Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Köşə Yazarları / Oruc tutmayıb, iftar süfrəsində qarın otaranlar …

Oruc tutmayıb, iftar süfrəsində qarın otaranlar …

Amid çoxillik dostlarımdan olduğu üçün biz tez-tez görüşürük. Adətən, işdən sonra bir araya gəlir, çay içir, nərd oynayırıq.

Bir yazar kimi insanların fikri həmişə mənimçün maraqlı olub. Buna görə də heç vaxt canlı ünsiyyətdən boyun qaçırmıram.

Nahaq deməyiblər ki, heyvanlar qoxlaşa-qoxlaşa, insanlar danışa-danışa anlaşırlar…

Dünən Amidə zəng edib, axşam görüşmək istədiyimi bildirdim. Mənimlə ünsiyyət ona zövq versə də, bu dəfə görüşdən imtina etdi: “Məni bağışla, axşam vacib işim var”.

“Çayxor” dostumun bazar günü hər hansı vacib işinin olmadığını bildiyim üçün yaxasından əl çəkmədim. Üzə düşüb, həqiqəti dedi: “Axşam iftar yeməyinə gedəcəm”.

Amidin oruc tutmadığını, dini ayinlərə soyuq yanaşdığını bildiyim üçün dərhal başının üstünü kəsdirdim: “Axı sən oruc tutmursan”.

İrişə-irişə belə dedi: “Bu cür fürsət ildə bir dəfə ələ düşür. Hansı axmaq o yeməklərdən boyun qaçırar?”

Mərdəkanda yaşayan həkim dostum ötən il Qurban bayramında məni evlərinə qonaq çağırmışdı.

Taksi xidməti göstərən köhnə “07”-dən enəndə gördüm ki, dostumun üçmərtəbəli villasının qarşısında 7-8 bahalı “Ceep” dayanıb.

Biz ədəb-ərkanla salamlaşıb çay süfrəsinin arxasında əyləşəndə, məlum oldu ki, bu adamların hamısı qurban əti aparmağa gəlib.

Dostumun göstərişi ilə qəssab təxminən 25 kiloqramlıq heyvanı 9 yerə  böldü.

Əvvəl qara “Gelandewagen”in sahibi olan ortaboy, yekəqarın kişi öz payını götürüb, aradan çıxdı.

O, maşını yerindən tərpədəndə, elə bildim göy guruldayır. Bu minvalla qara maşınlarda gələn “ağ adamlar” onlara çatacaq qurban paylarını götürüb, bir-bir yola düzəldilər.

Masanın arxasında dostumla tək qalanda belə dedim: “Allah qurbanını qəbul eləsin. Amma inanmıram ki, sən bu gün sabab qazanasan…”

Bir andaca kişinin rəngi qaraldı, dili topuq vurmağa başladı: “Niyə? Nə? Mən… Mən nə etmişəm?”

Dedim ki, qurban əti ehtiyacı olan insanlara paylanılmalıdır. Bu gün evinə çağırdığın adamların sürdükləri ən ucuz maşının qiyməti 70-80 min manatdır. Onlar təkcə yanacağa ayda 600-700 manat pul verirlər.

Dostum sözlərimi başı ilə təsdiqləyib, fikrə getdi. Bir neçə dəqiqə sonra cibindən telefonunu çıxarıb, oğluna zəng etdi: “A bala, təcili Keşlə bazarına gedib, yaxşı bir erkək alarsan. Gecikmə, evdə gözləyirəm…”

Bir stəkan çay içib, mənimçün ayrılmış qurban payını da götürüb evə qayıtdım. İki saat sonra dostum zəng elədi: “Oğlumun aldığı heyvanı son tikəsinə kimi məhəlləmizdəki imkansız adamlara payladıq”.

Bu dəfə daha ürəklə alqış etdim: “Allah qəbul eləsin!”

Qurban kəsən də, iftar süfrəsi açan da bu işi savab qazanmaq üçün edir. Oruc tutmayan adamların iftar süfrəsində boy göstərməsi məsələnin mahiyyətinə kölgə salır.

Kim istəsə, dostlarına qonaqlıq verə bilər, amma gərək bunun adını iftar yeməyi qoymasın. İftar süfrəsi acları doyuzdurmaq üçün açılmalıdır.

Başa düşürəm, şəraitə uyğun olaraq, oruc tutmayan adam bir dəfə, lap iki dəfə iftar süfrəsinə təşrif buyura bilər. Amma oruc tutmayan adamın hər gün iftar süfrəsinin başında əyləşməsi qarınqululuqdur. İnsan qarnının yox, Allahın qulu olmalıdır…

SEYMUR VERDİZADƏ

Həmçinin oxuyun

Hakimiyyətə xəyanət edənləri mən tanıyıram… – Seymur Verdizadə

“Söyüş müxalifəti”nin fəaliyyətini təqdir etmirəm. Bu adamların Azərbaycan xalqına heç bir faydası yoxdur. Cəmiyyət bunu …