Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Köşə Yazarları / Prezidentin jurnalistlərə ev vermə layihəsi: – bu nəhəng işi təqdir edənlər qat-qat tənqid edənlərdən çoxdur

Prezidentin jurnalistlərə ev vermə layihəsi: – bu nəhəng işi təqdir edənlər qat-qat tənqid edənlərdən çoxdur

Prezident İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün son dörd ildə tikilib istifadəyə verilən sayca ikinci binadakı mənzillərin bölgüsündən sonra qopan “tufan” səngisə də, bəzi çevrələr, ayrı-ayrı qərəzli şəxslər kirimək bilmir.

Təsəvvür edin, Azərbaycan hakimiyyətinin mətbuatla bağlı bu qədər nəcib, gözəl və dəyərli bir layihə ortaya qoyub, amma bu nəhəng layihəyə qarşı bəzi çevrələr tərəfindən qaralama kampaniyası da aparılır. Xüsusilə də sosial şəbəkələrdə bu kampaniyanı aparanların ədalətsiz yanaşmalarına rast gəlinir. Lakin kifayət qədər məşhur imzalar var ki, bununla bağlı həm təbrikləri ünvanlayıblar, həm də səmimi fikirlərini yazıblar.

Məsələ burasındadır ki, dövlətin bu gözəl işini təqdir edənlərin imzaları Azərbaycan boyunca kifayət qədər tanınır, onların yazıları izlənilir, mövqelərinə hörmət olunur. Amma tənqid edənlərin, qərəzli yanaşma ortaya qoyanların bir çoxunun, ən azı 90 faizinin isə jurnalist olmasından belə toplumun xəbəri yoxdur.

Mətbuat nümayəndələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan hakimiyyətinin atdığı davamlı addımları təqdir edənlərdən, jurnalistlərin bu xoş günlərini bölüşənlərdən aldığımız yüzlərlə zəng də görülən işin nə qədər faydalı və gözəl olduğunu təsdiqləyir. Eyni zamanda sosial şəbəkələr vasitəsilə yayılan təşəkkür mesajları, haqqı çatan media təmsilçilrinə çoxsaylı təbriklər bu prosesə qara yaxmaq istəyənlərin öz hədəfinə çatmayacağına şübhə yeri qoymur.

Mənzil sahibi olan professor Qafar Çaxmaqlı yazıb: “Jurnalistika sahasində uzun illər göstərdiyim fəaliyyət hədər getmədi. Mənim ailəmi mənzillə mükafatlandırdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu hədiyyənin mənim üçün mənəvi dəyəri də ölçüyəgəlməzdir, o məni rəqiblərimizlə apardığımız ideoloji savaşda bundan sonra daha qərarlı addımlar atmağa sövq edəcək. Prezidentimizin bu diqqəti Azərbaycanımız üçün bu günə qədər etdiklərimizi və qarşıya qoyduqlarımızı daha da motivə edəcək, şəxsən məni beynəlxalq arenada daha qətiyyətli mübarizə aparmağa ruhlandıracaq. Mənim müraciətimə diqqətlə yanaşan Azərbaycanın dəyərli dövlət adamı Əli Həsənova hədsiz minnətdaram. Bu işdə obyektivlik nümayiş etdirən həmkarlarıma, xüsusən komissiyasının sədri , KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə, MŞ sədri Əflatun Amaşova “sağ olun” deyirəm… Mənim bu sevincimə şərik olan hər kəsə təşəkkürlər!”

Xanım həmkarımız Könül Cəfərli isə gözəl bir nümunə ortaya qoyub. O, Lent.az-da yazıb: “Mən də kirayə yaşadığıma görə müraciət etmişdim. 15 illik jurnalist fəaliyyətim və gerçəkdən ehtiyacım olduğu üçün o binadan mənzil almaq istəyirdim. Yay məzuniyyətlərini çıxmaq şərti ilə bu 15 ildə 1 ay da jurnalistikadan kənarda qalmamışam, həmişə aktiv fəaliyyətim olub. Dediyim odur ki, həm xidmətim var, haqqım çatırdı, həm də ehtiyacım vardı. Amma ikinci dəfə də müraciətim qəbul olmadı…Yaşadığım üzüntüyə rəğmən, mənim “255 nəfərlik siyahı ədalətsizdir” deməyə dilim gəlmir. Çünki neçə evsiz həmkarım mənzil müjdəsi ilə sevindi. Nə yalan deyim, ehtiyacı olanların mənzil almasına evi olub haqqı çatanlardan daha çox sevindim. Çünki kirayə yaşamağın çətinliyini, ağrısını yaxşı bilirəm. Hər kəs öz dərdindən daha yaxşı anlayar. Amma evi olduğu halda mənzil alan jurnalistləri də qınamıram. Kiminsə bu sahədə uzun illər əməyi varsa, niyə də mükafatlandırılmasın? Bu da onun haqqıdır. Amma könül istərdi ki, siyahıda kirayə yaşayanlar daha çoxluq təşkil edərdi. Nə isə, oldu-bitdi”. Sonda həmkarımız “Bütün halda bitirin, daha bəsdi” yazıb.

Jurnalist Fərid Hüseyn şəxsi səhifəsində yazıb:

“Jurnalistlərə verilən mənzillərlə bağlı bəzilərinin əsassız narahatlığından doğan yazılarını, facebook statuslarını oxuduqca, ədalətə kölgə salmağa yönəlmiş rəyləri ilə tanış olduqca bu cür gözəl bir təşəbbüsün, əməli işin sevindirici nəticələrini görməyənlərə söz tapmaq olmur. Hər şeydə zülmət axtaranlar, yarasa kimi qaranlıq aşiqləri bu cür işıqlı işi, yaşarı əməli görmürlər. Siyahı ədalətlidir, yeni binanın təməlinin qoyulması isə gələcək ədalətli siyahının da başlanğıcı deməkdir. Deməli, yaxın gələcəkdə də neçə-neçə peşəkar, ehtiyaclı, sənəti taleyinə çevirilmiş jurnalistlərə növbəti binadan mənzillər qismət olacaq. Beləcə, sevincimiz daim təzələnəcək, zəhmətimiz qiymətləndiriləcək, peşəmiz iksirə çeviriləcək.

Dövlət başçısına, səlahiyyətli şəxslərə, evlərin verilməsi ilə bağlı komissiyaya bir daha təşəkkür edirəm”.
Jurnalistlərin sevincinə qoşulan millət vəkili Qənirə Paşayeva da bu nəcib addımı dəyərləndirib: “Dövlətimizə və cənab Prezidentimizə jurnalistlərə diqqət və qayğısı üçün təşəkkür edirəm. Mənzil verilən bütün jurnalist həmkarlarımı təbrik edirəm. Çox sevinirəm. Çünki onların sevinci bizim də sevincimizdir. Çünki bir çoxlarının mənzil şəraitinin yaxşı olmadığını, bəzilərinin kirayədə yaşadığını, bəzilərinin isə buna haqqı çatdığını yaxşı bilirəm. Hər birinizə yeni evinizdə gözəl ailənizlə birlikdə xoş günlər yaşamağı diləyirəm əziz həmkarlarım!”
Mənzil sahibi olan jurnalist Azər Nuriyev isə bunları qeyd edib: “Şəxsən mənim anlamımda ən böyük xoşbəxtlik ailə və bu ailənin yaşaması üçün evə sahib olmaqdır. Bu sevinci bir neçə gün bundan öncə mənə və 250-dən artıq həmkarıma ölkə prezidenti İlham Əliyev nəsib etdi. Bundan əvvəl isə bu sevinci 155 həmkarım yaşayıb. Hər birinizə də bu sevinci yaşamağı Allahdan arzu edirəm. Böyük əksəriyyətini tanıdğım həmkarlarımı ev alanların siyahısında görmək isə doğrudan böyük bir sevinc idi. Ən əsasə ev sahibinə çevrilənlər arasında heç bir ayrı-seçkiliyin qoyulmaması, yəni siyasi mövqeyindən asılı olmayaraq, bütün media nümayəndələrinin bu qayğıdan bəhrələnməsi dövlətimizin azad mətbuatın inkişafında diqqətinin bariz nümunələrindən biri hesab edilməlidir. Belə bir nəcib təşəbbüsə dodaq büzmək, hansısa bir ədalətsizlikdən danışmaq məncə insafsızlıq və qərəzli yanaşmadır. Gəlin obyektivlik hissini itirməyək və bir-birimizi təbrik edək. Vallah qıraqdan çox çirkin və iyrənc görünür. İnşəallah çox keçməz üçüncü binada qonşu olacağıq və elə etməyək ki, sabah bir-birimizlə qarşılaşanda başımızı aşağı dikək. Bayramımız mübarək, əziz dostlar!”

BAMF prezidenti Umud Rəhimoğlu bildirib ki, prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibəti ilə kütləvi informasiya vasitələri nümayəndələrinə mənzillərin verilməsi ilə bağlı göstərişi ölkəmizin media və vətəndaş cəmiyyətinə olan dövlət qayğısının bariz nümunəsidir: “Bu gün prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası əsasında mühüm layihələr icra edilir. Onlardan biri də məhz jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardır. Əminliklə deyə bilərəm ki, Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat nümayəndələrini mənzillə təmin etmək kimi təcrübəyə malikdir. Hesab edirəm ki, ölkə rəhbərliyi tərəfindən jurnalistikaya edilən bu diqqət və qayğı dünyanın digər ölkələrində social dövlət modeli olaraq tətbiq ediləcəkdir. Milli Mətbuat Günü ərəfəsində cənab Prezidentin mətbuat nümayəndələri ilə bir araya gəlməsi, onlarla yaxından səmimi söhbəti eləcə də dünyada və ölkəmizdə media sahəsindəki vəziyyətlə bağlı çox dərin bilgilərə əsaslanan önəmli açıqlamaları günümüzün ən actual məsələrinə aydınlıq gətirmiş oldu. Bu gün Prezidentimiz tərəfindən növbəti yaşayış evinin tikintisi üçün müvafiq vəsaitin ayrılmasına dair tədbirlərin görülməsi üçün sərəncam imzalandı. Hesab edirəm ki, dövlətimizin jurnalistlərə bu diqqət qayğısı bundan sonar da neçə-neçə media işçisinə, onların ailələrinə sevinc bəxş edəcəkdir. Bir daha mənzillə təmin olunan həmkarlarımızı ürəkdən təbrik edirəm, Ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm!”

Milli.az internet portalının baş redaktoru Anar İmanov qara piara qarşı mövqeyini ifadə edib: “Əzizlərim, son zamanlar baxıram, Facebook-da aqressiyanın “qradus”u artıb. Jurnalistlərə verilən mənzillərə görə. Tənqid, hətta təhqirləri görürəm. Əminəm ki, təhqir edənlər 3 il sonra statuslarını tələm-tələsik siləcəklər. 3-4 gün ərzində o qədər aqressiya gördüm ki, ürək bulandırdı. Təsəvvür edin, statusda hərf səhvi tutub, o haqda status yazanlar var! Facebook artıq ürək bulandırır. Yaxın hesab etdiyim adamları tanımaqda çətinlik çəkirəm. Bəziləri çalışırlar ki, bu məsələni tək jurnalistlər yox, həm də başqa sahələrin nümayəndələri tənqid etsin. Niyə? Onların başqa işi-gücümü yoxdur? Səhər həmkarları görəndə, çox sevindim. Yaxınlaşdım, təbrik etdim, onlardan çox sevindim. Kamil Həmidov, Nigar Abdullayeva, Zülfiyyə Quluyeva, Xalid Kazimli və başqaları.

Siyahı ilə tanış oldum. O siyahıda tanıdığım bir çox həmkarımın öz maaşları ilə ev almaq imkanı yoxdur.
Çox iyrənc statusları oxuyuram. Ev alanlardan bir nəfər təşəkkür yazdı Facebook-da, üstünə nətər düşdülərsə, adam şərhləri bağlamalı oldu. Hətta dünən tənqid edənlərin bəziləri başqalarının statuslarını oxuyaraq, xahiş edir ki, bu aqressiya bitsin. Bu xahişlərə mən də qatılıram. Bu məsələni müzakirə etmək istəmirəm, çalışın özünüzü yormayın. Bayramınız mübarək”.
Jurnalist Nadir Azəri də bədxahlara xitab edib: “Bu qara niyyətli kəslərə üzümü tutub deyirəm, insafınız olsun. İmkan verin ev alanlar “ÖZ EVİMİZ VAR” xoşbəxtliyini yaşasınlar”.

CASCFEN rəhbəri Azər Həsrət özünün müəllif yazısını paylaşıb. “Yeni mənzilləriniz mübarək, dostlar! Yazı sizin halal haqqınız olan mənzillərə həsr edilib” təqdimatı ilə paylaşılan yazıda bildirilir: “Yeni mənzil alan bütün dostlarımızı təbrik edirəm. Çox sevinirəm onların yerinə, çox. Çünki şəxsən tanıdığım, kirayələrdə, yataqxanalarda sürünərək acı həyat yaşayan xeyli sayda həmkarımın məhz öz dövlətimizin, məhz öz Prezidentimizin lütfü sayəsində bir anda işıqlı mənzillərlə təmin edilməsinə sevinməmək olmaz…Tənqidlər var, qüsurlar var. Onlara bənd olmuram. İş olan yerdə tənqid də olacaq, qüsur da olacaq. Əsas olan niyyətin saflığıdır ki, cənab Prezidentin bu iradəsinə əsla şübhə yeri yoxdur”.

Türkiyədə yaşayan və işləyən jurnalist Pərviz Sultansoy da həmkarlarının sevincinə qatılıb: “Dövlətimiz tərəfindən ev alan bütün şərəfli jurnalist dostlarımı təbrik edirəm. Ev aldığı üçün Emin Məmmədov, Rahib Qərib, Aqil Ələsgər, Elşad Paşasoy, İslam Ağayev və bir çox dostlar adına cox sevindim. Təbriklər!”

Qardaş ölkədə yaşayan digər həmkarımız Nigar Ögeday isə mənzil alanları “hakimiyyətdə satılmaqda” ittiham edən qərəzlilərə xitab edib: “Ev alan Elşad Paşasoy, Aqil Aslan, Aqil Camal, Zahid Nureliyev, Xalid Kazımlı, Aida Eyvazova, Fərəh Sabirqızı, Zülfüqar Xeyirxəbər və adlarını xatırladıqca elavə edəcəyim insanlara bütün dünyanın sərvətini versələr, onları satın alabilməzlər. Odur ki, gəlin vicdanlı insanlarımızın haqqı olan bu evlərində sağlıqla oturmasını diləyək. Adını sadaladığım insanlar mənim 20-25 ildir mətbuatda tanıdığım təmiz və vicdanlı insanlardır. Heç bir güc onların sözünü satın ala bilməz. O evləri də haqq edirlər. Azərbaycanda pulsuz ev almaq ən çox jurnalistlərin haqqıdır. Kimsə də buna görə həmkarlarıma minnət qoymasın”.

ABŞ-ın, İndiana ştatında yaşayan, Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai birliyinin sədri Elman Eldaroğlu sosial şəbəkələr vasitəsilə ölkə başçısına təşəkkür edib:

“Təşəkkür edirik, cənab Prezident! Bəzilərinin demokratiyanın beşiyi adlandırıb, ağızdolusu təriflədiyi ABŞ-da belə, indiyədək ölkə jurnalistlərinə bu miqyasda diqqət və sayğı göstərilməyib. ABŞ jurnalistlərinin böyük əksəriyyəti icarəyə götürülmüş mənzillərdə yaşayıb, ömür sürürlər. Aldıqları 2500 dollar civarında olan aylıq maaşlarının böyük bir hissəsini icarə haqqı verirlər. Amerikalıların böyük əksəriyyəti kimi jurnalistlər də ilboyu bir neçə banka kredit ödəyir və heç də bizim jurnalistlərdən yaxşı yaşamırlar…
Bu gün ölkəmizdə onlarla jurnalistə təmənnasız mənzil verildiyinin şahidi olduq. Onların arasında bizim də yurddaşlarımız var. Elşad Paşasoy (“Yeni Müsavat”), Rəfail Becanov (Cebhe.info saytının baş direktoru), Anar Yusifoğlu (İTV), Rahib Qərib (ANS-in aparıcısı), Mahir Rüstəmli (“Futbol+”), Zahid Nurəliyev (Teleqraf. com)- bu jurnalistlər el-obada xətir-hörmət sahibləri, sevilən qələm adamlarındandılar. Onların mənzillə təmin edilməsi bizi ellikcə sevindirir.
Hörmətli, cənab Prezident! Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyi ölkə jurnalistlərinə göstərdiyiniz bu diqqət və sayğıya görə Sizə minnıətdarlıq edir, Azərbaycanın işıqlı gələcəyi naminə gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayır”.
Budəfəki bölgüdə mənzil sahibi olmasa da, həmkarlarınmın sevincini bölüşən jurnalist Xanoğlan Əhmədov yazıb: “Mətbuat günü münasibətilə həmkarlarımı təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram. Ev alan qələm dostlarımı bir daha göz aydınlığı verirəm, Allah almayanlara da qismət eləsin!”

Jurnalist Aynura Muradova isə qeyd edib ki, şərhləri oxuyanda onları yazanların yerinə utanır: “Bəziləri yazır ki, yaltaqlar ev aldı, bəzisi yazır görməmiş selfi çəkdirir. Mən başa düşə bilmirəm, jurnalistlərə Prezident ev verib və bu jurnalistlərdən bir neçəsi dostumdur. Şəxsən mən ürəkdən sevindim. Hər necə qismət olub, bizə neə??? Şəxsən mən şəkillərə baxdım, o selfi yerində mən də olmaq istədim. Bəyəm Prezident ev verəndə və Prezidentlə şəkil çəkrəndə nə olur – ay ağzı goyçəklər, poqonunuz düşür? Bacarırsız, siz olun onların yerində! Halaldır, hər bir ev alanı ürəkdən təbrik edirəm”.

Xəzər TV-nin aparıcısı Vamiq Nəsirov:
“Jurnalistlərə ev verilməsi məsələsi hazırda gündəmin əsas müzakirə mövzusuna çevrilib. Fikirlərim fərqli istiqamətə yozulmasın deyə əvvəlcədən deyim ki, mən ev almamışam. Amma bununla baglı yazılan bir çox fikirləri başa düşə bilmirəm. Kimisi küsür, kimisisi seçimin ədalətsiz olduğunu deyir. Mətbuat işçilərinə mənzil verilməsi Prezidentin təşəbbüsü ilə dövlət tərəfindən həyata keçirilən bir dəstək layihəsidir. Yəni dövlətin bir öhdəliyi deyil. Amma sadəcə mənzilə ehtiyaci olduğunu əsas gətirənlər bir yana, bəziləri gündəlik peşə fəaliyyətini böyük dövləti xidmət hesab edərək ev tələb edir.
Dostlar hər şeydən əvvəl unutmaq olmaz ki, təxminən 400 həmkarımız (iki binada) ev sahibi olub. Dünyada heç bir ölkədə belə bir təcrübə yoxdur ki, dövlət tutduğu mövqeyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq jurnalistlərə ev versin. Mənim üçün əsas meyar məhz budur. Elə buna görə də əsas nə olur olsun bununla bağlı tənqidi fikirlər bu gözəl addıma kölgə sala bilməz. Gözləntiləri və ehtiyacı olanlari başa düşürəm. Amma nəzərə almaq lazimdır ki, heç də hamını bir (iki) binaya sığdırmaq mümkün deyil. Növbəti binanin təməli qoyulub və bu da sonuncu olmayacaq. Əminəm ki, özünü layiq hesab edənlər yox, layiq olanlar dövlətin və şəxsən cənab Prezidentin diqqətindən kənarda qalmayacaq. Bütün ev alanları təbrik edirəm”.

Göründüyü kimi, kifayət qədər tirajlı imza sahibləri, ciddi insanlar, cəmiyyətdə sözünün çəkisi olan şəxslər mətbuata dövlət dəstəyini ürəkdən təqdir edir, bu addımların davamını arzulayır. Mütərəqqi işlərə kölgə salmağı sadəcə özünün həyat tərzinə çevirənlərin ürəkbulandırma cəhdləri isə heç bir nəticə verməyəcək. Amma savab, xeyirxah addımı belə təqdir etməyən şəxslərə sadəcə adamın yazığı gəlir…
Musavat.com

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın