Ana səhifə / Köşə Yazarları / Qulu Məhərrəmli məhkəmədə bütün sirləri açdı – ŞOK

Qulu Məhərrəmli məhkəmədə bütün sirləri açdı – ŞOK

Dünən Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə BDU-nun professoru, tənqidi fikirlərinə görə cinayət təqibinə məruz qalmış professor Qulu Məhərrəmliyə qarşı AzTV sədri A.Alışanovun xüsusi ittiham qaydasında şikayəti əsasında növbəti məhkəmə prosesi keçirildi. “Təzadlar”ın məhkəmə prosesində iştirak edən əməkdaşı Qulu Məhərrəmlinin çıxışının tam mətnini əldə edib. Aşağıda təqdim edirik:
Bu məhkəmə söz azadlığına və tənqidi düşüncəyə məmur basqısıdır
(Prof. Q.Məhərrəmlinin 15.09.2016 tarixli məhkəmə iclasında çıxışının mətni)
Möhtərəm hakim!
Əvvəla, onu deyim ki, bu məhkəmə işinin qanunsuz olaraq icraata götürülməsindən keçən vaxt bir daha aydın göstərir ki, mənə qarşı aparılan cinayət təqibinin hüquqi əsası və predmeti yoxdur. Ölkənin bir çox ziylılarının, hüquşünasların, ictimai xadimlərin, qələm adamlarının, hətta ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatlarının ekspertlərinin mənfi münasibət bildirdiyi bu məhkəmə prosesi, sadəcə qeyri-peşəkarlığı, yarıtmaz işi, ciddi nöqsanları mətbuatda tənqid olunmuş vəzifəli məmurun istəyinə uyğun şəkildə davam etdirilir. Yəni xüsusi ittihamçı, yüksək post tutsa da peşəkar dairələrdə və ictimai rəydə yerində olmayan, göstərilən etimadı doğrultmayan məmur kimi qəbul edilən AzTV sədri A.Alışanov ünvanına deyilmış haqlı və əsaslı tənqidi həzm edə bilmir.
Göstərilən səbəbdən də Şikayətçi tutduğu vəzifədən sui-istifadə edərək məhkəmədə uydurma şərəf-ləyaqət davası açmağa nail olub. Bununla o, məsələni şəxsi müstəviyə çəkməyə, problemin ictimai mahiyyətini azaltmağa və dövlət işində yol verdiyi ciddi nöqsanları ört-basdır etməyə çalışır. Halbuki burada söhbət şəxsi məsələdən deyil, söz-mətbuat, fikir və tənqid azadlığına məmur basqısından, tənqidə dözümsüzlükdən, tənqidi düşüncəni məhkəmə ilə təhdid etməkdən gedir. Bu baxımdan vəzifəli şəxs kimi A.Alışanovun qanunsuz əməlləri tənqidə görə təqibi qadağan edən ölkə Konstitusiyasının müvafiq maddəsi ilə daban-dabana ziddiyyət təşkil edir. Mən işin mahiyyəti ilə bağlı hakimə verdiyim yazılı izahatdakı bu məqamı vurğulamaq istəyirəm: AzTV sədri müsahibəmdə onun barəsində, guya bilə-bilə yalan danışmağımdan, nüfuzuna xələl gətirən məlumatlar yaymağımdan (guya bu müsahibəyə qədər çox hörmətli imiş) və onu təhqir etməyimdən şikayətlənir, amma 3-4 telekanala rəhbərlik edən bu adam məhkəməyə yazdığı uzun-uzadı ərizədə konkret hansı məlumatları böhtan, hansı sözləri təhqir, nəyi söyüş hesab etdiyini müəyyənləşdirə bilmir? Deyə bilmir ki, hansı söz və ya ifadə onun şərəf-ləyaqətini alçaldıb. Şikayətdə bu əsas sualın aydın cavabı yoxdur, əvəzində tənqidi süngü ilə qarşılamaq, müsahibədə işlətdiyim mənfi yüklü sözlərin hamısının misal gətirilməsi və qeyri-müəyyənlik var və şəxsinin təhqir olunmasından sızıltı var.
