Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Köşə Yazarları / Xədicə İsmayılın işində şok ifadələr

Xədicə İsmayılın işində şok ifadələr

AzadlıqRadiosunun əməkdaşı, hazırda həbsdə olan jurnalist Xədicə İsmayılın məhkəməsi davam edir. Bugünlərdə məhkəmənin yekunlaşacağı, hökm çıxarılacağı gözlənilir. Amma prosesi izləyən jurnalistlər və geniş ictimaiyyət saxtalaşdırılmış, şantajla alındığı iddia olunan istintaq ifadələrinin işin gedişinə ciddi təsir göstərdiyinin fərqindədir.

Şikayət ərizəsi ilə X.İsmayılın həbsinə səbəb olan jurnalist Tural Mustafayev də bugünlərdə “Yeni Müsavat”a verdiyi geniş müsahibəsində bildirmişdi ki, X.İsmayıl əleyhinə istintaqa ifadə verənlərin əksəriyyəti şantajla üzləşdikləri üçün belə addım atıblar.

Belə ki, onların bəziləri ilə bağlı istintaqın əlində şantaj xarakterli özəl videogörüntülər olduğunu deyən T.Mustafayev məhkəmədəki ifadəsində də gözləniləni etdi və istintaqa verdiyi ifadəsini inkar etdi.

“Yeni Müsavat” isə X.İsmayılın cinayət işi üzrə istintaq sənədlərini əldə edib və oradakı şahid, zərərçəkən və təqsirləndirilən şəxslərin ifadələri ilə tanış olub. Bu sayımızdan etibarən sizi həmin ifadələrlə tanış edərək, tanınmış jurnalistin işində, “pərdə arxasında” baş verənləri nəzərinizə çatdıracağıq. Bu iş üzrə kim hansı ifadəni verib, nələri deməyə məcbur olub və son nəticədə… işin gedişinə necə təsir göstərib?

Tural Mustafayevin istintaqa etirafı: “AzadlıqRadiosundan könüllü olaraq çıxmışam”
Yayımlayacağımız ilk ifadə zərər çəkmiş şəxs qismində dindirilmiş Mustafayev Tural Bulut oğluna aiddir. T.Mustafayev ifadəsində göstərib ki, Təfəkkür Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirib, 2004-cü ildə Rəsulova Şəfa Şahin qızı ilə ailə qurub, birgə nikahdan 2 uşaqları var. 2011-ci ildə ANS televiziyasında vakansiya elan olunduğunu eşidib, sənədlərini təqdim edib müsabiqədən keçərək, Şirvan bölgəsi üzrə bölgə müxbiri vəzifəsinə təyin olunub. 2012-ci ilin sentyabr ayının 1-də həmin vəzifədən çıxarıldıqdan sonra Şəki şəhərində yerləşən “Kanal S” MMC-də, “Şəki televiziyası” kimi tanınan televiziyada, yenə də Şirvan bölgəsinin müxbiri vəzifəsində işləyib. 2013-cü ilin fevral ayından noyabr ayına qədər AzadlıqRadiosu ilə əməkdaşlıq edib, radionun Şirvan bölgəsi üzrə bölgə müxbiri vəzifəsində çalışıb, işi ilə əlaqədar tez-tez radionun Bakı ofisinə gəlib gedib və gəlib-getdiyi zaman radionun əməkdaşı Xədicə İsmayılla tanış olub. T.Mustafayev ifadəsində deyib ki, X.İsmayıla ən yaxın tanışlığı 2013-cü ilin oktyabr ayının 5-də baş verib. Həmin gün Sabirabad rayonundan çəkilişdən qayıdıb Xədicə İsmayılla görüşüb söhbət etdikdən sonra sonuncu ilə birlikdə yemək yeyərək hər ikisi spirtli içki qəbul ediblər. Sonrakı müddətlərdə facebookda Xədicə İsmayılla yazışıb və bir neçə dəfə yemək yeyiblər, aralarında münasibət olub. (“Yeni Müsavat” zərərçəkənin ifadəsində yer alan özəl və intim xarakterli detalları işıqlandırmağı qeyri-etik, özəl həyata müdaxilə hesab etdiyi üçün onlar yazıda yer almayıb. Bu prinsip növbəti şahid ifadələri üçün də keçərli olacaq -S.T) T.Mustafayev ifadəsində onu da deyib ki, X.İsmayılla birlikdə olduğu vaxt facebookda qrup yoldaşı qızla mesajlaşdığı zaman Xədicənin bundan məlumatı olub və buna qısqanclıqla yanaşaraq aralarında mübahisə yaranıb. Xanım qrup yoldaşı ilə yazışmasının Xədicə İsmayıla pis təsir etdiyini hiss edib, yaranmış mübahisəyə görə aralarındakı münasibətlər korlanıb və Xədicənin evini tərk edərək Göyçaya qayıdıb.

İfadənin ən ilginc məqamı: T.Mustafayev bildirib ki, X.İsmayılın “AzadlıqRadiosunda yüksək nüfuza malik olduğunu bildiyindən, onunla münasibətləri pisləşdiyi üçün və onsuz da Xədicənin onu işdən çıxartdıracağına əmin olduğundan kiminsə onu işdən çıxarmasını istəmədiyindən qabaqlayıcı tədbir olaraq özü öz ərizəsi ilə, öz xahişi ilə işdən çıxmasını xahiş edib.

Həyat yoldaşı və uşaqlarını Bakıya gətirib, sonra…. başqa bir qadına evlilik təklifi edib
“Zərərçəkən” daha sonra bildirib ki, 2013-cü ilin noyabr ayında Bakı şəhərinə qayıdaraq yeni iş yeri axtarmaq qərarına gəlib, lakin iş tapa bilmədiyindən və maliyyə çətinlikləri ilə üzləşdiyindən məcburiyyət qarşısında qalıb yenidən X.İsmayılla münasibətləri yaxşılaşdırmağa can ataraq onunla əlaqə yaradıb. Həmin günlərdə “Meydan TV”də vakansiya yerinin elan olunduğunu öyrənib oraya JV və çəkdiyi videolardan göndərib, bu barədə Xədicə İsmayıla da məlumat verib. Dekabr ayının 31-də ikinci dəfə televiziyanın rəhbəri Emin Milli ilə əlaqə saxlayanda sonuncu ona artıq “Meydan” televiziyasının əməkdaşı olduğunu, hər ay 800 ABŞ dolları əmək haqqı olmaq şərti ilə yanvar ayının 1-dən mart ayının 31-nə qədər müqavilə bağlanacağını bildirib. T.Mustafayev həmin TV-də işlədiyi müddətdə ailəsində olan soyuqluğu hiss etdiyindən həyat yoldaşı ilə uşaqlarını da Bakı şəhərinə gətirərək kirayə ev tutub. 2014-cü ilin mart ayının 8-də Xədicə İsmayılın öz dostları ilə “Qadınlar günü” bayramını qeyd etdiyi Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Status” kafesinə gedib, orada Rövşanə Rəhimova ilə tanış olub.

T.Mustafayev ifadəsinin bu yerində qeyd edib ki, R.Rəhimova ilə tanışlıqdan sonra X.İsmayılın cəhdi nəticəsində işsiz qalıb, maddi imkansızlığı, X.İsmayılovanın digər şəxslər arasında onun şərəf və ləyaqətinə toxunması, harada gəldi arxasınca danışması kimi hallarla qarşılaşıb. Xədicə ilə 9 mart 2014-cü ildən münasibətləri kəsilib, 11 mart 2014-cü ildə Rövşanə ilə “28 May” metrosunun yaxınlığında kafedə görüşüb söhbət edərək detalları ilə ona hər şeyi izah edərək ona evlənməyi təklif edib, həmin vaxtdan sonra aldığı əmək haqqının gecikdiyini hiss edib, əmək haqqının yalnız bir hissəsi verilib.

“Zərərçəkən”in bildirdiyinə görə, “Meydan TV”nin rəhbəri Emin Millidən pul istədikcə ona qarşı olan münasibətin soyumağa başladığını hiss edib. Çünki 9 martda Emin Milli ilə Xədicə İsmayılın facebookda ingilis dilində yazışmalarını görüb, yazının ingilis dilində olması onu daha çox şübhələndirib, onun başa düşməyəcəyini başa düşüb onlar ingilis dilində danışıblar. Bundan sonra E.Millinin onunla münasibətləri soyuyub. O, əmək haqqını istəyəndə vermək istəməyib, uzun müddətdən sonra çox çətinliklə E.Millini Azərbaycan Respublikası məhkəməsi ilə qorxudandan sonra o, iki gün müddətində pulu verəcəyini bildirib, pulu ləngitməklə ona maddi sıxıntı yaşatdıqlarını anlayıb. T.Mustafayev sonuncu iş yerindən, yəni “Meydan TV”dən 01 aprel 2014-cü il tarixdə azad olunub, onunla olan müqavilə qəsdən uzadılmayıb. Onun bildirdiyinə görə, halbuki oradan işdən çıxandan sonra digər iki işçi işə götürülüb, onun müqaviləsi isə uzadılmayıb.
T.Mustafayev iddia edib ki, E.Milli ilə X.İsmayılın yaxın münasibətləri, yaxın dostluqları olduğu üçün Xədicə bu barədə Emin Millidən xahiş edib. Bundan başqa, həmin ərəfələr Xədicə İsmayılın sifarişi nəticəsində Tiflisdə keçirilən seminarlarda iştirak etməkdən də məhrum olub. Bu barədə onda olan məlumatları və yazışmanı Rövşanəyə göstərib. Gənc ifadəsində göstərib ki, X.İsmayıl Aynur İmranova vasitəsilə R.Rəhimovanı ələ alaraq ondan uzaqlaşdırıb, düşdüyü çıxılmaz vəziyyətin üstündən belə bir sarsıdıcı zərbə də aldığından 30 aprel 2014-cü il tarixdə intihar etmək qərarına gəlib. T.Mustafayev intiharını aşağıdakı faktorlarla əsaslandırıb: bu günə qədər olan təsirlər, X.İsmayılın sayəsində həm iş tapa bilməməsi, təlimlərdən kənarda qalması, həm də X.İsmayılın səyi nəticəsində Rövşanə ilə aralarında söz-söhbət yaranması….

Komediyanı xatırladan intihar hekayələri – qırılan ilgək və ayranla qarışdırılmış siçan dərmanı…

T.Mustafayev 01 may 2014-cü ildə “28 May” metrosunun yaxınlığında yaşadığı evdə borulardan camaşırları bağlayıb ilgək düzəldib ilgəyin qarşısında selfi şəkil çəkib “dünyanın ən gözəl selfisi” başlığı ilə facebooka profil şəkli qoyub və özünü asıb. Ancaq istəyi alınmayıb, çünki camaşır ilgəkdən açılıb, yerə düşüb. Facebookda şəkli görən və evi tanıyan adamlar, o cümlədən Cavid Abdullayev (“Meydan TV”nin əməkdaşı, eyni zamanda T.Mustafayevlə bir müddət eyni evdə yaşayıblar) gəlib özünü yetirib, Rövşanə də evləri yaxın olduğuna görə evə gəlib. Ona görə də 2-ci dəfə bunu təkrar edə bilməyib. İfadədə göstərilib ki, T.Mustafayev özünü öldürərkən şəkil çəkib facebooka qoymağının səbəbi kimi Xədicə İsmayılın təzyiqlərinə dözə bilməməsini göstərib. Deyib ki, bu, ona bir çağırış olub və bunu edərkən sağ qalacağını bilməyib. Evə Rövşanənin anası gələrək ona təsəlli verib. T.Mustafayev bundan sonra yenidən AzadlıqRadiosuna bölgə müxbiri kimi qayıtmaq istəsə də, müxtəlif bəhanələrlə onun işinin düzəlməsinə razılıq verilməyib. Gəncin iddiasına görə, eyni zamanda başqa yerlərə müraciət etsə də, onu heç bir yerə işə qəbul etməyiblər, münasibətinin X.İsmayılla pis olması digər şəxslərin də onu işə götürməsinə təsir edib. X.İsmayılın ona qarşı göstərdiyi təsirlər, onun ucbatından iş tapa bilməməsi, maddi imkanının ağır olması ona çox pis təsir edib.
T.Mustafayev ifadəsində deyib ki, 16 oktyabr 2014-cü il tarixdə Xədicə İsmayıla zəng edərək, baş verənləri müzakirə edib.

Onunla görüşüb bunlara son qoymaq, artıq vəziyyətinin getdikcə kritikləşdiyini, ata-anasının da ondan üz döndərməsini, iş yerinin olmamasını, maddi problemlərin yaşanmasını, nişanlısı ilə münasibətlərin pis səmtə yönəlməsi və bunların getdikcə şiddətlənməsini müzakirə etmək, ona qarşı təsirlərindən əl çəkməyi ondan istəsə də, X.İsmayıl bundan imtina edib. Gəncin ifadəsinə görə, vəziyyət artıq o səviyyəyə gəlib çatıb ki, 20 oktyabr 2014-cü ildə siçan dərmanı içərək özünü öldürmək qərarına gəlib, həmin gün “28 May” metro stansiyasının yaxınlığındakı bazardan aldığı siçan zəhəri ilə özünü zəhərləyib öldürmək istəyib. Aldığı siçan dərmanını ayranla qarışdırıb “Park bulvar”ın ərazisində içib və içəndən sonra zəhərlənmə baş verib, orada huşsuz vəziyyətdə onu bulvarın işçiləri tapıb, yanında heç kim olmayıb. Oradan onu toksikologiya şöbəsinə aparıblar. Huşu özünə gələndə xəstəxanada olduğunu görüb. Dediyinə görə, dərmanı “28 May” metro stansiyası üstündəki bazardan, evindəki siçanları zəhərləmək adı ilə alıb, özünü öldürməyi ilə bağlı heç kimə heç nə deməyib. Öldükdən sonra onsuz da araşdırmalar nəticəsində intihar etməyinə, yəni bu vəziyyətə gəlib çıxmasına səbəbin Xədicə İsmayıl olduğunun məlum olacağını düşünüb, özünü öldürmək barədə ümumiyyətlə heç kimlə, o cümlədən nişanlısı ilə də söhbət etməyib. Bildirib ki, qaldığı xalasıgilin evində belə bir hadisə olmasını istəməməsi səbəbindən həmin dərmanı evdə deyil, haradasa şəhərdə qəbul etməyi düşünüb.

“Siçan dərmanı” hekayəsinin detallarını isə T.Mustafayev belə izah edib: 20 oktyabr 2014- cü il tarixdə saat 12 radələrində Nizami küçəsində yerləşən marketdən ayran alıb, cibindəki siçan dərmanını həmin ayrana qatıb içə-içə Milli Park istiqamətində gedib. Bulvara gəlib çatanda özünü pis hiss etdiyi üçün oradakı oturacaqda əyləşib. Sonra nə baş verdiyini xatırlamır, özünə gələndə Klinik Mərkəzdə, toksikologiya şöbəsində həkimlərin mədəsini yuduqlarını görüb. Palataya köçürülüb, sistem qoşduqda və özünə gələndə artıq dostu Samirə Ağayeva yanında olub. T.Mustafayev S.Ağayevanı təxminən 2014-cü ilin may ayından bir jurnalist kimi məhkəmələrə gedəndə görüb tanıdığını, həmin vaxtdan da onunla münasibət saxladığını bildirib.

Daha sonra Tural Mustafayev ifadəsini davam etdirərək göstərib ki, AzadlıqRadiosunun Bakı bürosunda bölgə müxbiri kimi işə qəbul olunanda, yəni 2013-cü ilin fevral ayında Xədicə İsmayılova büro rəhbəri işləməsə də onun radioda yüksək nüfuza sahib olmasını bilib. X.İsmayıl istər AzadlıqRadiosuna, istərsə də digər radio və saytlara təsir imkanlarından istifadə edərək onu özündən həmişə xidməti cəhətdən asılı vəziyyətə salıb və bu asılılığından da istifadə edərək dəfələrlə onun barəsində yalan məlumatlar yaymaqla şərəf və ləyaqətini alçaldıb. T.Mustafayevin istintaqdakı iddiasına görə, X.İsmayıl bütün mümkün variantlarda ona təsirlərini hələ 2014-.cü ilin mart ayından daha da gücləndirib, onun R.Rəhimova ilə münasibətlərinin yaxınlaşmasından sonra isə özündən tam asılı vəziyyətə salmaq üçün bütün imkanlarından istifadə edib, Xədicənin təsiri ilə onu 31 mart 2014-cü il tarixdə işlədiyi “Meydan TV”dən qərəzli olaraq çıxardıblar, eləcə də X.İsmayıl onu Rövşanənin, ailəsinin gözündə alçaltmaq üçün şərəf və ləyaqətini dəfələrlə alçaldıb. Bu səbəbdən də artıq həyatdan bezib o həddə çatıb ki, özünü öldürmək qərarına gəlib.

Redaksiyadan: “Yeni Müsavat” növbəti saylarında istintaqa ifadə verən digər şəxslərin ifadələrini də yayımlayacaq. Məqsədimiz məhkəmə hökmünə təsir edən, saxta, şantajla alındığı iddia olunan ifadələrin nələrdən ibarət olduğunu oxucuların nəzərinə çatdırmaqdan ibarətdir.

Sevinc TELMANQIZI

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın