Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Köşə Yazarları / Şəxsi və müvəqqəti ehtiraslarının nökəri…

Şəxsi və müvəqqəti ehtiraslarının nökəri…

İnsan sosial deyil, daha çox asosial varlıqdır
Covid-19 pandemiyasının varlığı, ona qarşı peyvəndin tətbiqinin faydası haqqında bu qədər təbliğatın aparılmasına baxmayaraq, insanlar nə üçün buna müqavimət göstərib cürbəcür fatalist bəhanələr, qondarma səbəblər uydurararaq peyvəndləmədən imtina edirlər? 
Bu suala cavab vermək üçün bir az cəmiyyətin dərinliklərinə enməkdə fayda var. İnsan həqiqətən sosial varlıqdırmı? Nəzəri baxımdan bu suala “yox” cavabı vermək bu gün, ən yaxşı halda axmaqlıq kimi qiymətləndirilə bilər. Bəs praktik baxımdan insana sosial varlıq kimi yanaşsaq, nə görəcəyik? Şopenhauerin sözləri ilə desək, tamamilə “şəxsi və müvəqqəti ehtiraslarının” nökəri olan bir məxluq. 
İnsan sosiallaşanda belə şəxsi mənfəətlərini düşünür. İnsanı müvəqqəti olaraq sosiallaşdıran öhdəsindən təkbaşına gələ bilmədiyi şəxsi problemləridir. Problem həll olundumu, insan payına düşəni götürüb sosial mühitdən uzaqlaşır, öz qənimətini bölüşməmək üçün təkliyə, kimsəsizliyə çəkilir. Evlərini pulunun miqdarına uyğun hündürlükdə hasarlarla gizləyən insanlara sosial insan demək olarmı? Sosial insan mağarada öldü. Azıxda. 
Azıx dedim, çənə yadıma düşdü. Çənədən başqa heç nəyin sosiallaşmadığı günümüzdə deyə bilərsiniz ki, sosiallaşma modern düşüncənin məhsuldur, məsələn, hasarı olmayan bina evlərində yaşayanlar da var axı. Birincisi, onlar qədim Yunan-Roma aristokratiyasının zibilinə düşənlərdir. Antik çağda indikindən fərqli olaraq varlılar bina evlərində yaşayırdılar, çünki ümumi mühafizə altında olurdular. İkincisi isə, bina evlərində yaşayanların hasarları hələ yuxularındadır. Oblomov xoşbəxtliyi yuxuda gördüyü kimi bina sakini də hasarlı həyət evini hələ ki, yuxuda görür. 
Sartr deyirdi ki, insan azadlığa məhkumdur. Amma harada? Onu da biz deyək: əlbəttə ki, qalın divarların, keçilməz hasarların arasında. Azadlıq təhlükədir. İnsan özünü tanıyandan azadlıqdan qaçır. Qəsrlər azad kralların yadigarıdır.
Müxtəlif siyasi azadlıqlar, məsələn, söz və fikir azadlığı kimi modern dəyərlər qondarma azadlıqlardır. Dünyada milyardlarla insan var ki, söz və fikir azadlığını alıb qoyub evə, hara qoyduğunu heç özü də bilmir. Bütün siyasi azadlıqlarla təmin olunmuş fransız filosofu Mişel Fuko, məsələn, heç bir siyasi azadlıq tanımayan İran İslam İnqilabının heyranı idi. 
Bütün azadlıqların məqsədi hasar əldə etməkdır! Ali məqsədi hasar olan bir varlıq sosial ola bilməz, bayaqdan bunu deməyə çalışırdım.
Gələk virusa və peyvəndləməyə göstərilən kütləvi müqavimətin səbəbinə. Bu müqavimətin yeganə səbəbi insanın sosial varlıq olmamasıdır. Təsəvvür edin, bir insan barmağındakı qanqrenaya görə ayağının birini itirməyə razı olur, çünki təhlükə şəxsi həyatı təhdid edir. Peyvəndləmə isə ümumi təhlükəyə qarşı aparılır deyə kimsə canını incidib bir iynə vurdurmaq istəmir. Təhlükə xüsusiləşmədikcə belə də davam edəcək. Tarixin bütün dövrlərində belə olub. İnsanlar, məsələn, vətən uğrunda müharibəyə o zaman kütləvi yollanıblar ki, hər kəs həyatını düşmən əlində hiss edib. İsanın qəbri xristianların yadına o zaman düşdü ki, kilsə onlara bu yolda kütləvi şəkildə cənnət vəd etdi. Xaç yürüşlərinə axışanlar, əslində, cənnətə axışırdılar, qoşun-qoşun, dəstə-dəstə. Cənnət kütləviləşdirilmişdi.
Bəs sosiallaşmanın qarşısını alan faktorlar hansılardır? Saymaqla bitməz. Ancaq mən ən öndə olandan yapışacağam. Kimlik məsələsi. 
Əfsanəyə görə, insanların millətlərə (fərqliliklərə) parçalanması dillərin yaranması ilə bağlıdır. Belə ki, “Babil Asma Bağları”nın müxtəlif mərtəbələrində işləyən insanlar uzun müddət bir-birilərini görmədikləri üçün bir-birindən tamamilə ayrıldılar. Hər mərtəbədə çalışan insan qrupları fərqli millətləri və fərqli dilləri yaratdılar. Beləliklə, indiki dünya meydana gəldi. “Babilləşmə” adı verilən insan fərqlilikləri bu gün də həm qlobal, həm regional, həm də lokal formada öz varlığını qoruyur. Qlobal mənada irqi, dini mənsubluğa görə fərqlənənlər, regional mənada etnik kimliyə görə fərqlənirlər. Lokal fərqlilikləri isə sosial kimliklər yaradır. Sahib ola biləcəyimiz bir neçə kimlik növü var: şəxsi kimlik, mədəni kimlik, dini kimlik, siyasi kimlik və s. Kimliyimizin mərkəzinə bunlardan hansını qoyuruqsa, oyuq. Məsələn, elə cəmiyyətlər var ki, orada dini kimlik yerdə qalan bütün kimlikləri üstələyir, elə cəmiyyətlər də var ki, orada mədəni kimlik üstündür, bəzi cəmiyyətlərdə isə siyasi kimlik əldə etmək daha populyardır. Zamandan-zamana, cəmiyyətdən-cəmiyyətə bu kimliklər bir-birilərini əvəzləyə bilirlər. Məsələn, çar Rusiyası zamanı Azərbaycanda dini kimlik öndə idi, sovet Rusiyasında siyasi kimlik üstün mövqe qazandı. Epizodik olaraq milli kimliyin parlamasından sonra yenidən dini kimlik güc göstərməyə başlayıb.
Bunlardan hansı daha yaxşıdır? Bu suala millətlər, xalqlar öz tarixləri ilə cavab verirlər. Məsələn, fransızlar nə latındırlar, nə də german; latın və german mədəniyyətlərinın qarışığından yaranmış, üstünə də din və vətən həmrəyliyi əlavə etmiş bir xalqdırlar. Fransızlar üçün millət o ölkədə yaşayan və bu mədəni təsirləri özündə ifadə edən bir anlayışdır. Fransız üçün kimlik milli deyil, coğrafidir, yəni Fransanın özüdür. Əvvəl Fransa var, sonra fransız.  Amma almanlar özlərini birə-bir germanların varisi hesab edirlər, onlar üçün kimlik milli məsələdir, əvvəl alman var, sonra Almaniya. Ona görə də xalqlar, millətlər tarixlərinə baxaraq öz kimliklərini təyin edirlər. Onları bu günə hansı kimlikləri gətiribsə, yola da o kimliklə davam edirlər. 
İnsanlar da həmçinin. Amma kimlik bəzən insanların gözünü açmaq əvəzinə onları kor edir. Onları, bir növ, Platonun mağara pritçasındakı divarlara zəncirlənib ancaq önünü görən, sağından, solundan xəbəri olmayan kütlərə çevirir ki, bu gün cəmiyyətimizdə bu cür insanların sayı kifayət qədərdir. Bizi çox vaxt sosiallaşmağa qoymayan da bu kimlik korluğudur. Dini kimliyini milli, mədəni kimliyinin ağası təyin edən biri, milli, yaxud mədəni kimliyi ilə öyünəni aşağılayır, onunla daim əks fikirdədir. Bəzən də tam əksinə, məsələn, milli kimliyini üstün tutan biri dini kimliyinə itaət edənə yuxarıdan-aşağı baxır. Sosiallaşma o zaman baş verir ki, kimlik cəmiyyəti ələ keçirmək üçün deyil, cəmiyyətə qoşulmaq üçün qazanılır. 
Təəssüf ki, bu gün Azərbaycanda ixrac olunmuş “saxta kimliyə” sahib insanlar xirtdəyəcəndir və milli fikri öz məqsədləri üçün dolaşdırmaqla məşğuldurlar. Vətən uğrunda mübarizəni, müharibəni necə vəhşilik kimi təbliğ edirdilərsə, peyvəndləməyə, yaxud başqa ümumi mənafeyə xidmət edən hər hansı bir məsələyə qarşı da eyni canfəşanlıqla pəl vururlar.  
Odur ki kimlik məsələsini ciddiyə almaq lazımdır. O gün haradasa belə bir fikir oxudum ki, XX əsr sinif anlayışı ilə başladı, kimlik anlayışı ilə başa çatdı. Fikrin ardını isə belə ifadə etmək olar: XXI əsr kimlik anlayışı ilə başlayıb, görən nə ilə başa çatacaq, ümumiyyətlə, başa çata biləcəkmi?

Aqşin Yenisey

Həmçinin oxuyun

Geyim satan şirkət indi də asfalt çəkir – Xətaidə müəmmalı tender

Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yollarda asfalt örtüyünün təmiri işlərinin satın alınması …