Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Radioefir məkanında matəm qaydaları sonadək qoruna bilmədi…

Radioefir məkanında matəm qaydaları sonadək qoruna bilmədi…

Azər Həsrət: “MTRŞ bu vəziyyəti tənzimləmək üçün televiziya və radiolara xüsusi təlimatlar göndərməlidir”

“Hüzn və matəm günlərindəki davranışlar, yayım siyasəti həmin sənəddə konkret şəkildə öz əksini tapmalıdır”

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olundu.
Bununla bağlı qərarı Azərbaycan Prezidenti İlham Əliyev verdi. Qərara əsasən, 6 dekabr 2015-ci il mətəm günü elan edilib. Respublika ərazisində və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endirilib, əyləncə xarakterli tədbirlər təxirə salınıb, radio və televiziyalara, habelə digər media orqanlarına şou tipli verilişlərə yer verməmək tövsiyə olunub.
Ancaq maraqlıdır ki, bütün dünyanın gözünün bizə dikildiyi, ən böyük dövlətlərin rəhbərlərinin belə bizim faciəmizə kədərləndiklərinin ifadəsi olaraq başsağlığı verdikləri vaxtda bizim bəzi televiziya və radiolarımız matəm proseduruna əməl etməyib.
Xüsusilə də FM tezliyində yayılan əksər radiostansiyalar bütün matəm gününü fəaliyyətini əvvəlki iş qrafikinə uyğun davam etdirib.
Rəsmi dövlət qurumu olan Milli Televiziya və Radio Şurası (MTRŞ) isə bəzi televiziyaların matəm günü pul qazanmaq arzusunda olduğundan narahatlıq ifadə edib. Qurumun yaydığı məlumatda deyilir: “Bəzi televiziya kanallarında “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub. Hazırda bununla bağlı tərəfimizdən arayış hazırlanır. Bu məsələ Şurada müzakirə olunacaq”. Bunu Milli Televiziya və Radio Şurasının Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8 bəndinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində teleradio proqramlarında (verilişlərində) reklam yayımlanması qadağandır: “Televiziyaların xəbər departamentləri, rəhbərlik artıq faciədən xəbərdar idilər. Hətta elə telekanallar olub ki, dünən günorta saatlarında, 15-16 radələrində efirdə reklam veriblər. Saat 11-ə qədər efirə verilən reklamları haradasa başa düşmək olardı, lakin 12-dən sonra reklamları dayandırmamaq heç bir məntiqə sığmır”.
Matəm günü ilə bağlı tələbləri bəzi KİV-lərin pozması nə ilə bağlıdır və bu məsələdə məsuliyyəti kim daşıyır?
Tanınmış media eksperti Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, belə halların baş verməsi həmin KİV-lərə rəhbərlik edən şəxslərin duyğusuzluğu ilə bağlıdır: “Matəm günü mənim özüm də bu məsələni müşahidə etdim. Hazırda matəm və hüzn günlərilə bağlı KİV-lərə, xüsusilə də televiziya və radiolara qanunvericiliklə tənzimlənən çərçivədə təlimatlar verilmir. Yəni vəziyyət belədir ki, necə davranmaq həmin KİV rəhbərliyinin vicdanından asılı olur. Bütün şəxslər fərqli xarakterlərə malik olduqları üçün onların duyğu hissləri də eyni deyil. Matəm tələblərinə əməl etməyənlər, həmin günü də maksimum çox pul qazanmağı qarşısına məqsəd qoyanlar başqasının dərdinə acımağı bacarmayanlardır. Mən buna təəssüf edirəm. Hesab edirəm ki, MTRŞ bu vəziyyəti tənzimləmək üçün televiziya və radiolara xüsusi təlimatlar göndərməlidir. Hüzn və matəm günlərindəki davranışlar, yayım siyasəti həmin sənəddə konkret şəkildə öz əksini tapmalıdır. Əməl etməyənlər həmin təlimata uyğun şəkildə cəzalandırılmalıdır. Belə məsələdə insan faktorunu qanunun tələbləri ilə əvəz etmək lazımdır. Çünki hər il təkrar olunan 20 Yanvar və ya Xocalı faciəsinin anılması günü də biz vahid bir efir siyasətini görmürük”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın