Ana səhifə / Köşə Yazarları / Prezident jurnalistin ölüm işini öz nəzarətinə götürdü

Prezident jurnalistin ölüm işini öz nəzarətinə götürdü

Rasim Əliyevin anasından Cavid Hüseynova ağır suçlama; Teyfurə Əliyeva: “Cavid özü Rasimi aldadıb, görüşə çağırdı”; ictimaiyyət nümayəndələri toplantı keçirdilər

Jurnalistin Rasim Əliyevin döyülərək qətlə yetirilməsi işini prezident İlham Əliyev şəxsi nəzarətinə götürüb. Bunu “Azərtac”a açıqlamasında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov prezidentin Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olduğunu bildirib. O qeyd edib ki, prezident bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir: “Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırılması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib. Prezident məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb”.
 
“Həmin adamları Rasimlə görüşə Cavidin özü göndərib. Rasim dedi ki, ana Cavid zəng eləmişdi. Dedi, səni söyən uşaqlar gəlib səndən üzr istəyəcəklər”.
Bunu isə musavat.com-a açıqlamasında avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən və aldığı xəsarətlərdən xəstəxanada vəfat edən jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva deyib.
Futbolçu Cavid Hüseynovun Rasimin ölümündən xəbərsiz olmasını deməsinə münasibət bildirən Teyfurə Əliyeva bunun yalan olduğunu deyir: “Cavid həmin adamları tanıyır. Rasimi aldatdılar. Cavid özü Rasimi aldadıb, görüşə çağırdı. Ayrı-ayrı adamlar Rasimə zəng edirdi. Rasim dedi ki, zəng edənlərdən biri özünü Cavidin bibisioğlu kimi təqdim edib. Biri də deyib ki, adı Vüsaldır. Cavid onları Rasimlə görüşə göndərmişdi. Guya çay içib, üzrxahlıq edəcəklərdi. Rasim pul da götürmüşdü ki, çay içəcəklər”.
T.Əliyeva oğlunun döyülməsi haqda bunları danışdı: “Rasimi çatan kimi vurublar. Namərd insanı arxadan vurar. Pul qabını və telefonunu da götürüblər. Mənə dedi ki, yerə yıxıldım, ancaq ayaqlarını görürdüm. Rasim dedi ki, azı 6 nəfər idilər”.
 
C.Hüseynovun xəstəxanada Rasimi ziyarət etməsindən də danışan T.Əliyeva bildirdi ki, həmin vaxt oğlunun yanında dostu Aydın olub: “Cavid xəstəxanaya gələndə mən evdə idim. Yanından bir az olar çıxmışdım. Dostu Aydın Rasimin yanında idi. Sonra mən Rasimlə telefonda danışdım. Mənə dedi ki, Cavid və ”Qəbələ” klubunun meneceri gəlmişdi. Ondan üzrxahlıq ediblər. Cavid deyib ki, onun döyülməsindən xəbərsizdir və həmin adamları tanımır. Ətraflı danışmaq istədim. Rasim dedi ki, yanına gələndə danışarıq”.
T.Əliyeva sosial şəbəkələrdə C.Hüseynovun ailəsini tanımaları, onlarla tanışlıqlarının olması və Cavidin atası ilə sinif yoldaşı olması haqda yayılan məlumatlara da münasibət bildirdi: “Biz Cavidin ailəsini tanımırıq. Heç bir qohumluğumuz da olmayıb. Bizim əslimiz də Cəbrayıldandır. Ancaq onları tanımırıq. Yalan yazırlar. Nə bir əlaqəmiz, nə də bir tanışlığımız var”.
Qeyd edək ki, Cavid Hüseynov 9 mart  1988-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. Cavid Hüseynov şəhid Şakir Abbasovun oğludur. Futbolçunun atası Şakir Hüseyn oğlu Abbasov 1993-cü ildə  Qarabağ döyüşləri zamanı 896 saylı Cəbrayıl alayında batalyon komandiri olub. Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.
*    *    *
Avqustun 10-da Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin təşkilatçılığı ilə Rasim Əliyevin ölümü ilə bağlı toplantı keçirildi. Toplantıda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.
 
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev jurnalistin qətlə yetirilməsi ilə bağlı səsləndirilən versiyalardan danışıb. M.Əliyev jurnalistin qətli ilə bağlı 3 versiyanın olduğunu deyib: “Bu versiyalar siyasi, hakimiyyətdaxili çəkişmə və xuliqanlıqdır. Siyasi versiya ona görədir ki, Rasim Əliyev uzun müddət RATİ-də çalışıb. Emin Hüseynov RATİ-nin sədrliyindən gedəndən sonra Rasim Əliyev sədr olmaq üçün Ədliyyə Nazirliyinə müraciət etmişdi. Onlar digər əməkdaşları ilə birgə fəaliyyətlərini davam etdirmək istəyirdilər. Rasimin qətli RATİ-nin bağlanması prosesinin başlanması ilə eyni günə təsadüf edir. Bu da mesaj ola bilər.
Ancaq Rasim heç də aktiv siyasətlə məşğul olan biri deyildi. RATİ-yə sədr olmaq istəməsi belə formal xarakter daşıyırdı. Rasim nə hakimiyyət, nə da prezidentlə bağlı tənqidi fikirlər səsləndirmirdi. Mən bunun şahidi olmamışam. Bunlar qətlin siyasi sifariş olmasını təkzib edir”.
Mehman Əliyev jurnalistin qətlinə səbəb kimi hakimiyyət daxili qruplaşmalarının bir-birindən qisası versiyasının da real görünmədiyini deyir: “Hadisəni törədənlərin fubolçu Cavid Hüseynovun qohumları olması məlum olduğundan bu versiya da qüvvədən düşür”.
Mehman Əliyev əsas versiyanın xuliqanlıq olduğunu bildirdi. Hakimiyyətin idmandan siyasi şou kimi istifadə etdiyini deyən M.Əliyev bəzi idmançıların hədlərini aşdıqlarını və bundan istifadə edərək xuliqanlıq əməlləri törətdiklərini bildirdi.

Mehman Əliyev jurnalistin ölümündən sonra ölkə rəhbərliyinin və hüquq-mühafizə orqanlarının bəyanatlar verməsini “gecikmiş məsələ” hesab edir: “İndiki bəyanatlar Rasim döyüləndən sonra olsa idi bəlkə də o ölməyəcəkdi. Həkimlər daha məsuliyyətli şəkildə onu müayinə edəcəklərdi. Əgər Rasim vəfat etməsəydi bu bəyanatların heç biri olmayacaqdı. Sabah bu cür hadisənin yenə də baş verəcəyini gözləyirik. İqtidaryönümlü jurnalistlərin də döyülmə, təzyiqlərə məruz qalma halları olur. Ancaq bu cür cinayətlər açılmır. Açılanlar isə jurnalist araşdırmalarının nəticəsi olur”.
Hüquq müdafiəçisi Arzu Abdullayeva da çıxışında jurnalsitin ölümünün səbəbini hakimiyyətdə olduğunu bildirdi: “Bu əməli törədən şəxslərdə qorxu yoxdur. Ölkədə cəza sistemi olmadığından belə özbaşınalıq var. Bu cinayətin taleyi də Elmar Hüseynov və Rafiq Tağı cinayətinin taleyi kimi olmamalıdır. Hadisənin səbəbi və törədənlər bəllidir”.
Arzu Abdullayeva keçirilən tədbirdə iştirak edənlərin sayının az olmasına da münasibət bildirdi: “Mən düşünürdüm ki, biz iştirakçıları buraya yerləşdirə bilməyəcəyik. Amma gözlədiyimizdən də az insan gəldi. Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin üzvlərinin çoxu bu tədbirdə iştirak etmədi. Əvvəllər qrantlar olurdu deyə çox adam gəlirdi. İndi heç kim gəlmir. İndi də məlum olur ki, kim nə üçün işləyir”.
Mehman Əliyev tədbirin sonunda bildirdi ki, bəyanat hazırlanıb. Tədbir iştirakçıları bəyanatla tanış olduqdan və əlavə fikirlərini bildirdikdən sonra ictimaiyyətə və beynəlxalq təşkilatlara ünvanlanacaq.
Xatırladaq ki, ölən jurnalist Rasim Əliyev Cavid Hüseynovu tənqid edən status yazdığına görə, onun qohumları tərəfindən döyülmüşdü. Onu döyənlərdən biri Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov olub və onun polisə təslim olduğu bildirilir. Jurnalistin döyülməsində iştirak edən digər şəxslərin də saxlanıldığı deyilsə də onların adı açıqlanmır.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın