Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Vüsalə Mahirqızı: “APA Holdinqə qarşı bütün iddialar zamanın təkəri altında qalıb”

Vüsalə Mahirqızı: “APA Holdinqə qarşı bütün iddialar zamanın təkəri altında qalıb”

“Mənim Azərbaycanda çəkişmədiyim mətbuat xidməti rəhbəri qalmayıb”; “Artıq APA Holdinq elə mərhələdədir ki, bu iddialar zamanın təkəri altında qalıb”

APA Holdinq 12 yaşını da geridə qoydu. Bugünlərdə yaranmasından keçən 12 ili geniş kollektivi ilə qutlayan qurumun rəhbəri Vüsalə Mahirqızı “Yeni Müsavat”ın qonağı oldu. Onunla APA yolunun başlanğıcını, gəldikləri nöqtəni, yollarına çıxan əngəlləri, azacıq da şəxsi həyatının incəliklərini danışdıq.

Komplekssiz, rahat, ad günü əhvalından uzaq olan, bəzi sərt suallara da verdiyi tolerant cavablarla diqqət çəkdi V.Mahirqızı. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, qəzetimizin baş redaktor müavini Azər Ayxan, baş direktorumuz Ələsgər Süleymanov və əməkdaşımız Sevinc Telmanqızının iştirakı ilə baş tutan söhbətdə media sektorunda ciddi müzakirə yaradacaq xeyli məqam var.

– Vüsalə xanım, 12 yaşınızı təbrik edirik. Uğurlar arzulayır və bu vəsilə ilə istəyirik ki, sizinlə ölkəmizin, mediamızın durumunu müzakirə edək… Öncə qısa da olsa APA hekayəsini anlatmanızı istəyərdik. Tarixə baxanda görürük ki, siz bu agentliyi 7 nəfərlə birgə yaratmısız. İndi o 7 nəfər hardadır? 

– O 7 nəfərdən biri hazırda başqa bir saytın rəhbəridir – Elbrus Ərud. Biri dövlət orqanlarında çalışır. Amma qalanları, mən də daxil olmaqla, APA-dayıq. Mən, Nurşən Quliyev, Vüqar Hüseynov, İxtiyar Əsgərov, Gülşən Hacıyeva… Hər biri APA-da rəhbər vəzifələrdədir. Agentlik yaradılandan bir neçə gün sonra bizə qoşulan əməkdaşlarımız var ki, onlar da hələ də APA-dadır. Biz o 7 nəfərlə, Şəmsi Bədəlbəyli küçəsində, ikiotaqlı bir ofisdə başlamışdıq fəaliyyətimizə. İndi 200 nəfərlik böyük bir media şirkətimiz var.

R.Arifoğlu:

– Azərbaycanın media resursu olaraq APA Holdinqin hədəfləri, yayım auditoriyası, strukturları… APA Azərbaycan üçün nədir?

– Bu mövzuda danışmağım bəlkə təvazökarlıqdan uzaq olacaq. Amma  APA Azərbaycan mediası üçün önəmli mərhələdir. İnternet mediası üçün yeni mərhələdir. Rauf bəy, bunu da sizə istinadən deyirəm – APA-nın 5 illiyində siz demişdiz ki, APA Azərbaycan mediasında yeni mərhələnin başlanğıcıdır. APA ölkədə ən çox istinad olunan media qurumlarından biridir. Nəinki Azərbaycanın, ümumən Cənubi Qafqazın ən böyük media resurslarından biridir. APA ölkənin əsas xəbər yükünü daşıyan, eyni zamanda sosial şəbəkədə də ciddi ağırlığı olan media qurumudur. Xaricdə yayım imkanları var…

R.Arifoğlu:

– Xaricdə neçə büronuz var? 

– Rusiya, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Fransa… Amerika bürosu hazırda işləmir.

R.Arifoğlu: 

– Niyə? 

“Hətta xəbər bizə məcməyidə gəlsə belə, demək ki, biz o haqqı qazanmışıq”

– Biz hazırda Amerika bürosunda işləyəcək əməkdaş axtarırıq. Burda təkcə bizim arzularımız rol oynamır. Həm də Amerika tərəfinin arzuları nəzərə alınmalıdır.  Sənədlər doğru olmalıdır, akkreditasiyası  üçün müxbirin ingilis dili yetərli olmalıdır. Təhlükəsizlik orqanlarının yoxlamasından keçməlidir. İstənilən ölkədə xarici müxbir postları varsa, bu, həm bizim, həm də həmin ölkənin yoxlamasından keçəndən sonra rəsmi akkreditasiya alır. Sadaladığım ölkələrdə bizim müxbirlərimiz Xarici İşlər Nazirliyində və Prezident Administrasiyasında rəsmi akkreditasiyada olan, basın kartı daşıyan jurnalistlərdir. Başqa ölkələrdə stringerlərlə işləyirik. Ukraynada biz başqa agentliyin stringeri ilə işləyirik. Onlar bizim əməkdaş kimi məsuliyyət daşımırlar. Amma Rusiya büromuz Rusiya Xarici İşlər Nazirliyində rəsmi akkreditasiya almış, ofisi olan bir bürodur. Biz o ölkələri seçmişik ki, onlar  Azərbaycan və region üçün maraqlıdır.  O ölkələrdən bizim yazdığımız xəbərlər Azərbaycan və region ölkələri üçün maraqlı ola bilər. Dünyanın digər qaynar nöqtələrinə isə bəzən lent.az-ın, APA-nın əməkdaşlarını mütəmadi olaraq ezam edirik. Xüsusən də beynəlxalq təşkilatların xaricdəki tədbirlərinə.

 

R.Arifoğlu: 

– Struktura aid bir sual da verim. APA TV heç cür TV yayım məkanına çıxmadı, internet TV olaraq qaldı. Sizmi belə istədiz, imkanlarmı belə gətirdi? Çünki ofisinizə gələn görür ki, bu, internet TV kateqoriyasına sığmayan, böyük bir TV-dir, normal yayıma da çıxa bilər.

Bəs problem nədir? 

– Şərait belə gətirdi ki, bizim rəsmi qurumlara bununla bağlı müraciətimiz olmadı. Maddi-texniki bazamız buna imkan verir. Amma yayım üçün başqa imkanlara da ehtiyac var. Daha geniş maddi-texniki bazaya. Ötürücü vasitələr, rabitə vasitələri daha çox vəsait tələb edir. Biz başqa qurumlardan bunu kirayə etmək istəmirik – çünki bu, yaxşı olmaz. Amma son zamanlar bununla uğraşmırıq. İnternetdə  – facebook və youtube-də canlı yayım imkanlarının olması bizdə internetdə yayımın daha önəmli olması ilə bağlı fikir yaradıb. Son zamanlar reklamçılar da sürətlə bu səmtlərə yönəlir…

R.Arifoğlu:

– APA Holdinq para qazanırmı? 

– Əlbəttə…

R.Arifoğlu: 

– Sizin uğurlarla bağlı belə iddialar var ki, kimə o qədər pul verilsəydi, belə şirkət qurardı… 

– Artıq APA Holdinq elə mərhələdədir ki, bu iddialar zamanın təkəri altında qalıb. Hesab edirəm ki, indi o iddianı səsləndirənlərin özlərinə də bəllidir ki, bu iddia yanlışdır. Burda para ilə yanaşı, mediaya baxış, iş sisteminin qurulması və sair kimi məqamların rolu var.

S.Telmanqızı: 

“Tam olaraq tənqidə dözümlü olduğumu deyə bilməyəcəm”  

– Siz  12 il öncə APA-nı yaradanda media sektorunda agentlik yaratmaq ənənəsi yox idi. Üstəgəl, sektorda da çox ciddi rəqibləriniz var idi. Amma sizdən sonra da mediada agentlik yaradan olmayıb – sayt yaradıblar, qəzet yaradıblar, amma agentlik yoxdur. Necə hesab edirsiz, uğur qazanmanızdakı əsas faktor həm də rəqiblərinizin azlığı oldu? 

– Deməzdim ki, rəqiblərinizin azlığı rol oynadı. Çünki həmin dövrdə bizim rəqiblərimiz az idi, amma güclü idilər. Mən hesab edirəm ki, bizim tamamən başqa bir xətlə fəaliyyətə başlamağımızın rolu oldu. Bizə qədər klassik informasiya agentlikləri var idi. Onların ancaq siyasi mövzuları, xəbərləri, iqtisadi təhlilləri olurdu. Onlar da media və ictimaiyyət üçün açıq deyildilər. Reallıq da ondan ibarət idi ki, bizə qədər olan informasiya agentliklərinin Azərbaycan dilindəki  fəaliyyəti qənaətbəxş deyildi.

Onlar daha çox xarici dildə fəaliyyət göstərirdi. Biz birdən-birə ölkənin bütün sahələrindən xəbərlər verməyə başladıq. Hətta biz ilk dəfə müsahibələr verəndə rəqiblərimiz deyirdilər ki, agentlik müsahibə yayar? Fotoservislə məşğul olduq sonra. Videogörüntülü xəbərləri ilk dəfə yaymağa başladıq. Biz öz yolumuzun olması ilə daha çox diqqət çəkdik. Biz heç kimi təqlid etmədik. APA-nın 1 yaşında bizi təbrik edənlərdən biri də Sabir Rüstəmxanlı idi. O yazmışdı ki, APA Azərbaycan xəbər agentlikləri sektoruna Azərbaycan dilində normal, səlis xəbər yazmağı gətirdi. Bizim hamımızın kökü qəzetdən gəlirdi. Qəzetlər üçün çox rahat olan materiallar yazırdıq və qəzetlər də onu tirajlayırdılar. Yaranandan cəmi 5-6 ay içində istinadda rəqibi olmayan sayta çevrildik.

S.Telmanqızı:

– Və bir müddət sonra da dövlət qurumları, mətbuat xidmətləri informasiyalarını ancaq sizə göndərməyə, məmurlar açıqlamalarını ancaq sizə verməyə başladı. Yəni daha öncə digər agentliklərə də göndərilən xəbərin yönü sizə doğru istiqamətləndi. Rəqibləriniz müsahibələrində bu durumu fərqli yozumlarla qiymətləndirirlər. Əslində mənzərə niyə belədir? 

– Bizim redaktorumuz Nurşən Quliyevin də bugünlərdə verdiyi müsahibədə bununla bağlı belə fikir var idi ki, bəzi yerlərdə elə təəssürat var ki, bizə xəbəri məcməyidə gətirirlər. Belə bir şey yoxdur. Biz də xəbərin alınması üçün mübarizə aparırıq. Mənim Azərbaycanda çəkişmədiyim mətbuat xidməti rəhbəri olmayıb.

S.Telmanqızı: 

– Nəyin üstündə? 

“Baxın, qadın idi, yarıtmadı” fikrini doya-doya gözə soxmaq istəyirlər”

V.Mahirqızı:

– Xəbər üstündə. Niyə xəbər birinci bizə gəlməyib? Niyə sorğumuzun nəticəsi  başqa yerlərə də  göndərilib… Bu, bir. İkincisi, o iddiaları mən də eşidirəm ki, “bəzi səbəblərdən rəsmi xəbərləri ancaq APA-ya göndərirlər”. Hətta belə olsa da, APA o haqqı qazanıb. Hətta xəbər bizə məcməyidə gəlsə belə, demək ki, biz o haqqı qazanmışıq, onun haqqını veririk. Bizə gəlməsini təmin edən səbəbləri təmin etmişik.

R.Arifoğlu: 

– Agentlik sektorunda əsas rəqibiniz kimdir? 

V.Mahirqızı:

– Hazırda agentlik kimi nəzərə alırıqsa, ölkədə AzərTAc, “Trend” agentlikləri fərqlənir. Mən rəqiblərimizdən çox razıyam. Onlar çox ləyaqətli rəqiblərdir. Mən onlarla rəqib olmaqla yanaşı, həm də dostam.

R.Arifoğlu:

– Vüsalə xanım, tənqidə dözümlüsüzmü? 

– (Gülür) Baxır hara qədər. Tam olaraq tənqidə dözümlü olduğumu deyə bilməyəcəm.

R.Arifoğlu:

– Tutaq ki, mediada barənizdə bir tənqid gedir. Başqaları həmin anda sizi görmürlər. Amma içəridə, tək olanda həmin tənqid obyektinə reaksiyanız necə olur? 

– Mənim barəmdə tez-tez sosial şəbəkədə də tənqidlər yazılır. Hətta yüngül yox, ağır tənqidlər, barəmdə ittihamlar da olur. Əgər bu, sosial şəbəkədədirsə və düşünürəmsə ki, əsəblərimi bununla yükləməyə gərək yoxdur, sadəcə olaraq, blok edirəm. Amma media qurumlarındadırsa, buna reaksiya verməliyəmsə, heç bir vasitəçiyə ehtiyac duymadan həmin media orqanının rəhbərinə və ya jurnalistə zəng edib deyərəm ki, sizin yazdığınız doğru deyil, əslində məsələ belə yox, elədir.

S.Telmanqızı: 

– Daha çox sizi nədə ittiham edir, nə ilə qıcıqlandırmağa çalışırlar? 

– Vallah, son zamanlar mediada çox tənqid olunduğumu deyə bilmərəm. Bir dəfə  bir nəfər manşet etmişdi ki, guya nəqliyyat sahəsində biznesim var. Həmin adam indi haqq dünyasındadır, adını deməyəcəm. Ona zəng edib dedim ki, elə bir biznesim yoxdur, amma tapa bilsəz, gəlin bölək (gülür). O da dedi ki, bizə məlumat gəlib, yazmışıq… Üstündən bir neçə ay keçmiş o adam yanıma bir xahişlə bağlı gəldi. Onu da həll etdik, getdi.

R.Arifoğlu: 

– Sizi tənqid etməsəydi, ona yardım edərdinizmi? 

– Təbii edərdim. Mənim yazıya görə düşmən olduğum adam yoxdur.

R.Arifoğlu: 

– Cəmiyyətimiz üzdə olan qadınlara qarşı çox amansızdır. Bunu mən rezüme olaraq deyirəm. Kişiləri də tənqid edirlər. Amma qadınları hədəfə gətirdikləri qədər gətirmirlər. Bu, mənim müşahidələrimdir. Siz o amansızlığı yaşamısızmı, yoxsa sizdən yanmı keçib?

– Elə məsələlər var ki, qadın ya da kişi olmasından asılı olmayaraq, hesab eləməlisən ki, bu statusun, imicin sahibi belə danışmamalıdır… Yaxud da belə geyinməməlidir. Azərbaycan cəmiyyətinin şərtləri var. Biz o şərtlərə əməl etməliyik. Hesab edirəm ki, o şərtlərə əməl edəndə insanlar cəmiyyətin hədəfinə çox da gəlmirlər. Amma o fikrinizlə razıyam ki, eyni hərəkəti həm kişi, həm qadın etsə, qadına qarşı daha amansız olurlar.

R.Arifoğlu: 

– Sanki qadın daha zəif və qorumasızdır. Fiziki reaksiya verə bilməz deyə üstünə daha çox gəlirlər… 

– Həm də başqa bir şey var. “Baxın, qadın idi, yarıtmadı” fikrini doya-doya gözə soxmaq istəyirlər. Amma deyim ki, öz fəaliyyətim dövründə xüsusən qadın olduğuma görə amansız hücuma məruz qaldığımı deyə bilmərəm.

S.Telmanqızı: 

– Bayaq dediniz ki, “bu statusun, imicin sahibi belə danışmamalıdır, belə geyinməməlidir”. Mən bu sualı sizin timsalınızda verim: APA Holdinqin rəhbəri nəyi etməməlidir, olduğu yerdə qala bilmək üçün necə davranmalıdır? 

V.Mahirqızı: 

– Xüsusi qurbanlar verdiyimi düşünmürəm. Çünki bunu mən istəmişəm, mən seçmişəm. Mən istəmişəm ki, cəmiyyətin tanınan xanımlarından olum, ictimai sferada olum. O vəzifədə olan bir kişi nəyi etmirsə, mən də onu etmirəm. Məsələn, açıqlama verərkən, facebookda bir status yazanda nəzərə alıram ki, bunun ən müxtəlif yozumları ola bilər. Mən bir reportyor və ya sərbəst müəllimə kimi hansısa statusu yaza bilmərəm. İstənilən statusa siyasi baxışlar olacaq. Ona görə də yazmazdan qabaq hər şeyi götür-qoy edirəm.

 

R.Arifoğlu: 

– Bəzən də çox iynəli, sərt və ünvanlı statuslarınız olur. 

– Olur. Onu da elə yazıram ki, kiminsə yeddi qatından keçsin, amma bundan da qalmaqal çıxara bilməsinlər. Çalışıram ki, ifadələrimi seçəndə də onun sonradan qalmaqala çevrilməməsinə diqqət edim.

“Rəqiblərimizdən çox razıyam. Onlar çox ləyaqətli rəqiblərdir”

R.Arifoğlu: 

– Kənardan müşahidə olunan odur ki, özünüz də bir qadın-kişi ayrı-seçkiliyi edirsiz. Müavinləriniz kişilərdir, daha çox kişilərlə çalışırsız…

– Yox, deməzdim. Gülşən, Məhbubə, Kəmalə xanımlar baş redaktor müavinləridir, rəhbərlikdə təmsil olunurlar. Eyni zamanda tanınmış qadın jurnalistlər, baş mühasib, kadrlar şöbəsinin müdiri qadınlardır. Mən işçi seçimində cinsi ayrı-seçkiliklə razı deyiləm. Mənimçün həmin şəxsin hansı cinsə mənsub olması deyil, işçi kimi keyfiyyəti əsasdır. Amma şəxsi münasibətləri soruşursuzsa, mənim dostluğum daha çox kişilərlə tutur. Reallıq budur. Ətrafımda qadın azdır.

 

S.Telmanqızı: 

– Qadınlar bir-birinin uğurunu asanlıqla həzm etmir deyə belə bir seçim edirsiz? 

– Xeyr, frekanslarımızın tutduğu xanımlar azdır. Məsələn, Qənirə Paşayeva ilə münasibətlərimiz çox gözəldir. Bizim gəlinimiz həm də dövlət qurumlarından birində işləyir. Onunla hər mövzuda danışa bilirik.

R.Arifoğlu: 

– Qızınız Sara ilə münasibətləriniz necədir? Nəsillər konflikti yaşayırsızmı? 

– Var, yaşayırıq.

R.Arifoğlu: 

– Müsahibələrinizin birində demisiz ki, içimdəki ən böyük həsrət Amerikanın Kolumbiya Universitetində oxumamağım olub. Sizin çatmadığınız o arzuya qızınızın çatmasını istərdizmi? Arzulayardızmı ki, qızınız sizdən ayrılsın və getsin Kolumbiya Universitetində, ya da uzaq bir ölkədə oxusun?

V.Mahirqızı:

– Sara artıq 5-ci sinifdədir, “High school”da oxuyur. Biz məktəbin tələbi ilə ona planşet alıb vermişik. Bu yaxınlarda mənim müsahibələrimdən birini oxuyub. Müəllim ona bir inşa tapşırıb ki, siz harda oxumaq istərsiz? Orda yazıb ki, “mənim anamın iki ən böyük arzusu olub. Onlardan biri piano çalmaq, digəri Kolumbiya Universitetində oxumaq olub. Mən artıq pianoya başlamışam. İstəyirəm ki, anamın arzuladığı Kolumbiya Universitetində oxuyum”.

R.Arifoğlu: 

– Kolumbiya Universitetinin məzunu Vüsalə Mahirqızı Azərbaycanda qalacaqdımı? 

(davamı növbəti sayımızda)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın