Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Qulu Məhərrəmlinin dostları AzTV-nin 3 saatlıq videosuna cavab verdilər

Qulu Məhərrəmlinin dostları AzTV-nin 3 saatlıq videosuna cavab verdilər

Media mütəxəssisi, professor Qulu Məhərrəmlinin Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı müsahibəsində AzTV-nin hazırki fəaliyyətini tənqid etməsinin ardından qarşı tərəf kollektiv olaraq, teletənqidçiyə qarşı hücuma keçib.

Belə ki, AzTV rəhbərliyinin tələbi ilə bu qurumun 28 əməkdaşının çıxışlarından ibarət təxminən 3 saatlıq bir video hazırlanıb və həmin videoda AzTV sədri Arif Alışanov təriflənib, Qulu Məhərrəmli isə tənqid və təhqir olunub. Bu tənqid-təhqir bəzi iqtidaryönlü mətbuat orqanlarında da davam edir. Bəziləri daha da irəli gedərək, Q.Məhərrəmlini vaxtilə Milli Şuraya dəstək olmaqda, Rauf Mirqədirovu dəstəkləmək xətti ilə vətənə xəyanətdə ittiham ediblər.

Media eksperti Zeynal Məmmədli AzTV-nin öz işçilərini belə bir kompaniyada alətə çevirməsini ictimai əxlaq baxımından yolverilməz hərəkət adlandırdı: “Mən bu məsələnin bütün detalları ilə tanış deyiləm. Bəlli dərəcədə bilgim var. Burada şəxsləri qabartmaqdan çox, bütövlükdə olaydan istifadə edərək mövcud durumu göstərmək lazımdır ki, nə qədər acınacaqlı bir durumdayıq. Haqlı-haqsız məsələsinə mən qəti qarışmıram. Ancaq bir yerdə ki, müdir rəhbəri olduğu təşkilatdakı insanları çıxarıb, özünü müdafiə etdirirsə, artıq burada kimin günahkar, kimin günahsız olmasının heç bir əhəmiyyəti yoxdur, bunun özü dözülməz hərəkətdir. Belə hərəkətlərin özü ictimai əxlaq baxımından cəzasız qalmamalıdır. Bu, çox pis nümunədir və yolverilməz hərəkətdir. İnsanların öz işini itirməkdən qorxmasını nəzərə alsaq, onların danışıqlarının doğrumu olduğu, yoxsa, məcburiyyətdənmi irəli gəldiyi şübhəli qalır. Üstəlik, bu məsələnin ictimai önəmi də sual altındadır, cəmiyyətin bunu niyə bilməli olduğu da cavabsız qalır. Bu baxımdan mən bu prosesi ürəkağrısı ilə qarşıladım”.

Zeynal Məmmədli bu məsələnin mediada reytinq qazanmaq üçün bir vasitəyə çevrilməsindən də narazılığını ifadə etdi: “Burada medianın da bir problemi ortaya çıxdı ki, media özünü oxutdurmaq, özünə baxdırmaq üçün ictimai önəm məsələsini arxa plana atır, zahiri dedi-qodunu, insanların tanınması məsələsindən istifadə edərək onu ön plana çəkir. Konkret olaraq Qulu Məhərrəmlinin tanınmış olması faktı medianın obyektinə çevirir. Bu cür olaylara ictimai qınaq olmalıdır. Təbii ki, bu baş verənlərin Qulu Məhərrəmliyə qarşı olması da önəmlidir. Ancaq bu məsələlərdə mən “dostum mənə doğmadır, ancaq həqiqət ondan da doğmadır” prinsipi ilə hərəkət edirəm. Yəni, tanımadığım bir adam olsaydı da, mən bu məsələdən eyni dərəcədə narahat olardım. Bu məsələnin mahiyyətində nə durur. Nəyə görə birdən-birə belə bir video düzəldilib efirə verilməli idi. İnsanlar bir-birinə deyəcəkləri sözləri niyə efir vasitəsi ilə bütün ictimaiyyət qarşısında deyirlər. Bu, çox pis haldır. Biz artıq 21-ci əsrdə yaşayırıq, ancaq hələ də insanlar ictimai əxlaqla özəl əxlaqı bir-birinə qarışdırırlar”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə musavat.com-a açıqlamasında bu məsələdə bir siyasi xətt olduğunu da istisna etmədi: “Qulu müəllim, kifayət qədər sərbəst və azad fikirli adamdır. O, bir çox universitetlərdə dərs deyir və bəlkə də onun tələbələrin fikirlərinə müəyyən təsirinin ola biləcəyindən qorxurlar. Ola bilər ki, bu kompaniya da onu işdən çıxarmaq, neytrallaşdırmaq məqsədi daşıyır. Çünki, onun kimi azad düşüncəli adam təhsil ocaqlarında yetərincə azdır. Bu mənada hökuməti narahat edə bilər, xüsusən indiki böhran vəziyyətində… Bu proses onu universitetdən uzaqlaşdırmaq üçün atılan bir addım da ola bilər”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da qeyd etdi ki, bu prosesin incəliklərindən və məqsədindən xəbərsizdir: “Qulu Məhərrəmli mənim gözəl həmkarım, həm də yaxın dostumdur. Onun həm peşəkar, həm də insani keyfiyyətlərinə yaxşı bələdəm. O, heç vaxt heç kimə şər atmayıb və hər zaman öz obyektiv fikrini bildirib. Sadəcə olaraq, indi obyektiv fikir bildirmək qəhrəmanlığa bərabər işə çevrilib. Obyektiv tənqidin subyekti isə sizin qan düşməninizə çevrilir. Bizdə təəssüf ki, tənqid olunan subyekt tənqiddən nəticə çıxarmağı demirəm, tənqiddə heç olmasa, zərrə qədər də olsa, həqiqətin ola biləcəyini istisna edir. Çünki insana elə gəlir ki, ondan yaxşısı yoxdur. Ancaq kənardan insanın zəif nöqtələri daha asan görünür. Tənqidə diqqətlə yanaşıb, deyilən problemləri aradan qaldırmaq lazımdır. Bizdə isə əksinə insana çamur atmağa başlayırlar, insanı ləkələməyə çalışırlar. Bu da xoşagəlməz bir haldır”.

Məsələnin əsl mahiyyətini öyrənmək üçün tənqidlərə məruz qalan teletənqidçi, media eksperti Qulu Məhərrəmli ilə də əlaqə saxladıq. O, Ankarada Xocalı faciəsinin ildönümü ilə bağlı keçirilən beynəlxalq tədbirdə olduğunu və ölkəyə qayıtdıqdan sonra bu haqda ətraflı danışacağını bildirdi. (musavat.com)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın