Ana səhifə / Köşə Yazarları / Seks aclığı digərlərinə bənzəməz

Seks aclığı digərlərinə bənzəməz

Keçmiş zamanlarda televiziyalar ciddi-ciddi hansısa pritonun aşkarlanması ilə bağlı xəbər tirajlayardı və mən də bu xəbərlərə gülərdim. Çünki səs-küylə “aşkarlanan”, bir-iki aylıq işinə xitam verilən obyektlər yenidən fəaliyyətə başlayıb öz işinə davam edir. “Əxlaqsızlıq” və “yuva” sözlərini yan-yana gətirib “əxlaqsızlıq yuvası” kimi dəhşətli söz birləşməsi yaratmışıq. Hər dəfə bu söz birləşməsinin “yuva” sözündəki təmizlik, istilik və enerjidən utanıram.

Medianın təbirincə desək, əxlaqsızlıq yuvalarının, pritonların kökünü kəsmək qeyri-mümkün görünür.

Bu məkanların hansı şəraitdə və hansı şərtlərlə fəaliyyət göstərməsi, qadın alverinin gizli şəkildə inkişafı başqa yazının mövzusu olduğu üçün “bağlanmamış pritonlar” barədə yazmaq istəyirəm.

Ölkədə seksual aclığın, seksual görməmişliyin son həddə olması ilə bağlı dəfələrlə yazılıb, deyilib. Ağlı başında olan hər kəs etiraf edər ki, vətəndaşlarımız seksual problemlərdən ciddi şəkildə əziyyət çəkirlər. Zorlanan qızlarımız, namus cinayətləri, ailə münaqişələri, dağılan ailələr dolayısıyla bunu sübut edir. Metroda, avtobusda, küçədə qadına toxunanda gözləri par-par parıldayan gənclərimizi görəndə bu problemi istər-istəməz etiraf etməli olursan.

Etiraf edək ki, seksual aclıq ciddi problemdir. Əyalətlərdəki işsizlik səbəbindən ölkənin müxtəlif rayon, qəsəbə və kəndlərindən paytaxta axın pik həddədir. Evli və subay kişilər paytaxtda çoxaldıqca bu problem artıq təhlükəyə çevrilir. Yuxarıda sadaladığım problemlərin kökündə mən hər zaman bu faktoru axtarmışam.

Seksual istəklər insan orqanizminin normal istəklərinə daxildir. Yemək, içmək, yatmaq necə normaldırsa, seksual tələbat da o qədər normaldır. Bəs əyalətdən Bakıya işləməyə, bir tikə çörəyinin pulunu qazanmağa gələn, aylarla qadın üzünə həsrət qalan kişilər, rayonlarda hər gecə yastığını qucaqlayıb yatan gənc qadınlar öz seksual tələbatlarını necə ödəməlidirlər? Bakıda ev sahibi olmaq nəinki həmin təbəqə üçün, hətta az-çox gəliri olan insanlar üçün də xəyaldır. Bəs bu kasıb insanlar şəhərdə öz yuvalarını necə qursunlar?

Çətin həyat tərziylə yanaşı, qadınsızlıq-kişisizlik və ən əsası sekssizlik sizə ciddi problem kimi görünmürmü?

Sizcə, küçədə gördüyünüz qaraqabaq, əsəbi və gərgin adamların yeganə problemi sadəcə məişət qayğıları, bank borclarıdır?

Bəlkə də güləcəksiniz. Düşünəcəksiniz ki, bu qədər problemin içində heç seks yada düşər? Amma inanın ki, düşür. Seks yada düşməsəydi, bəzi masaj salonları, gecə barları, otellər əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməzdi. Bu qədər tələb olduğu üçün gizli şəkildə əxlaqsızlıq çoxalır. Sosial şəbəkələrdə açıq-açıq intim təklif edənlərin sayı gündən-günə artır. Bu sizin üçün vəziyyətin ciddiliyi ilə bağlı siqnal deyilmi?

 Peşə marağıma uyğun bu məkanları az-çox araşdırmışam. Masaj salonu, otel, motel, sauna, gecə barı adı altında fəaliyyət göstərən yüzlərlə əxlaqsızlıq yuvası var bu şəhərdə. Kifayət qədər müştərisi olan bu məkanlardakı növbələr adamı iyrəndirir. Sizcə, heç bir tibbi yoxlamadan keçmədən, özbaşına və gizli şəkildə fəaliyyət göstərən fahişələr təhlükə mənbəyi deyillər? Bütün bu sadaladıqlarım yenə də sizə gülünc görünəcəksə, gülün. Öz ölkənizin, genofondunuzun gələcək faciələrinə gülüb keçin.

Bu məkanlarda saatlarla boynunu büküb növbə gözləyənlər sizin övladlarınız, ərləriniz, sevgililəriniz, nişanlılarınız, qohumlarınız, qonşularınız və dolayısıyla ünsiyyətdə olduğunuz insanlardır. Mən bu növbələrdə plastik stula çöküb xorna çəkən fəhlə də görmüşəm, udquna-udquna qalstukunu düzəldən bank işçisi də…

Və bu adamların “aclığı” məni həmişə incidib, narahat edib.

O adamların gözlərindəki ifadəni o məqamda, o anda görmək lazımdır. Yazıçı istedadım gördüyüm bu mənzərəni olduğu kimi izah etməkdə acizdir.

Cəlil Cavanşir

Həmçinin oxuyun

Boğazımızdan yapışan gözəgörünməz düşmən…

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarı ilə Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək …