Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Köşə Yazarları / Tanınmışların Facebook-u tərk etmək istəyi – “…bağlansa, millətin də canı qurtarar”

Tanınmışların Facebook-u tərk etmək istəyi – “…bağlansa, millətin də canı qurtarar”

“Feysbuk” (Facebook)… Bu sözü internet istifadəçisi olan hər bir kəs bəlkə də gün ərzində özündən asılı olmayaraq neçə dəfə işlədir. Çünki artıq Facebook həyatımızın bir parçasına, bəlkə də ayrılmaz hissəsinə çevrilib. İstəsək də, istəməsək də gündəlik yaşamımıza daxil ola bilib.
İşdə, evdə Facebook-a baxırıq… toyda, yasda, ictimai nəqliyyatda telefona nəzər yetirəndə imkan edib Facebook-a da daxil oluruq… Önəmli və bəlkə də əvəzedilməz məsələyə çevrilmiş Facebook-da görəsən onu istifadə edənləri nələr qıcıqlandırır?
Aktiv Facebook istifadəçiləri nə zamansa bu social şəbəkədən bezərək, “bəsdir, həyatımdan çıx, səndən imtina edirəm, bağlayıram, dondururam” deyiblərmi?
Modern.az-ın əməkdaşı istirahət günü üçün maraqlı ola biləcək daha bir mövzuda sorğu keçirib.
Aktiv Facebook istifadəçiləri arasında keçirdiyi sorğunu təqdim edirik.

Tanınmış hüquqşünas Aslan İsmayılov:

““Feysbuk”u tərk etmək fikrim yoxdur, əksinə imkan olan kimi fəaliyyətimi maarifçilik üçün daha da genişləndirmək fikrim var. İnsanların yazı və şərh yazarkən məsuliyyət hiss etməməsi, yoxlanılmamış materialları yayması, “Feysbuk” vasitəsi ilə intriqaçılıqla məşğul olması, xüsusilə anonim adlarla insanlara böhtan atması, qaralaması məni çox qıcıqlandırır.
Arzum odur ki, “Feysbuk”un imkanlarından maksimum maarifçilik üçün istifadə edilsin, mədəni, əxalqi dəyərlər təbliğ olunsun”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Mən “Feysbuk”da ən çox ləyaqətsiz insanların şəklini görəndə qıcıqlanıram. Şou əhlinin özlərinin yersiz reklamları, dövlətin əleyhinə yazılmış ədalətsiz fikirlər, şər və böhtan atanlar Facebook-da məni qıcıqlandırır.
Nazirlərin, komitə sədrlərinin oğlanlarının, yaxınlarının şortikli şəkilləri, qıçlarının tüklərini göstərməsi mənə pis təsir edir. Belə məsələlərə görə, “Feysbuk” bağlansa, millətin də canı qurtarar. Belə işlər bizi çox narahat edir və bu millətin bəlasıdır.
Bu günə qədər “Feysbuk”da kimləsə konflikt yaşamamışam. Görmüşəm ki, kimsə məni intriqaya çəkmək istəyir, yaxınıma buraxmamışam, baş qoşmamışam.
Hər şeyə baş qoşsam, müharibə başlayar. Biri baxırsan ki, təhqir yazır, xoşa gəlməyən sözlər yazır. Hər halda da qıcıqlandırıcı fikirlər olur, amma əhəmiyyət vermirəm. 20-30 ildir ki, mən bu işlərə öyrəşmişəm.
Söyən söyür, döyən döyür. Qoy söysünlər, döysünlər də. Allah hamısının ağzını şirinləşdirsin. Kim nə qədər tənqid və təhqir edirsə, eləsin.
“Feysbuk” profilmi bağlamağı düşünmürəm. Nəyə görə bağlamalıyam ki? Azərbaycanda 5-10 faiz insan “Feysbuk”dan əxlaqsızlıq və nalayiqlik üçün istifadə edirsə, mən niyə profilimi dondurum ki?! Əksinə, “Feysbuk”da ağıllı fikirlərə və analitik yazılara da rast gəlirik”.

