Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Köşə Yazarları / Uşaq götürmək də asanlaşır

Uşaq götürmək də asanlaşır

“Yaxşı dost yaman gündə tanınar”

(ata sözü)

Zamin HACI

Deyir bir zati-ali məmurumuz – nazir, komitə sədri, xidmət rəisi vəzifələrinin bu cür ümumiləşdirilməsinin tərəfdarıyam – sosial şəbəkə üzərindən canlı yayıma çıxıb şikayətçiləri qəbul edirmiş. Əhsən. Əsl dövlət siyasəti, vətəndaşla əlaqələrin sıxlaşdırılması bu cür olmalıdır. Şəffaflıq, aşkarlıq, yenidənqurma bizə çox lazımdır (təbii, axırı 20 yanvarla bitməsin). Ağlınız qabaqkı vaxtlara getməsin, daha məmurların hündür qala-villalar qayırıb hasar arxasında xalqdan gizlənməsi dövrü bitmişdir. İndi xalqa yaxın olmaq dövrüdür. Bir azdan nazirlər bizim əvəzimizə feysbukda status paylaşacaqdır, vatsapda şəkil qoyacaqdır.

Sözgəlişi, bu günlərdə prezident administrasiyasından məktub və şikayət qəbulu şöbəsinin müdiri Süleyman müəllim xeyli icra başçısını tənqid eləmişdi, deyir bunlar zəhmətkeşlərin qəbuluna barmaqarası yanaşır. Onların dırnaqucu, qarmaqyarası, danlaqorası ediləcəyi gözlənilir. Zarafat edirəm, biz hələlik tədbirlərin nə olacağını bilmirik. Olar, görərik. Hökumət xalqa nə qədər yaxın olsa da gərək xalq bu idarəçilik işində bir az nigaran qalsın. Sürpriz kimi olanda xalqa ləzzət edir.

Bəli, xalqa açılım tədbirlərimiz sırasında bütün dünyaya örnək olan ASAN-xidməti, bir pəncərəni, gömrükdə, kənd təsərrüfatında, orduda, prokurorluqda, vergidə, maliyyədə, təhsildə və sairədə islahatları açıq yaza bilərik. Misal üçün, bu “Bir pəncərə” sistemi nə deməkdir? Yadımıza gəlir, AXC-Müsavat dövründə əsl dərəbəylik yaşanırdı, bir obyektə min adam yiyə çıxırdı. Kimisə döymək lazım gələndə əlli idarə tökülüşürdü. Hər rayon icra başçısı özünə şəxsi türmə düzəltmişdi. İndi belə şeylərə imkan verilmir. Kim lazımdırsa, dövlət özü “bir pəncərəli” yerə aparıb qoyur.

Elə yeni idarələrimizdən biri də DOST-xidməti (Dayanıqlı və Operativ Sosial Təminat deməkdir) adlanır. Sabez Nazirliyinin içində düzəldilibdir. Doğrusu, hələ bunun kimin dostu olacağını tam anlamırıq, Molla Nəsrəddinin sözü, nəzəriyyəsi var, əməliyyəsini görməmişik. Lakin xalqa xidmətin bir qolu olacağı ilkin addımlardan görünür. Örnək üçün, keçən həftə övladlığa uşaq götürməyin asanlaşacağını, bu işdə DOST mərkəzlərinin xüsusi fəaliyyət göstərəcəyi açıqlandı. İzah eləyim. Deyir qabaq uşaq götürmək istəyəndə min dənə yerə ərizə yazıb qapılarda sürünür, rüşvət-şirinlik verirdinizsə indi bütün hüquqi prosedurları DOST mərkəzlərində eləmək mümkün olacaq. Get, kağızlarını bir pəncərədən ver, elə ordan da uşağı al, apar döy. Zarafat edirəm, saxla. Bizdə heç kim döyülmür. Hətta bəzi uşaqlar bu humanist şəraitdən qudurub məktəbdə direktoru döyürlər, ancaq bu hələlik bizim tema deyil.

Mən bu asanlaşdırmanı təsadüfi saymıram. Əgər diqqət etmisinizsə son illər iqtisadi vəziyyətimizin yüksək inkişafı sayəsində millətin uşaq yaradıcılığı da artır. Düzdür, nə qədər hıqqansaq da 10 ildir adam sayında 10 milyona çata bilmirik, ancaq düzələn işdir. Uşaq o qədər çoxdur millət indi onları küçəyə iki-iki atır. Özü də uşaqları şadlıq sarayının qabağına qoyub gedirlər. Xristian dünyası kilsənin qapısına atdığı kimi, bizdə də məbəd rolunu şadlıq sarayı oynayır. Analar uşağı ora qoyur, bilirlər ki, toy yiyələri, yengələr, bəy və gəlin, qudalar, ofisiantlar, həmçinin, bəyin əsgərlik yoldaşının axırıncı əmisi oğlu kimi insanpərvər ziyalılarımız qapıda tapılan yiyəsiz uşaqlara taleyin nəməri kimi yanaşacaqdır, onları dərhal DOST mərkəzlərinə təhvil verəcəkdir. Təklif çoxaldığı üçün, prosedur asanlaşmalıdır.

Eyni zamanda, bəzi işlər çətin alınır. Misal üçün, pensiyanı, maaşı artırmaq üçün niyə mərkəz yoxdur? İdarədən məlumat var idi, deyir pensiyanı artırmaq üçün yol xəritəsi hazırlayırıq. Bəli. Bu çətin işdir. Xəritə olmalıdır. Ərazidəki bütün cığırlar, minalı sahələr, meşəlik, dərə, tülkü yuvası, ot tayası, canım sənə desin, su durbası və bələdiyyə sədri Bələdulla müəllimin arayışla satdığı torpaqların miqyası öyrənilməlidir. Penisiya, adından göründüyü kimi, dərhal böyüdülməsi çətin olan bir şeydir. Gərək bunun üzərində uzun zaman iş aparasan. Millimetr-millimetr, cıqqax-cıqqax, darta-darta uzadasan. Asan-pensiya olmur.

Camaatı miqrasiya eləyib seyrəltmə aparmaq canlı yayımla olsa yaxşıdır, ancaq üzünə salıb burda qalan yaşlı ünsürlərə pensiyanı xəritə ilə verməliyik. Dinamik yanaşma həm də budur.

Həmçinin oxuyun

“Belə getsə, Şuşada “son zəng” çaldırmağımız “Sur düdüyü”nə qalacaq…”

Min illərlə yanan “Yanardağ”ı olan qədim atəşpərəstlər yurdu 25 ildir  atəşkəsə əməl edib Qarabağ üçün …