Bazar ertəsi , Avqust 10 2020
Ana səhifə / Köşə Yazarları / Rusiya bölgədə böyük savaşa imkan verərmi?..

Rusiya bölgədə böyük savaşa imkan verərmi?..

İnanın ki, biz qəti olaraq televizionçularımızı məyus etmək istəmirik, çünki bu sətirlərin müəllifinin də ən böyük arzusu ermənilərin iç torpaqlarımızda və sərhədlərimiz boyunca çıxardıqları oyunlara – fokuslara birdəfəlik son qoymaq, bu axmaq və qudurğan xalqı çıxdıqları yerədək qovmaqdır.

Amma bizim gecəbəgündüz müharibələr və ya cəsur döyüşçülər haqqında köhnə – “Nuh əyyamından qalma” filmləri fırlatmağımızdan bir nəticə hasil olmayacaq və bu, böyük hesabla nəyisə dəyişməyəcək.

Üstəgəl, xalqımızın xüsusi təbliğata da ehtiyacı yoxdur, çünki bircə həftənin içində əlli minə yaxın insan könüllü kimi orduya yazıldı və bunların arasında tamamilə gənc uşaqlardan əlavə nisbətən yaşlı insanlar da var və bu adamları təkcə bir istək birləşdirir: düşməni yerində oturtmaq və on illərdir ki, düşmən işğalı altında olan torpaqlarımızı geri qaytarmaq!..

Fəqət, min təəssüflər ki, bizi bu yüksək arzulara aparan yolda ən azı indiki vaxtda dəf edilməsi çox çətin olan bir sıra amansız siyasi reallıqlar da var ki, onlar bizim siyasi liderlərdən, hətta qələbə əzmi ilə qovrulan yüksək döyüş ruhlu cəmiyyətimizdən – insanlarımızdan belə asılı deyil.

Məhz bu siyasi və xüsusən də geosiyasi reallıqlar ucbatından biz torpaqlarımızın böyük bir hissəsində – 20 faizində öz iradəmizi diqtə edə, öz siyasətimizi apara bilmirik. Məsələ Ermənistanda da deyil – yox, hələ 2016-cı ildə bizim ordumuz əyani şəkildə göstərdi ki, cəmi bir neçə gün ərzində erməni işğalına son qoymaq iqtidarındadır.

Amma “Rusiya amili” deyilən acı reallıq var və biz hələ erməni lobbisinin yalançı və riyakar təbliğatının təsiri altında olan digər ölkələri, onların ermənipərəst liderlərini, rəhbərlərini demirik. Daim Rusiya – Ermənistan əlaqələrini diqqətdə saxlamağa çalışırıq, ona görə ki, düşmənin gücü bu vaxtda qədər onun Rusiya ilə ittifaqında olubdur.

Belə güman olunurdu ki, Ermənistanın yeni, “inqilabi” hakimiyyətinə görə iki sıx müttəfiq ölkə arasında ciddi “çat” yaranacaq və demək lazım gəlir ki, o, faktiki olaraq yaranıb və hazırda dərinləşməkdədir.

Bununla belə otuz illik Dağlıq Qarabağ problemi Kreml siyasi “illüzionsitləri” üçün əlverişli rıçaq kimi qalmaqda davam edir və odur ki, onlar N.Paşinyana və onun komandasına nifrət etsələr belə, Azərbaycana da “kart-blanş” verməyə tələsmirlər ki, o, özünün işğal altında olan torpaqlarını azad etsin və üstəgəl, Paşinyanı cəzalandırsın – yox, belə ssenari Moskvanın maraqlarına cavab vermir, çünki Dağlıq Qarabağı özünə qaytarandan sonra Azərbaycan üçün Rusiyanın geosiyasi cazibəsi minimum həddə enəcək və hətta ola bilsin, Bakı da Tiflis, Kişinyov və Kiyev kimi Avropaya inteqrasiya yolunu tutacaq, hətta mümkündür ki, NATO ilə yeni münasibətlər vektoru quracaqdır, baxmayaraq ki, Bakının hazırkı siyasi-hərbi seçimi də kifayət qədər möhkəm özülə söykənir, çox məntiqlidir. Amma bu fani və mürəkkəb dünyada əbədi heç nə yoxdur, siyasətdə isə vəziyyət tamam qəlizdi: bəli, ingilislər daim deyir ki, siyasətdə əbədi dostlar yox, əbədi maraqlar olur.

Məsələ hətta onda da deyildir ki, Rusiya Minsk Qrupunun üç həmsədrindən biridir. Yox, bir daha deyirik ki, problem bunda deyil, ondadır ki, hazırda regionda bərqərar olmuş siyasi arxitektura onun maraqlarına tam şəkildə cavab verir.

Bir neçə il bundan qabaq qonşu Gürcüstan ərazisindəki münaqişə ocaqlarını özü həll etmək, aradan qaldırmaq qərarına gəldi və o zaman Rusiya Gürcüstana qarşı müharibəyə başladı və yəqin ki, Avropa, ümumiyyətlə, Qərb ölkələri olmasaydı Moskva bütün Gürcüstanı işğal edəcəkdi.

Aydındır ki, onun bizim üçün də bir neçə tabuları var. Biri budur ki, ermənilər bizim sərhədlərimiz boyunca çox oyunbazlıq edə bilərlər, di gəl, bizim haqqımız yoxdur ki, bir santimetr belə düşmən ərazisinə keçib onun atəş nöqtələrini yerindəcə söndürək.

İkinci sərt qadağa budur ki, hətta bizim öz ərazilərimizin bir hissəsi, əlbəttə ki, Qarabağ bizim üzümüzə qapanıbdır. Biz onun şərti “sərhədlər”ini dəf edib, işğalın, heç olmasa, coğrafiyasını kiçiltməyi belə ağlımıza gətirə bilmərik.

Unutmayaq ki, dörd il bundan əvvəlki şanlı aprel döyüşləri zamanı da ordumuzun qəhrəmanlığına, fədakarlığına baxmayaraq biz ərazilərimizin mühüm hissəsini qaytarmağa müvəffəq ola bilmədik, çünki bəzi məlumatlara görə, Rusiyanın təzyiqi altında azad etdiyimiz bir sıra əraziləri tərk etməli olduq.

Əlbəttə ki, üçüncü yasaq da budur ki, biz mümkün qədər Avropa kəlməsini az işlətməliyik, bu haqda düşünməməliyik, sanki dünya bizim üçün Rusiya sərhədlərilə başlayır və onlarla da bitir…

Odur ki, bu regionda böyük müharibə ehtimalı elə də yüksək deyil; burada yalnız Rusiyanın müxtəlif məqsədlərlə Azərbaycana qarşı öz təzyiqini reallaşdırmaq üçün stimullaşdırdığı ayrı-ayrı hərbi epizodlar baş verə bilər. Məqsəd də bizim ölkənin daxili və xarici siyasətinin bəzi məqamlarını nizamlamaqdır.

Güman ki, ən son hadisələrin də əsas istiqaməti elə bunlar idi. Analitiklər hələ də bu hadisələri iki aspektdən yozurlar: ya bunlar “böyük qaz” savaşının bizim regiona proyeksiyası idi, ya da ki, Kreml bizi xəbərdar edirdi ki, bir dəfə Avropa Birliyi haqqında düşünəndə üç dəfə də onun Rusiya alternativi – Avrasiya İttifaqı haqqında fikirləşin!..

Burada bir məqam da var. Rusiya konstitusiyasına son düzəlişlər faktiki olaraq V.Putinə öz hakimiyyətini xeyli uzatmaq imkanı verir. Bu adamın isə bir amalı, bir ideyası var – SSRİ! Bundan başqa onun öz xalqına nəsə fərqli bir şey təklif etmək imkanı yoxdur. Faciə isə bundadır ki, ruslar da başqa şey istəmir – bunlara azadlıq və rifah yox, böyük və hamıya qorxu aşılayan Rusiya lazımdır…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Aşıq Nazilənin başına “çırpılan” kondisioner

İlahi, cəmiyyətdə nə qədər düşük, hətta özünü bu ölkənin general şəhidi ilə belə ucuz reklam …