Ana səhifə / Köşə Yazarları / Tanınmış jurnalistdən Zakir Qaralova MÜRACİƏT: “Məni müalicə üçün buraxın, gözüm tutulur”

Tanınmış jurnalistdən Zakir Qaralova MÜRACİƏT: “Məni müalicə üçün buraxın, gözüm tutulur”

Tanınmış araşdırmaçı-jurnalist Aynur İmranova baş prokuror Zakir Qaralova müraciət edib.

Azinforum.az  bildirir ki, A. İmranova “QHT işi” ilə bağlı qaldırılan cinayət işində şahid kimi cəlb olunduğuna görə müalicə üçün ölkəni tərk edə bilmədiyini bildirib. “Bir ildən artıqdır bank hesablarım həbsdədir.  Hələ keçən ilin may ayından bu məşhur QHT işi ilə bağlı şahid kimi cəlb edilmişəm. Onu da qeyd edim ki, bu işlə həbs olunanların heç biri ilə ortaq əməkdaşlığım olmayıb. May ayından sentyabr ayına qədər suallara cavab vermək üçün dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılmışam”.

Jurnalist qeyd edib ki, oktyabr ayında Gürcüstana səfəri zamanı məhkəmə qərarı təqdim olunmadan şəxsi baxışa məruz qalıb. Noyabr ayında onun ölkədən çıxış bağlanıb.

“Dekabr ayından araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı istintaqa cəlb olundum. Dekabr-yanvar aylarında Bakı şəhər prokurorluğunda demək olar ki, mənəvi terrorla üz-üzə qaldım. İki ay ərzində mən cəmi iki dəfə yazılı ifadə vermişdim. Halbuki ən azı 20 dəfə Prokurorluqda saatlarla sorğu sual edilmişdim”.

“Davamında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə yenidən çağrılmağa başladım. Sətiraltı hədə-qorxu o qədər idi ki, mən hətta 10 günə yaxın bir müddətdə hər gün həbs olunacağımı düşünərək sorğuya hazır çanta ilə gedirdim”-deyə jurnalist bildirib.

Sorğularda bu təzyiqlərin birbaşa yazılarımla bağlı olduğunu anlamaq çətin deyildi. Suallar da bu istiqamətdə idi. Mən yuxarıda yazdığım bütün təzyiqlərlə bağlı məhkəmə prosesləri başlatmışam. Bank hesablarımla bağlı işim artıq Avropa Məhkəməsində qeydiyyata götürülüb. Ölkədən çıxışımla bağlı məhkəməm davam edir və sərhəddə qanunsuz şəxsi baxışla bağlı işimlə bağlı məhkəmə qərarından apelyasiya şikayəti vermişik”.

“Bütün bu olanlar mənim sağlamlığıma ciddi zərbə vurur. Mənim beynimdə hipofiz vəzinin adenoması var, eyni zamanda təzyiq xəstəsiyəm. Həyat yoldaşım orduda həlak olandan sonra dəfələrlə xaricdə müalicə olunmuşam və yalnız bundan sonra normal həyata qayıda bilmişəm. Müalicələrim davamlı olmazsa bir gözümün tutulacağı ilə bağlı həkimlər xəbərdarlıq edib. Amma məni saldıqları həm maddi sıxıntılar, həm də hərəkət məhdudiyyətim üzündən müalicəmi davam etdirə bilmirəm. Son müayinə zamanı həkimim yaşadığım stresslərin həyatımı təhlükə altına saldığını bildirdi.

Hal-hazırda bu şəxsimə qarşı edilən təzyiqlər məni çox ağır duruma salıb. Dəfələrlə Azərbaycan baş Prokuroru Zakir Qaralova vəziyyətimlə bağlı müraciət eləmişəm. Məktubların çatması ilə bağlı bildiriş gəlsə də cavab olmayıb.

Mənim himayəmdə yetkinlik yaşına çatmayan övladım var, onun normal yaşayışını təmin etmək üçün bu gün qarşılaşdığım ağır durumdan heç bir çıxış yolu tapa bilmirəm. İndi mən neynəməliyəm? Avropa oyunları üçün ölkəyə gələn turistlərin qarşısında özümü yandırım? Bu addımım kiməsə hədə-qorxu gəlmək üçün deyil. Mən Konstitusiya ilə qorunan hüquqlarımın pozulmasından cana doymuşam. Özümü və övladımı bu mənəvi işgəncədən qurtarmağın başqa yolunu görmürəm. Yəqin ki, bu günlərdə mətbuat konfransı keçirib daha çox detalları da açıqlayacam.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın