Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Köşə Yazarları / Tokayev verdiyi qərara özü əməl edəcəkmi…

Tokayev verdiyi qərara özü əməl edəcəkmi…

Əgər Qırğıstanla Tacikistanın sərhədində silahlı toqquşmalar, Özbəkistanda qaraqalpaqlarla qarşıdurma olmasaydı, demək olardı ki, Mərkəzi Asiyada nisbi statik durum davam edir.

Amma indi diqqətlər daha çox Qazaxıstana və yeni prezident Q.C. Tokayevin bu ölkədə apardığı siyasi islahatlara yönəlib. Amma hamı bütün bunları bir növ siyasi maskarad hesab edir. Ən azı ona görə ki, prezident Tokayev öz vətəndaşlarına qarşı KTMT-nin qoşunlarını yönəltmişdi. O vaxt ümumi rəy belə idi ki, bu adam hakimiyyətdə çox qalmayacaq. Fəqət, Tokayev özünün sələfi Nursultan Nazarbayevi tamam tərk-silah etdi, onun bütün titullarını əlindən aldı, hətta paytaxtın əvvəlki adını qaytardı, baxmayaraq ki, paytaxtın adı onun öz təşəbbüsü ilə dəyişdirilib Nur-Sultan olmuşdu…

Amma bütün bunlar Tokayevin reformalarına skeptik yanaşmaq üçün yeganə səbəblər deyil. Əgər Qırğızıstan olmasaydı, onlara hətta ironiya da etmək olardı. Üstəlik, Mərkəzi Asiya bizim düşündüyümüz qədər də geri region deyil. Ən azı ona görə ki, bu regionun iki böyük dövlətinin siyasi liderləri özlərindən sonra övladlarını öz yerlərinə təyin etməmişdilər – bəli, bunu nə İslam Kərimov etdi, nə də ki, Nursultan Nazarbayev…

İndi Qazaxıstanın prezidenti Tokayev sanki prosesi davam etdirmək fikrindədir. Bizim ən çox diqqətimizi cəlb edən detal bu oldu ki, cənab Tokayev prezidentlik müddətini yeddi ilə artırsa da onu bircə dəfəlik etdi, yəni ki, bundan sonra prezident cəmi bir dəfəyə yeddi illik müddətə seçiləcək.

Biz dünya praktikasında belə bir hal bilmirik, bütün dünyada prezident ən azı iki dəfə seçilir. Düzdür, bəzi ölkələrdə bu iki dəfəlik seçim bir çox hallarda səkkiz ildən çox olmur, amma yanılmırıqsa, Qazaxıstan bundan sonra prezidentlərin ən az hakimiyyətdə olduğu ölkə olacaq, baxmayaraq ki, bir vaxt bunun tərsini görürdük – Nursultan Nazarbayev nəinki otuz ildən çox prezident oldu, hətta özünə prezidentdən də yüksək Elbaşı statusu təyin etdi. Odur ki, sual yaranır: Tokayev tələsmirmi? O özü bu islahatlara əməl edəcəkmi?

Tokayev hakimiyyətin dadını yenicə dadır. Ona görə də paytaxt Nursultanın adını dəyişdiyi kimi bir gün prezidentlik müddəti ilə bağlı da qərarını da dəyişə bilər.

Başa düşürük, indi onun üçün əsas məsələ insanların, cəmiyyətin rəğbətini özünə qaytarmaqdır, çünki bir az əvvəldə dedik ki, o, öz insanlarının üzərinə KTMT -nın silahlı qüvvələrini yeritmişdi və belə hərəkətlər nadir hallarda unudulur. Amma burada onu deyək ki, Qərbdən Tokayevin islahatlarına maraq var. Hər halda, ABŞ bu regiondan öz nəzərlərini çəkməyib. Amma bizə elə gəlir ki, Mərkəzi Asiyanın liderləri indi başqa bir məsələ üzərində düşünsəydilər heç də pis olmazdı. Bu da enerji daşıyıcılarının nəqli məsələsdir. Rusiyanın bu istiqamətdəki kommunikasiyaları bağlanır və Mərkəzi Asiya ölkələri üçün alternativlər axtarmaq zərurəti yaranır. Belə bir alternativ isə hazırkı məqamda yalnız Transxəzər marşrutu hesab edilir…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Şəhid adıyla trolluq edənlər

Troll sözünün mənşəyi ilə bu gün ifadə etdiyi məna arasında böyük fərq var. Trol Skandinaviya …