Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Qulu Məhərrəmli: “Televiziyalardan yalan yığışdırılmalıdır”

Qulu Məhərrəmli: “Televiziyalardan yalan yığışdırılmalıdır”

“Bizim televiziyalarımızda bəzən elə şeyləri efirə verirlər ki, ekrana baxırıq, bizim ölkədən danışıb-danışmadıqlarını anlaya bilmirik”

Teletənqidçi, jurnalist Qulu Məhərrəmli televiziya proqramlarının formatında edilən dəyişiklərə münasibət bildirib.
Musavat.com saytına açıqlama verən Q.Məhərrəmli qeyd edib ki, MTRŞ-nın teleməkanda gördüyü tədbirlər öz effektini göstərir: “Mənə elə gəlir ki, son vaxtlar televiziya kanalları ilə bağlı MTRŞ-nın gördüyü tədbirlər sırf inzibati tədbirlərdir və müəyyən dərəcədə effekt verir. Lakin bu tədbirləri uzun ömürlü hesab etmək olmaz. Televiziyalarda yaradıcı proses sürətlənmir. ANS-də müəyyən dəyişikliklər var, “ATV” nələrsə etməyə çalışır,  “Xəzər TV” hiss olunur ki, proqram formatlarında yenilik edir. Başqa televiziyalarda isə bu proses görünmür. Yeni il, yeni mövsüm gəlir. Arzuolunandır ki, fərqli, milləti ifadə edən layihələr olsun, tamaşaçılar ona maraq göstərsin. Məsələn: Bu gün beynəlxalq layihələri ölkəmizə gətiririk. AzTV-də  adı da əcaib olan “Səs Azərbaycan” yayımlanır, format olaraq yaxşıdır, çalışırlar ki, maraqlı proqram alınsın. Lakin bu layihə bizim teleməkanda olan layihələrin başqa formasıdır.
Vaxtında “Space”, “ATV” bu cür musiqi yarışları hazırlayıb. Televiziya sahəsində önəmli, vacib yeniliklər yoxdur. Camaat  informasiyanı niyə internetdə axtarır? Maraqlı, alternativ proqramlar, fikirlər olmayanda tamaşaçının marağı televiziyaya az olur. İnternet televiziyalara baxanda fərqli proqram formatları görürəm. “APA TV” və “Kanal 13”də insanı düşündürən müəyyən verilişlər var. Xalqımızın  indiki situasiyada qarşısında duran problemlər və onların həlli yolları, siyasi- ictimai sahədə baş verənlər, mənəvi məsələlərlə bağlı proqramlar olmalıdır. ANS-də bəzi şou proqramlarda artıq  ictimai, aktual mövzuları müzakirə etməyə başlayıblar. Xalq artıq o verilişlərə maraq göstərir. Şou proqramlara hücum çəkib onları sıradan çıxartmaq olmaz. Televiziyalarda balans olmalıdır, bütün veriliş kateqoriyaları öz əksini tapmalıdır. Bir mozaika olmalıdır, televiziyalarda rəngarənglik əksini tapmalıdır.
Ya kəskin şəkildə şounu çoxaldırıq, ya da tam şou proqramları azaldırıq. Belə televiziya  siyasəti qurmaq olmaz, televiziyalar öz təbii inkişaf yolu ilə getməlidir, üzərinə düşən missiyanı yerinə yetirməlidir. O zaman  auditoriya ilə arasındakı əlaqələr möhkəmlənəcək. Tamaşaçıya lazım olan, onun dünyagörüşünü inkişaf etdirən, estetik zövqünü formalaşdıran verilişlər efirə verməliyik. Televiziyalardan yalan yığışdırılmalıdır. Bizim televiziyalarımızda bəzən elə  şeylər efirə verirlər ki, ekrana baxırıq, bizim ölkədən danışıb-danışmadıqlarını anlaya bilmirik.
Cəmiyyəti əks etdirməyəndə, reallığa uyğun olmayanda  televiziyalar qəbul olunmur. Hazırda hamının alternativ informasiya mənbəyi var, peyk vasitəsilə dünyaya baxırıq, internet vasitəsilə dünyada baş verənləri izləyirik, hər yerdə gedən prosesləri bilirik. Bu qədər prosesin qarşısında  bizə bəsit, primitiv verilişlər təqdim edəndə o bizim duyumumuzla, dünyagörüşümüzlə üst-üstə düşmür və onu qəbul etmirik. İndi televiziyaların qarşısında ciddi məsələlər dayanır. Bunu da həll etmək üçün peşəkarlıq artırılmalı və televiziyalara verilən sərhədlər genişlənməlidir”.
Media eksperti ədəbi dil qaydalarını pozan teleaparıcıların tez-tez tənqid olunmasından da söhbət açıb:
“Monitorinq keçirildi. Bəziləri buna çox adekvat olmayan reaksiyalar verdi, bir-birlərini ittiham etdilər. Dilçilik İnstitutunu tənqid etməyə başladılar. Halbuki, monitorinqin dirijoru və lokomotivi  Milli Teleradio Şurası və Elektron Yardım İctimai Birliyidir.  Dilçilik İnstitutunun mütəxəssisləri konfransda iştirak ediblər. Dil mənzərəsi əsas məsələlərdən olmasa da , hər halda  bu gün qəbul olunan mövzulardan biridir. Televiziyada normal danışmaq, ədəbi dil qaydalarını gözləmək lazımdır.
Təəssüf ki, monitorinq göstərdi ki, teleaparıcılar dil məsələsinə barmaqarası baxırlar, necə gəldi danışırlar. Başa düşməlidirlər ki, onların danışığı mətbəxdə iki nəfərin söhbəti deyil, onlar müəyyən qaydaları olan ədəbi dildə danışmalıdırlar. Xəbər dili fərqlidir, şou dili fərqli. Konfransda  səsləndirilən iradların hamısı aparıcılara aid deyil.  Bəzən aparıcıya yazılıb verilən mətn ədəbi dil qaydalarına uyğun olmur. Lakin bu səhv aparıcının günahı kimi təqdim olunur.  Aparıcılar efirə hazırlıqlı çıxmalı, televiziyaya peşəkar adamlar buraxılmalıdır. Peşəkarlığın səviyyəsinin artırılmağı vacibdir. Bizim bəzi televiziyalarımız peşəkarlıq baxımdan ciddi şəkildə axsayır”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın