Xəbər buraxılışlarının və analitik-informasiya verilişlərinin dilində yol verilən norma pozulması halları daha çox fonetik səviyyədə özünü göstərir. Bu da həmin verilişlərdə mətnin əvvəlcədən hazırlanması, redaktor və aparıcı tərəfindən yoxlanılması, improvizasiyadan uzaq olması ilə izah edilə bilər.
Redaktə edilmiş mətndə leksik-qrammatik və üslubi nöqsanları təshih etmək mümkün olduğu halda, fonetik qüsurlar – diksiya, artikulyasiya, intonasiya və avazlanma ilə bağlı ortaya çıxan norma pozuntuları bilavasitə nitq prosesində yaranır. Bu, daha çox aparıcının, yaxud müxbirin professional keyfiyyətlərindən asılıdır.