni götürmür, bu həqiqətləri gündəmə gətirənləri işsiz, çörəksiz qoyursunuz?
Bu suallara cavab verən olmayacaq. Odur ki, özüm bəzi məntiqi mülahizələr irəli sürəcəyəm. İqtidar Rəsulzadənin lazım olduğundan artıq şişirdilməsini istəmir və bu mənada mənə görə haqlıdır. Ancaq yeri gəlsə ona bir heykəl qoymaq nədir ki. Heykəli olanların çoxu heç də Rəsulzadədən artıq adamlar deyil. Ancaq Rəsulzadəyə şəhərin mərkəzində heykəl qoyulsa, qərbpərəstlər həftə səkkiz mən doqquz yığışacaqlar onun ətrafına. Bu isə hakimiyyəti ciddi problemlərlə üzləşdirə, Qərbin təzyiqlərindən daha çox asılı edə bilər. İkincisi, Rəsulzadəyə sadəcə “AXC-nin, milli ideologiyamızın, müstəqil dövlətçiliyimizin banisi, mütəfəkkir, yazıçı-ideoloq” kimi baxmamalıyıq. Bütün bunlarla yanaşı, Rəsulzadə həm də Qərb, ABŞ layihəsidir. ABŞ Vudro Vilson planına əsasən Rusiyanı parçalamaq üçün ona qarşı qoyduğu kiçik xalqlardan istifadə edərkən Rəsulzadə kimi liderlərin intensiv təbliğatını qurur, stimullaşdırır, maliyyələşdirir. Rəsulzadənin bu gün bu qədər şişməsinin, təbliğ olunmasının əsas səbəbi də budur. Ötən əsrin 90-cı illərindən başlayaraq çoxsaylı kitabların nəşri dolayısı ilə məhz okeanın o tayından sifariş olunub. Amma xalq cəbhəsinin, Müsavatın güclü təbliğatı sayəsində o kitablar alınırdı da. Elə kiril əlifbası ilə çap olunmuş neçəsi hal-hazırda məndə durur. Rəsulzadə layihəsinin əsas məqsədi Rusiyanı dağıtmaqdır. Bu gün də ondan əsas etibarilə qərbpərəst müaxlifət istifadə edir (AXCP və REAL). Siz elə bilirsiniz Şirməmməd Hüseynov kimi nüfuzlu bir şəxsin daim Rəsulzadə haqqında danışması, ondan cild-cild kitablar yazması təsadüfidir? Kim verirdi bu kitabların pulunu, kim nəşr edirdi? Şirməmməd Hüseynovun qızının yüksək vəzifələrə, Prezident aparatında ideoloji şöbəyə rəhbər təyin olunmasını təsadüfi sayırsınız?

Təsadüfidirsə, o şahlıq quşunun biri də bizim başımıza qonsun da…
Amma hakimiyyətin Qərb ilə Rusiya arasında balanslaşdırılmış siyasət apardığını nəzərə alsaq, aydın olar ki, Rəsulzadə heykəli həm də şimal qonşumuzu qıcıqlandıra bilər. Rəsulzadənin vaxtilə Rusiya ilə əməkdaşlıqdan imtinası, Avropaya qaçması, orada müxtəlif dairələrlə, xüsusi xidmətlərlə əməkdaşlıq etməsi, hətta faşistlərlə əlaqə qurmaq səyləri, çox güman ki, agent qadın Vanda ilə evlənməsi asanlıqla unudulan məsələlər deyil.
Bu gün yenə də Rəsulzadənin can verərkən üç dəfə “Azərbaycan” dediyini yazacaqsınız. Mən buna inanmıram və bu versiyanı sadəcə türk millətçilərinin romantik yozumu, uydurması sayıram. Rəsulzadə canını tapşırarkən çox güman ki, həyatda olan yeganə övladı Azərin adını çəkib, onu çağırıb. Buna səbəb qoyub getdiyi ailəsini ölənə qədər unutmaması, buna görə əzab çəkməsidir. Bununla o həm də bir daha sübut edib ki, nə olursa-olsun, insana ailəsindən, övladlarından əziz heç nə ola bilməz. İnsanın Vətən sevgisi də ailə sevgisindən qaynaqlanır. Rəsulzadə də Vətəni Azərbaycanı sevdiyi üçün oğullarından birinə Azər adını verib və son nəfəsində onu çağırıb. Vətənə sevgini ifadə etmək üçün ölərkən onun adını verdiyin övladını çağırmaq da yetərlidir. Elə pafossuz, bəzəksiz-düzəksiz, səmimi insanlıq halı da budur…

Nadir QOCABƏYLİ

Həmçinin oxuyun

Büdcəmiz 10 milyard olanda da elmə 100 milyon, indi 27 milyarddır, yenə 100 milyon ayrılır

38 yaşım var. Əvvəllər heç vaxt böyük var dövlətimin olmasını arzulamamışam belə, nəinki onunçün çalışmaq. …