Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Köşə Yazarları / Robespyerə, Marata obyektiv qiymət verən fransızlar və biz

Robespyerə, Marata obyektiv qiymət verən fransızlar və biz

1 aydan sonra 34 il olacaq ki, zorən atıldığımız siyasət tiyanının içində qaynayırıq. Hələ bizdən bir-iki il daha əvvəl ermənilərin Qarabağı Ermənistana birləşdirmək avantürasıyla bağlı olaraq siyasət meydanına atılanlar vardı.

Bu 34 ildə yüzlərlə, minlərlə hadisənin şahidi olmuşuq, onlarla siyasi xadim tanımışıq, on minlərlə siyasi söhbətlərə, bəyanatlara qulaq asmışıq, iki o qədər yazı, müsahibə oxumuşuq.

34 il öncə doğulan adamlar var, bu gün siyasət professorudur, telekanallarda veriliş aparır, politoloqluq edirlər. Amma siyasətə 1988-ci ildə baş vurmuş, siyasi arenanın aktörü olmuş bir çox adamlar hələ də o illərdədir: inkişaf etməyiblər, artmayıblar, düşüncə, dünyagörüş, savad, ritorika eynilə qalıb.

Üzrlü səbəbdən fikrini dəyişməyən ölülər və bu imkanda olmayan dəlilər kimi, onlar da öz fikirlərində sabitdirlər və hələ də siyasətə dair nə vaxtsa oxuduqları, öyrəndikləri tezislərlə danışır, köhnə meyarlarla yanaşırlar, əllərində “reneqat”, “satqın” sözü həkk olunmuş damğa gəzdirirlər ki, sözləri çəpləşənə yapışdırsanlar.

Buna marksist-leninçi yanaşma da demək olar, inqilab irticası da.

Bu adamlar üçün bütün varlılar burjuaziyanı, bütün məmurlar bürokratiyanı, bütün poqon daşıyanlar zor aparatını təmsil edirlər; kasıblar həmişə haqlıdır, dövlət qullquçuları həmişə haqsız və ucdantutma rüşvətxordur.

Bolşevik inqilabının ilk illərində, eləcə də inqilabdan 20 il keçənədək on minlərlə sıravi məmur, yaxud da çar əsgəri, polisi olmuş adi, kasıb qulluqçular bu düşüncəni qurbanı olaraq güllələnib, ya da həbs düşərgələrində çürüdülüblər.

Çünki bolşevizmin belə klişeləri vardı: “Bizimlə olmayan bizim düşmənimizdir”; “Sinfi düşmənin yanında olan, işinə yarayan hər kəs məhv edilməlidir”. Dövlətdən maaş alanlar inqilabçı olmadıqları, ola bilmədikləri üçün avtomatik günahkar sayılırdılar.

Eyni təfəkkür tərzi yenə də dominantdır: üçdə alacağı, beşdə verəcəyi olmayan, ailəsini 3-5 manatlıq maaşla dolandıran minlərlə sıravi məmurla şəhərin, ölkənin, dünyanın dörd bir yanında mülklərə sahib olan odioz oliqarx-məmurların arasında bərabərlik işarəsi qoyanlar var. Onlara görə, adi məmur da korrupsionerdir, ali mənsəbli məmur da. Nəinki hakimiyyətlə arası xoş olan, hətta ona loyal olan ziyalılar belə vaxtaşırı qınaq, pisləmə kampaniyasına, psixoloji terrora məruz qalırlar. Müxalifət qüvvələrinə yaxın olan ziyalılar da bənzər münasibəti iqtidar düşərgəsindən görür.

Sovet dönəmində, xüsusilə də ötən əsrin 50-ci illərindən ta SSRİ dağılana qədər yüksək vəzifələrdə çalışan yerli kadrlara münasibətdə də xüsusi klişe var: “Hamısı sovet-kommunist ideologiyasının daşıyıcısı olublar, rusa qul olub, Moskvaya nökərçilik ediblər, xalqın əzilməsində, istismar olunmasında iştirakçı olublar” və s. Eyni meyarı sovet dövrünün parlaq ziyalılarına – yazıçı-şairlərə, rejissorlara, jurnalistlərə də şamil edirlər.

Bəs bu kadrlar və ziyalıların öz mövcudluqları, açıq-gizli fəaliyyətləri ilə Azərbaycan ideyasını yaşatdıqları, milli dəyərləri qoruduqları, milliyyətçilik xətti yeritdikləri faktları necə olsun? Bunlar da olub axı. Milli bayramların qeyd edilməsi, leqallaşdırılması üçün dava döyənlər, ana dilimizin məmləkət miqyasında dövlət dili olması üçün karyerasını qurban verənlər, yazdığı əsərlərlə xalqın qan yaddaşını təzələyənlər, Kremlin yeritdiyi rusifikasiya siyasətinə qarşı çıxanlar olub.

Biz ölkəmizin son yüz ilinin tarixində iz qoyanları hərtərəfli, mənfi-müsbətlərini qeyd edərək, obyektiv qiymətləndirə bilmirik.

Qafasını cazibədar sovet-bolşevik ideologiyasına qapdıranların içində yanıldıqlarını sonradan anlayanlar, ancaq səhvlərini düzəltməyə macal tapmayanlar da olub, yüksək vəzifədə çalışdığı zaman puç ideyalara könül verməyə-verməyə mənsub olduğu xalqa faydalı olmağa çalışanlar da.

Bir siyasi xadimin portretini yaradarkən onu bütün ştrixləri ilə işləmək lazımdır. Ancaq oxucu kütləsi umur ki, əgər bir adam ictimai rəydə mənfi obrazdadırsa, yazılan yazılar mütləq həmin fikri daha da gücləndirməlidir. Yox, bir adam müsbət obrazda tanınırsa və ya artıq elə tanınması “məsləhət”dirsə, heç kəs o fotoşopdan keçirilmiş obraza xələl gətirəcək ştrixlərə əl atmamalıdır.

Vəzirovun ölümü məsələsində elə oldu. Bəzi adamlar 32 il öncə bu şəxsə dair beyinlərinə yerimiş və ya yeridilmiş obrazı pozacaq fikirlər, tezislər oxumaq istəmir, ona qarşı çıxırdılar. Halbuki adam öz mənfisi, müsbəti olan şəxs idi.

Sabah eyni məsələ Ayaz Mütəllibovun da başına gələcək. Yenə kimlərsə sabiq prezidentin şəxsiyyətinə və fəaliyyətinə dair beyninə həkk etdiyi klişedən kənara çıxmaq, əlavə informasiyalar qəbul etmək istəməyəcək.

30 il əvvəl baş vermiş hadisələrə hələ də səngiməmiş kin-küdurətlə yanaşan adamlar elə açıqlamalar, şərhlər yazırdılar ki, sanasan, tutaq ki, mərhum hansısa seçkili bir orqanda təmsil olunmaq üzrədir və onlar öz yazıları ilə buna mane olmaq üçün mükəlləfdirlər.

Bu xüsusda istisnalar da var: Surət Hüseynov. Onun adı birmənalı olaraq yamanlar qrafasındadır. Yenicə müstəqillik qazanmış, demokratiya yoluna təzəcə qədəm qoymuş gənc respublikada silahlı və qanlı qiyam törədən, vətəndaş müharibəsi başladan bir adamla bağlı mübahisə doğuracaq heç nə yoxdur.

Bununla belə, biz yaxın tariximizə dair gerçəkləri ona görə dolğun bilməliyik ki, ədalətli ola bilək, yanılmayaq, baş verən hadisələrin mahiyyətini, alt qatını, pərdəarxasını öyrənək, fikir bildirəndə təhrifə yol verməyək. Bu, bizim “yaxşı nədir, pis nədir” sualına doğru cavab verməyimizi, düzgün düşünməyimizi təmin edəcək. Bu sayədə biz gələcəkdə bənzər qəliz situasiyalara düşəndə optimal şıxış yollarını asan tapa biləcəyik.

Vaxt gələcək, müasir fransızlarının Robespyerə, Dantona, Marata, Antuana, Napoleona, Taleyrana, Fuşeyə obyektiv qiymət verdikləri kimi, biz də keçmiş hərəkatçılara, 1988-93-cü illərdə baş verənlərə dürüst qiymət verməyi öyrənəcəyik. İndilikdə isə məsələyə müxtəlif subyektiv prizmalardan yanaşır, siyasi ehtiraslara qapılır və ədalətli ola bilmirik.

Xalid KAZIMLI

Həmçinin oxuyun

Nə istəyirsiniz? Nikolun Şuşada yallı getməyini?

Sosial şəbəkələri hüznlə izləyirəm. İnsanlarımız qəzəbli, aqressiv və üzgündürlər. Haqlı olaraq. Bir gündə 4 şəhid… …