AzVision.az-ın baş redaktoru Vüsal Məmmədov:

““Feysbuk”da məni heç nə qıcıqlandırmır. Başa düşürəm ki, burada hər cür tip mövcuddur və onların da istədikləri fikri ifadə etmək haqları var. Buna sakit və normal yanaşıram. Məni qıcıqlandıran adamları sadəcə olaraq izləmirəm, bəyənmirəm, reaksiya vermirəm, bir müddətdən sonra özləri xəbər lentimdən itirlər. Məsələ qəlizləşsə, dostluqdan çıxara da bilərəm.
“Feysbuk” ona görə real həyatdan yaxşıdır ki, burada səni qıcıqlandıran adamlara dözmək zorunda deyilsən. Başqalarını yazdıqlarına görə qınayanları isə anlamıram. Adamın fikri odur, öz şəxsi profilində istədiyini yazır, bu onun hüququdur – xoşuna gəlmir, izləmə!
Biz hamımız balaca diktatorlarıq, istəyirik ki, başqaları da bizim lazım bildiyimiz kimi düşünsünlər, yazsınlar. Belə yanaşma ciddi səhvdir! “Feysbuk”dan getməyi isə heç vaxt düşünməmişəm. İndiki dövrdə həyatın böyük hissəsi sosial şəbəkəyə köçübsə, buradan hara getmək olar?”.

Kənd təsərrüfatı üzrə eskpert Vahid Məhərrəmov:

“Əvvəla, “Feysbuk”u tərk etməyi düşünmürəm. Mənim üçün bu sosial şəbəkə ən yaxşı ünsiyyət vasitəsidir və bu virtual məkanda dostlarımla fikir mübadiləsi aparmaq mənə çox maraqlıdır. Ona görə də mən buradayam.
O ki, qaldı “nələr qıcıqlandırır” məsələsinə, hərdən çox eybəcər fotolar paylaşırlar, bu da istər-istəməz məndə xoşagəlməz hal yaradır”.

Publika.az-ın baş redaktoru Elçin Əlibəyli:

““Feysbuk” sözsüz fikir və eyni zamanda xəbər paylaşım məkanı kimi məni daim maraqlandırır. Amma təəssüflə deməliyəm ki, burada istifadəçilərin intellekt və məntiqlə bağlı çox ciddi problemi olduğu kimi, aşırı qısqanclıq, gözügötürməzlikdən yaranan kidurətin partlayışı da baş verir.
Şərhlərdə açıq qərəz, ürəkbulandırıcı yanaşma çox yayılıb. “Feysbuk”da olan bərabərlikdən istifadə edən nadanlar bir qədər ağıllı düşünən və ya fərqli baxış qoyan adam üzərinə “yaba” ilə hücum etməyi üstün tuturlar.
Həyatda heç bir uğur əldə etməyən bu cür insanlar natamamlıq komplekslərini “Feysbuk”da söyüş və təhqirlə söndürməyə çalışırlar. “Feysbuk”un real mənzərəsini bir statusumda ifadə etmişdim: “Feysbuk”u Cəfər Cabbarlının “Sevil” dramına bənzədirəm.
Burada hər şeyi bəyənən Əbdüləli bəy, heç nəyi bəyənməyən Məmmədəli bəy, gülüş işarəsi qoyan Gülüşlər və s. var”. Amma bütün bunlarla bərabər, bu meydanı tərk etmək fikrində deyiləm”.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə ılaqələr şöbəsinin rəisi Zeynab Kazımova:

““Feysbuk”müxtəlif yaş qrupuna, bilik səviyyəsinə, dünyagörüşünə məxsus insanların olduğu yerdir. Ona görə də çalışıram ki, dostluğuma kənar, tanımadığım, təsadüfi şəxsləri qəbul etməyim.
Dostluğumda olanların çoxunu real həyatda tanıyıram, bəziləri isə sonradan buradan tanıdığım həmkarlarımdır. Onların içərisində qiyabi və ya TV-dən görüb sevdiyim, hörmət bəslədiyim insanlar da var. O baxımdan, bu şəbəkə bizi daha da yaxınlaşdırıb, bir növ əməkdaşlıq və əlaqələrimizin daha da genişlənməsinə stimul verib. Hərdən tamamilə “bura”nı tərk etməyi düşünsəm də, etməmişəm. Çünki indi sosial şəbəkələr ənənəvi medianı çox üstələyib. Ona görə də, bizim bu şəbəkədə olmağımız özümüz üçün daha faydalı ola bilər.
Amma hərdən olur ki, tanıdığın, ömrü boyu şəxsi mənafeyi naminə çalışaraq, yaltaqlıqla, onun-bunun hesabına harasa gəlib çıxanlar haqdan-ədalətdən, təmizlikdən, savad və bilikdən, şərəf və ləyaqətdən status yazır. Belə şeylər adamı istər-istəməz qıcıqlandırır. Çox zaman həmin şəxsi tanımayan digər insanlar da dəstək nümayiş etdirirlər. Mənim Modern.az-da bununla bağlı bir yazım da var. “Sosial şəbəkələrdəki “mən”imiz” adlanır, arxivdə qalmalıdır”.

Eks-deputat, iqtisadçı Nazim Bəydəmirli:

“Mən kifayət qədər demokratik insanam, heç kimin də şərhlərinə məhdudiyyət qoymuram. Təhqirə, etnik, dini, irqi aşağılamalara statuslarıma yazılan şərhlərdə icazə vermirəm. Əsas qıcıqlandıran mənim adımın mənə aidiyyatı olmayan statuslara tağ edilməsi, eyni zamanda dini mövzuda tanımadığım adamların mənə “maarifləndirmə” cəhdi etməsidir.
Eyni ilə “inboks”a müxtəlif xahişlərlə müraciətlər məni narahat etsə də, bəzi maddi yardım istəyənlərə imtina etməməyə çalışıram. Açığı deyim ki, belələri də çoxdur və bəzən adamı qıcıqlandırır. “Feysbuk”u tərk etməkdən daha çox, bəzi funksiyaların məhdudlaşdırılmasını düşünürəm”.

Milli.az-ın baş redaktoru Elçin Alıoğlu:

““Feysbuk”da məni nəyinsə qıcıqlandırdığını düşünməmişəm. Sosial şəbəkə sadəcə, vasitədir – televizor, mobil telefon və ya velosiped kimi. Hər halda velosipeddən qıcıqlanıb iki təkərə lənət duası oxuyan və ya televiziyadakı proqramlardan birinə sinirlənib televizoru çölə atan insanın davranışı məncə, o qədər də adekvat təsir bağışlamaz.
“Feysbuk”u birdəfəlik tərk etməyi də düşünmürəm. Bu qərarı qəbul etmək üçün ilk əvvəl “Niyə?” və “Nə üçün?” suallarına cavab tapılmalı, sonra da cavab məni təmin etməlidir. Bəhs etdiyimiz sosial şəbəkədə hər hansı xəbərin interpretasiyası və ya hadisənin təqdimatı xoşagəlməz olarsa belə, informasiyanın “xəbər lenti”ndə görünməməsi üçün müvafiq funksiyalardan istifadə etmək mümkündür. Bu qədər bəsit.
Ona görə də “Feysbuk” adlı problemim yoxdur. Doğrudur, sosial şəbəkədə “şüuraltı axın” az deyil, amma nə etməli – “Feysbuk” spekulyativ gerçəkdir”.

Jurnalist Seymur Verdizadə:
“Bəzi qızıclandırıcı adamlara görə sosial şəbədəki fəaliyyətimə son qoymağı düşünmürəm. Belə insanlarla mübarizə aparmağın sadə yolu var.
Onları dostluqdan çıxarırsan, ünsiyyəti kəsirsən. Mən bu vasitədən çox istifadə etmişəm. Mənimlə nəinki həyatda, hətta virtual aləmdə dostluq etməyə layiq olmayan adamları cəmi 1 saniyə ərzində arxivə göndərirəm.
Sosial şəbəkələr gözümüzün qabağında sürətlə enerji qəbiristanlığına çevrilir. Virtual ünsiyyət özlüyündə vacib tarixi yenilik olsa da, biz onu məişət səviyyəsinə endirməklə çoxdan gözdən salmışıq. Azərbaycanlıların aktiv iştirak etdiyi sosial şəbəkələrdən bozbaş qoxusu gəlir.
“Feysbuk” çoxdan ailə albomuna çevrilib. Bu sosial şəbəkənin istifadəçisi olan kişilər təkcə özlərinin deyil, həm də arvad-uşaqlarının şəkillərini burda rahatlıqla paylaşa bilirlər.
Qaşınmayan yerdən qan çıxarmağa meylli olmadığım üçün bu fakta dözümlü yanaşıram. Təki kişilərimiz ailəcanlı olsunlar, arvad-uşaqlarının qədrini bilsinlər, onlara qayğı göstərsinlər. Amma dərd burasındadır ki, insanlar təkcə şəxsi həyatlarındakı uğurları ictimailəşdirməklə kifayətlənmirlər.
Evinin, maşınının, həyətindəki ağacların, hətta tövlədəki uzunqulağının şəklini sosial şəbəkələrdə yayanlar da var. Virtual aləmdə bu cür düşük adamlardan uzaq dayanmağa çalışsam da, onlar hər addımbaşı qarşıma çıxırlar”.

İsveçrədə mühacirətdə olan jurnalist Elbəyi Həsənli:
“Arada “Feysbuk”un ingilis və almandilli bölümlərinə də baxıram. İntelektual, kreativ statuslar paylaşırlar. Sonra “bizim” “Feysbuk”a baxıram. Primitiv, əttökən… Azərbaycanda iqtidar tərəfindən siyasi səhnədən vurulub kənara atılmış müxalifət öz varlığını Facebook müstəvisində qorumağa çalışır. Onlar da bir qayda olaraq iqtidarı söyürlər və öz liderlərini yaltaqcasına tərifləyirlər.
Azərbaycan xalqı çirkinliyə o qədər alışıb ki… Və belə bir cəmiyyətin ortaya qoyduğu “Feysbuk”da olmaqdansa, olmamaq yaxşıdır. “Feysbuk”dan getmək haqqında düşünürəm.
Ümumiyyətlə, Azərbaycanla bağlı hər şeydən iyrənmişəm. Amma o biri tərəfdən də başa düşürəm ki, bu mənim millətimdir.. Bu millətin xilası naminə mən də nəsə etməliyəm. Ancaq bu millət xilas olmaq istəmir.
Düşünün ki, birisi dənizdə batır. Əl uzadırsan ki, onu ölümün pəncəsindən qurtarasan. O isə o qədər tənbəldir ki, heç xilas olmaq üşün belə, nəsə etmək istəmir. Elə bil keyimiş vəziyyətdədir. Ətrafda nə verdiyinin fərqində deyil…”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı:

““Feysbuk”da məni qıcıqlandıran baxışlar mövqeyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq başqasının həyatına müdaxilədir. Qadınlara qarşı ləkə yaxmaqdır. Əxlaqı normaları, qırmızı xətti keçməkdir. Hal-hazırda ictimaiyyətlə əlaqələrin qurulması, ictimai rəyin formalaşdırılması, maarifləndirmə, məlumatlandırma, müxtəlif mövzuların sosial şəbəkələrdə müzakirəsi üçün “Feysbuk” böyük önəm kəsb edir.
Buna görə də “Feysbuk”u tərk etmək haqqında düşünməmişəm. Hələlik düşünmürəm də… Başqa qıcıqlandırıcı amillər “Feysbuk”də yersiz, savadsız çağırışlar, ittihamlar, xüsusən xaricdə oturub, başqalarını siyasi hərəkətsizlikdə suçlamaqdır…
“Feysbuk” mənim üçün ictimaiyyətlə əlaqələrin qurulmasında, dövlət qurumlarına mesajların verilməsində, qəzetlərin cəsarət edib yaza bilmədiyini ictimaiyyətə çatdırmaqda böyük rol oynayır. Hələlik “Feysbuk”u bağlamaq fikrim yoxdur. O vaxt bağlayaram ki, ictimai fəaliyyətim dayanmış olsun”.

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın