Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Köşə Yazarları / Qorbaçov haqda

Qorbaçov haqda

SSRİ-nin birinci və axırıncı prezidenti Mixail Qorbaçov nəhayət 92 yaşında öldü. Bizim də canımız “Qorbaçov öldü” uzunömürlü dezosundan qurtardı. Yanılmıramsa, o, keçmiş SSRİ-nin ən uzun ömürlü başçısı kimi tarixə düşdü.

Qorbaçovun bizim taleyimizdə rolu az olub, ya çox olub, indi bunu müzakirə eləməyin mənası yoxdur. Yalnız yaddaş üçün bir-iki cümlə yazmalıyam. Maraqlıdır ki, Qərbdə Qorbi (o tərəfdə onu əzizləyərək elə bu cür adlandırırlar) nə qədər sevimli şəxsiyyətdirsə, keçmiş Sovetlər Birliyi ərazisində elə o qədər də nifrətin ünvanıdır. Bunu 1996-cı ildə Rusiyada prezidentliyə namizədliyini verəndə tutduğu 7-ci yer də göstərirdi. Qorbaçov həmin seçkidə 0,5 faizə yaxın səsi güc-bəla toplamışdı.

Ondan SSRİ-ni niyə qorumadığı haqda soruşanda adətən gülünc izahatlar verirdi, bir növ bizim Əbülfəz Elçibəyvari bəhanələr gətirirdi: “İstəmədim nahaq qanlar axsın, vətəndaş müharibəsi olsun” və sairə. Bunu Qazaxıstana, Tiflisə, Bakıya, Baltikyanı ölkələrə qoşun yeridib neçə insanı öldürmüş adam söyləyirdi. O cümlədən SSRİ-nin qansız dağılması da uydurmadır. Qafqazda, Orta Asiyada, Ukraynada indiyəcən də SSRİ-nin “quyruqları” çabalayır, nahaq qanlar axıdır.

Ancaq SSRİ-nin dağılmasının günahını tək Qorbaçovda görmək də karikatur iddiadır. O nə dövlətdir ki, bir nəfər dağıdır? Yalnız bir nəfərin qurduğu, cəmiyyətdə dayaqları olmayan, süni, saxta, bir nəfərin belinə şəllənib gedən dövləti elə bir nəfər də aşırda bilər. Bu, aksiomadır. Ya biz SSRİ-nin şər imperiyası, totalitar rejim olduğunu, çağdaş siyasi sistemdə yaşamaq haqqını tam itirdiyini etiraf etməliyik, ya da Qorbaçovun bütün sovet xalqından güclü olduğunu. Üçüncü hal, üçüncü variant yoxdur.

SSRİ isə doğrudan da əcaib, mənasız, axmaq dövlət idi. Guya hər şey xalqa məxsus idi, ancaq heç kimin heç nəyi yox idi. Cındır bir “Jiquli” almaq üçün adamlar 10 il növbə tuturdular. Bankda hesabın-zadın olsa belə ev tikə bilməzdin, ya da hansısa dılğır müdirin bığının altından keçib rüşvətlə ev növbəsinə dürtülməliydin. O da ölənə yaxın çata, ya çatmaya. Milyonlarla adam “gecəqondu”larda çürüyürdü. Hamam, sanitar qovşağı kimi elementar rahatlığa həsrət idik. Ali məktəbə girmək üçün hansısa yekəqarın əclafın imtahanında oturmalıydın, o da pul verən və daydayı olanların siyahısını açıb orda sənin adını görməyəndə mitilini bayıra atmalıydı. İndi test imtahanı verən gənclər var, SSRİ-dən ötrü ağzının suyunu axıdır, çünki görməyib, bilmir nə zad idi.

Raykom katiblərinin uşaqları Bakıda, kasıb balaları Əfqanıstanda, ən yaxşı halda Kamçatkada əsgərlik çəkirdi. Yağ, qənd, ət talonla. Ayda bir dəfə, adambaşına bir kilo. Bunun hamısını Qorbaçov eləmişdimi? Yox. Qorbaçov istəsə belə bu cür axmaq siyasi-iqtisadi-sosial sistemi təkbaşına qura bilməzdi.

Hamı rüşvət alıb-verirdi, hamı avaraçılıqla və oğurlamaqla məşğul idi, hamı yalan danışır və yaltaqlıq edirdi, axırda da dövlət dağıldı. Çünki uydurma planlarla haçana qədər dövlət idarə edə bilərdin? Bunun bir sonu çatmalıydı. Cin şüşədən çıxmalıydı. Buxar qapağı qaldırmalıydı.

Üstəlik, bu gün “Qorbaçov dağıtdı” deyənlər başqa məclislərdə xalqımızın Meydan hərəkatından ağız dolusu danışırlar. 20 Yanvarda xiyabana gedib qərənfil düzürlər. Heç ağıllarına gətirmirlər necə təzadlı həyat yaşadıqlarını. Çünki SSRİ-nin şər sistemini yıxmaq üçün canından, qanından, ömür-günündən keçən milyonlarla insanlar olub, biz bu gün “Qorbaçov yıxdı” deyəndə onların da haqqına girmiş oluruq. İnsanlar azadlıq uğrunda mübarizə aparıblar, axı. Bunu heç kim yaddaşlardan silə bilməz. Biri səhv, biri düz mübarizə aparıb, kimsə kiminsə toruna düşüb, ancaq bunlar ümumi mübarizənin rəngləri, çalarlarıdır. İndi əfsanə danışanlara baxmayın, SSRİ dağılanda hamı bunu istəyirdi və onun müdafiəsi üçün meydana iki nəfər də çıxmamışdı. Qorbaçovun 25 dekabr 1991-də SSRİ prezidentliyindən istefası da əslində karikatura idi, çünki Rusiya, Ukrayna və Belarusun başçıları artıq 8 dekabrda dövlətin fatihəsini vermişdilər.

Ancaq əlbəttə, istənilən tarixi proses üçün bir suç keçisi tapmaq yüngüllük, rahatlıq gətirir. Qorbaçov da biz homo-sovetikuslar üçün suç keçisi idi.

Zamin HACI

Həmçinin oxuyun

Camaat icra başçısının üzünü o qədər nadir görür ki…

Bu gün qəzetə yazı yazmışam, istəyirəm bunu oxuculara xəbər verim. Təndirxanada çörək bişiriblər. Avtobus camaatı …