Mənim üçün A.Alışanov deyilən fərd şəxsi planda heç bir mahiyyət daşımır, onun varlığı ilə yoxluğu heç illərlə yadıma da düşməz. Amma bu adam məmurdur, yüksək post tutur, dövlət televiziyasının rəhbəridir. Mən də müsahibəmdə “sədr kreslosuna əyləşmiş bu şəxs” cümləsi ilə dəqiq sərhəd cızaraq onu, məhz bir məmur kimi iri plana gətirmişəm, yerində olmayan, yaradıcı menecmenti bilməyən, işini yarıtmayan, bacarıqsız vəzifə sahibi kimi tənqid etmişəm. Demişəm ki, dövlətin daim qayğı göstərdiyi, hər il milyonlarla vəsait ayırdığı AzTV-nin bir çox ciddi nöqsanları, məhz A.Alışanovun qeyri-peşəkar olmasından, yaradıcı prosesi yönəldə bilməməmsindən qaynaqlanır.
Mən bu tənqidi fikirləri həyatının böyük bir hissəsini televiziya düşüncəsinin inkişafına həsr edən insanlardan biri kimi peşəkar mühit qarşısında mənəvi məsuliyyətimi dərk edərək səsləndirmişəm. Yenə də bu fikirdəyəm ki, A.Alışanov rəhbər kimi dövlətə məxsus olan bir qurumun üzərinə rəsmi nizamnamə ilə qoyulmuş funksiyaları lazımı səviyyədə reallaşdıra bilmir. Ona görə ki, bu şəxsdə sədr vəzifəsinin tələb etdiyi intellektual-yaradıcı və idarəçilik imkanları yoxdur. Araşdırdığım teleradio tarixində Alışanov qədər mənfi reputasiyalı, onun qədər zəif, aşağı səviyyəli, fərsiz, dağıdıcı və yarıtmaz rəhbər olmayıb.
Bir tərəfdən, AzTV-nin yaradıcılıq ənənələrinə arxa çevrilməsi, verilişlərin səviyyəsinin aşağı düşməsi, proqram diferensiasiyasının pozulması, digər tərəfdən isə idarəçilikdəki nöqsanlar – mənasız struktur və kadr dəyişiklikləri, yaradıcılıq və istehsalat mühitinin peşə standartlarına deyil, bəsit şəxsi istəklərə tabe etdirilməsi, maaşların ləğvi, ədalətin pozulması və s. A.Alışanovun qeyri-peşəkarlığının “bəhrələri”dir. Mən hələ bu quruma ayrılan milyonların necə və hara xərclənməsindən və sədrin bu sahədəki “şücaətləri”ndən danışmıram. Bu barədə ciddi mətbuat kifayət qədər yazır.
Bunları sadalamaqda deməyim odur ki, mən AzTV sədrini şəxsi münasibətə görə deyil, ictimai motivlərə görə, vaxtilə özümün də çalışdığım telekanalın düşdüyü vəziyyətdən doğan narahatlıq hissinə görə görə tənqid etmişəm. Mən subyektiv ola bilərəm, amma fikrimcə, bir rəhbər kimi A.Alışanovun ümumi işə ziyan vuran xeyli çatışmayan cəhətləri vardır və mən də bunların yalnız bir qismini göstərmiş, izah və tənqid etmişəm. Bəlkə birbaşa tənqid obyektinin xarakteri ilə bağlı olaraq bəzi ifadələr sərt deyilib, amma heç bir təhqirə yol verilməyib. Bir də başqa məmurlar kimi, AzTV sədri də bilməlidir: beynəlxalq qanunlara görə, vəzifə adamının peşəkar fəaliyyəti, tutduğu vəzifə ilə bağlı deyilən bütün ağır, mənfi çalarlı sözlər, kəskinlik dərəcəsindən asılı olmayaraq təhqir sayıla bilməz. Yüksək vəzifə tutan məmur hər cür tənqidə dözümlü olmalıdır, çünki onun fəaliyyəti birbaşa cəmiyyətlə bağlıdır.
Məndə belə bir qənaət yaranır ki, bir çoxları kimi, bizim şikayətçi də tənqidlə təhqiri ayıra bilmir. Bilmək lazımdır ki, təhqir bir anlayış kimi özündə, ilk növbədə biədəb, nalayiq ifadələri, söyüşü ehtiva edir. Aydındır ki, A.Alışanov da, onu məhkəməyə ruhlandıranlar da kəkin mənfi çalarlı sözləri yanlış olaraq təhqir sayıb. Məncə, AzTV sədri “təhqir” harayı salmaqla həm də tənqidin yaratdığı məsuliyyətdən yayınmaq istəyir. Ona görə adam vəzifəsindən sui-istifadə edərək məsələni şəxsi müstəviyə çəkmək, tənqidlərin təsirini azaltmaq, nə yolla olursa-olsun təhqirə məruz qaldığını, şərəf-ləyaqətinin tapdalandığını təsdiqlətmək istəyir. Bir də məhkəmə vasitəsi ilə potensial tənqidçilərə əzələ nümayiş etdirməyə çalışır, amma nahaq əziyyət çəkir. Nahaq yerə özünü oda-közə vurub məhkəmələrə və reket saytlara pul xərcləyir, ordan-burdan vicdanını satacaq dilçi-ekspert axtarmağa da dəyməz, çünki mənim müsahibəmdə heç bir ədəbsiz ifadə, vulqar söz və söyüş yoxdur. Biz söyüş və böhtanla danışmırıq, olan faktları deyirik…
A.Alışanova elə gəlir ki, anadan sədr doğulub, heç uzun illər adı müxtəlif qalmaqallarda hallanmayıb, 10-15 ildir mətbuat səhifələrində tənqid olunan da bu deyil, heç ünvanına təhqir deyilməyib, müxtəlif əməllərinə görə ittiham da olunmayıb. Bu yaxınlarda mənə AzTV sədri haqqında yazıları əks etdirən iki qovluq qəzet veriblər, o yazıların bəzilərini seçib məhkəməyə təqdim edirəm. Görün, həmin yazılarda A.Alışanovu hansı söz və ifadələrlə səciyyələndirilər: “maliyyə fırıldaqçısı”,“büdcə oğrusu”, “kriminal element”, “büdcə pullarını mənimsəyən”,“təmir maxinatoru”, “korrupsiya sistemini işlədən şəxs”, “rüşvətxor”, “rüşvət piramidası qurmuş sədr”, “keçmişi ləkəli”, “mənfi reputasiyalı”, “qeyri-peşəkar, cılız və yaradıcılıqdan uzaq”, “peşəkarların qənimi”,“dayaz və diletant rəhbər”,”bəsit və səviyyəsiz”, “pota hesabdar”, “daxıl pişiyə oxşayan”,”əməkdaşların çörəyini kəsən” və s. Mən məlum müsahibəmdə burada insanı aşağılayan və təqdir etmədiyim bəzi kəskin və təhqiramiz ifadələrin heç birini işlətməmişəm.
Bizim cəmiyyətdə pul üçün hər şey edənlərdə, pul qazanmağı həyati məqsəd seçib dəyərləri tapdalayanlarda belə bir təsəvvür var ki, pulla hər şeyi eləmək mümkündür. Bəlkə də bəzi hallarda belədir, amma həqiqətin uzun müddət pul altında basdırılması mümkünsüzdür. Həqiqət bulaq suyu kimidir, mütləq ən bərk süxurların arasından belə özünə yol tapıb üzə çıxacaq.
Mən bu çıxışımla məhkəməni bir daha şəxsi deyil, ictimai xarakter daşıyan məsələnin mahiyyətindən agah etmək istədim, çünki mahiyyət dəqiq bilinəndə AzTV sədrinin məhkəmə hoqqalarının da məqsədini dərhal duymaq olacaq. Və ilk duyulan da bu olacaq ki, heç bir məhkəmə, heç bir yalançı şərəf-ləyaqət davası A.Alışanovun qeyri-peşəkar, diletant idarəçiliyi ilə Azərbaycan televiziyasına, onun adına, imicinə və tarixinə vurduğu ciddi ziyanları ört-basdır edə bilməyəcək.
“Təzadlar”

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın