Ana səhifə / Köşə Yazarları / Qulu Məhərrəmli: “Nuşirəvan müəllimin tənqidləri həyəcan təbilidir”

Qulu Məhərrəmli: “Nuşirəvan müəllimin tənqidləri həyəcan təbilidir”

Məlum olduğu kimi, MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin televiziyalar haqqında verdiyi açıqlama geniş müzakirə mövzusuna çevrilib. Qurum sədri hazırda televiziyalarımızda daha çox sağlamlıq və mətbəx verilişlərinin olmasında gileylənib. Onun sözlərinə görə, bu cür proqramlar həddən artıq ifrata varanda öz məqsədinə çatmır, əks-effekt yaradır.

Bəs televiziya kanallarında proqramlar necə tənzimlənməlidir?

Mövzu ilə əlaqədar televiziya mütəxəssislərinin rəyini öyrənməyə çalışdıq.

Televiziya eksperti, jurnalist Qulu Məhərrəmli qeyd etdi ki, MTRŞ sədrinin tənqidləri ilə tamamilə razıdır:

“Televiziya yayımı ilə bağlı konkret konsepsiya olur. Yəni müəyyən edilir ki, filan televiziya nə istəyir, hədəfi nədir və sairə. Həmin konsepsiyaya uyğun olaraq da proqram strukturu, beləliklə xəbər, analitik, maarifçi, əyləncəli proqramlar yaranır. Bunlar televiziya yayımının elementləri hesab olunur. Tutaq ki, bizdə əksəriyyəti ixtisaslaşmış universal televiziyalardır və yuxarıda qeyd etdiyim proqramların hamısı həmin televiziyaların veriliş cədvəllərində yer tutmalıdır. Amma Nuşirəvan müəllimlə mən də razıyam ki, bu gün Azərbaycanda hər kəsin baxa biləcəyi və yaxud əksəriyyəti öz ekranı qarşısına toplaya biləcək veriliş demək olar ki, yoxdur. Əvvəllər yenə bəzi televiziya kanallarında babat verilişlər var idi. Lakin bu gün çox təəssüf ki, onlar da artıq yoxdur. Ümumiyyətlə, parlaq verilişlər yoxdur, parlaq aparıcı azdır, xəbər proqramları zəifləyib, verilişlərin hazırlanma keyfiyyəti aşağı düşüb. Ona görə də MTRŞ sədri axırda bu cür açıqlama vermək məcburiyyətində qalıb. Qurum sədrinin dediyi iradlar doğru irad, tənqidlərdir”.

Ekspert qeyd etdi ki, yerli televiziyalar öz funksiyalarını yerinə yetirə bilmir: “AzTV, İTV də daxil olmaqla maraqlı verilişlər azalıb, demək olar ki, yoxa çıxıb. Bu gün yalnız televiziya kanalları içərisində ARB və qismən də ATV kanalında baxımlı verilişlər var. Hiss olunur ki, həmin verilişlər keyfiyyətli hazırlanır, onların üzərində yaradıcı işləri aparılır və tamaşaçılara çatdırılır. Digər televiziyalar isə dönüb olub eksperimental studiyalar. Verilişlər hazırlanır, iki aydan sonra yoxa çıxır və yaxud iki nömrəsi gedir, daha sonra dayandırılır. Beləliklə, televiziyalarda strateji düşüncə yoxdur. Bu cür verilişlər olmayanda da tamaşaçıları ekrana bağlamaq çətinləşir. Dünyada televiziya göz qabağında olan bir şeydir. Məsələn, BBS universal bir televiziyadır və onun heç bir verilişi havaya atılan güllə kimi deyil. Bütün verilişləri strateji hazırlanır, gərəkli proqramlardır, tamaşaçıları cəlb edir və faydalanır. Bəs niyə bizdə xəbər proqramları tamaşaçıları cəlb edə bilmir, maarifləndirici proqramlar zəifdir?”

Qulu Məhərrəmli yerli kanallarda dil proqramlarının olmamasının təəssüf doğurduğunu vurğuladı: “Bu gün bütün dünya televiziyaları dil proqramları təqdim edir. Bizdə isə demək olar ki, bu proqramlar yoxdur. İTV kifayət qədər zəifləyib, yəni hazırda onun cəlb edən proqramları azalıb. Fikrimcə, bunun da 3 ciddi səbəbi var. Birinci səbəb odur ki, televiziyalarımızda yaradıcılıq sərbəstliyi, müstəqillik meydanı daralıb. İkinci səbəb – peşəkarlıq aşağı düşüb. Üçüncü isə televiziya rəhbərləri və aparıcılar, prodüserlər tamaşaçı, auditoriya qarşısında məsuliyyəti sanki unudub. Bunlar ciddi nöqsanlardır və hesab edirəm ki, bu problemlərlə bağlı ciddi nəticə çıxarılmalıdır. Nuşirəvan müəllimin televiziya proqramlarının keyfiyyətinin aşağı səviyyədə olması ilə bağlı tənqidləri həyəcan təbilidir. Hesab edirəm ki, televiziya rəhbərləri, eləcə də MTRŞ özü də bununla bağlı ciddi iş aparmalıdır”.

Image result for Media eksperti Zeynal Məmmədli

Media eksperti Zeynal Məmmədli də qeyd etdi ki, televiziyaların son durumu qaneedici deyil: “Mən televiziya ilə bağlı olduğum üçün qane etməmək hissi həmişə öndə gəlməlidir. Amma biz ayırd etməliyik ki, hansı televiziyamızda intellektual-potensial xəritə necədir, hansı peşəkar qaydalar güdülür, peşəkarlıq səviyyəsi, verilişlərin hazırlanması üçün tələb olunan maliyyə nə yerdədir, komanda toplamaq imkanı, prodüserlərin özlərinin hazırlıq səviyyələri necədir və sairə. Bütün texniki-riyazi elementləri bir yerə toplayanda görürük ki, Azərbaycan televiziya məkanı çox təəssüf ki, yaradıcı sərbəstlikdən, azadlıqdan, gərəkli reklam bazarından çox uzaqdır. Bu da istər-istəməz keyfiyyətə də təsir göstərir.

Yəni nəzərə alınmalıdır ki, bu əyləncə proqramlı televiziyadır, yoxsa xəbər proqramlı, burdakı komanda nəyi daha yaxşı bacarar, meneceri kimdir, kanal kadrların bacarığına görə bir araya gəlir, yoxsa auditoriyanın tələbatına hesablanır və sairə. Yollar müxtəlif ola bilər, amma qərar verilməlidir ki, rəqabət şəraitində hansı verilişi necə parlaq hazırlamaq olar. Guya ki, biz ideal bir nisbət tapıb, onu icra etsək televiziyalar baxılacaq? Xeyr, baxılmayaq. Televiziyalarda yuxu gətirən xəbər proqramları var, xüsusən də büdcədən maaliyyələşən kanallarda. Yəni nisbəti güdməklə heç nə düzəlməyəcək. Söhbət o nisbəti parlaq, peşəkar etməkdən gedir. Nuşirəvan müəllim də dünya standartlarından bir nümunə çıxartmalı, təqdim etməli, tövsiyələrini verməlidir”. (Musavat.com)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın