Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Köşə Yazarları / Ölüm hökmündən… ÖLÜMün hökmünə doğru – Bahəddin Həziyev

Ölüm hökmündən… ÖLÜMün hökmünə doğru – Bahəddin Həziyev

Cinayətin cəzası və cəzanın cinayəti haqqında publisistik düşüncələr

Eldar Həsənovun baş prokuror olduğu dövrdə dəfələrlə istintaqa cəlb olunmuşam. Təbii ki, peşəmlə bağlı. Və bu “nəzakətli dəvət”lərin birində prokuror xəbərdarlığı ilə “mükafatlandırılmış” adamlardanam. İndi bunların təfərrüatlarına varmayacağam. Eldar Həsənov da, dəfələrlə yazıldığı, deyildiyi kimi, bəlli sistemin, rejimin yetirməsi idi; onu bu sistemdən kənarda “superqəhrəman” obrazında görməyi də doğru saymıram.

Şeyx Şamil: “Sonunu düşünən qəhrəman olmaz” deyirdi. Eldar Həsənov bugünkü kimi bir son düşünmüşdümü, ya yox?! Bilmirəm. Ancaq istənilən halda qəhrəman deyildi (Hərçənd, vəzifədən gedəndən sonra şəxsi-siyasi konyuktura zəminindəki bir alaboz sənədli intriqa filminə “qəhrəman” olmuşdu). Bütün hallarda təkcə qəhrəmanlardan və qəhrəmanlıqlardan yazmırıq ki…

Eldar Həsənovun son durumu ilə bağlı həyəcanlı xəbərlər gəlir. Bu xəbərlərə şərh yazacaqdımmı?! Onu da bilmirdim. Ancaq keçmiş səfirin qızı hüquqşünas-alim Səbinə xanım Hüseynovanın ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciəti, doğrusunu deyim, məni təsirləndirdi. Səbinə xanım yazır ki, atası Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətində və Xidmətin hospitalında 170 dəfə yıxılıb; ayaqları tutulub, hərəkət edə bilmir və “həyatına ciddi təhlükə var”.

Müraciətdə Eldar Həsənova həkimlərin qoyduğu diaqnozdan da danışılır: “Atam iyul ayinda çox ciddi əməliyyat keçirtdi. Onun müayinə və analizlərinin nəticələri qorxuncdur. Ona bədxassəli paroksizmal pozisyon vertiqo diaqnozu qoyulub. Bu barədə həkimlərin təsdiqlədiyi sənədlər, sübutlar var. Hər başgicəllənməsi onun sonuncu yıxılması ola bilər. Hər an onu itirə bilərik. …Atamın vəkillərinin bildirdiyinə görə, 8 avqustda o, növbəti dəfə huşunu itirərək yıxılıb və xəsarətlər alıb. Ötən gün vəkilinin iştirakı ilə müstəntiqlə görüşə əlil arabasında gətirilib və DTX Hərbi Hospitalının həkimləri artıq onun çəliklə belə hərəkət etməsinin təhlükəli olduğunu bildirirlər”.

Əlbəttə ki, bu nidalara: “Nə əkərsən, onu da biçərsən”, yaxud: “Dünən fərman verən bu gün can verir” ədəbiyyatından baxanlar da var. Ancaq hər cür ədəbiyyat həm də tarixdir, İllah da folklor! Mən tarixin qarşı tərəfindən baxmağa çalışacam: hansı cinayəti törətmiş olsa belə, hansı cəzaya layiq görülürsə-görülsün, insanın ailəsindən, doğmalarından, sevənlərindən və sevdiklərindən uzaqda ÖLÜMlə təkbətək (yaxud ölüm təhlükəsi ilə üz-üzə) qalması… Bundan daha ağır cəza varmı?! Üstəlik sən cinayət törətmədiyini düşünürsənsə, sənə verilmiş (yaxud veriləcək) cəzaya özünü layiqli bilmirsənsə, bu ağrı ikiyə qatlanır.

Eldar Həsənovun özünün də bir zamanlar başında dayanmış olduğu cəza sistemimiz qisas sistemidirmi?! Bu haqda da çox mübahisələr olub və bu gün də var. Sovet cəzaçəkmə sisteminin fəlsəfəsində bir əvəzçıxma motivi vardı hər zaman sanki. Bizimki də Sovetdənqalmaydı. Ancaq Avropa Şurasındayıq indi. Çox şey dəyişdimi? Ya dəyişən şey nədirsə, çoxdurmu?! Adına “islah” dedik də. Biri, tutaq ki, dövlət büdcəsini mənimsəyib, həbsə düşüb. Vurduğu zərəri də ödəyib. Müəyyən bir müddət həbsdə qalıb – cəza da var ortada. Bəs həmin o dövlətin hesabına onu uzunmüddətli həbsdə saxlamaq o qorumaq istədiyimiz büdcəyə çoxmu faydalıdır?! Və ya azmı zərərlidir?! Adamı müəyyən cəzadan sonra buraxaq, ancaq büdcənin həndəvərinə buraxmayaq bəlkə, olub-bitsin…

Bilmirəm. Hüquqçu deyiləm. Diletant da görünmək istəmirəm. Sadəcə, peşəm gərəyi suallar verirəm. Özümə və başqalarına.
Söhbət Eldar Həsənovdan getmir. Daha doğrusu, təkcə ondan getmir.

İnsanlar öz yaşayış yerini dəyişəndə belə, bunu çox ağrılı keçirirlər; şəhərin bu başında evini satıb o biri başına köçürsən. Ancaq illərlə yaşamış olduğun o ev, xatirələrin səni buraxmır. Yuxuna gəlir. Bundan depressiyaya düşənlər var. Ən çox da mühacirətə gedənlərdə olur. Ancaq həbsxanaya düşmək – azadlığından məhrum olmaq təkcə yaşamaq istədiyin yerdən deyil, ölmək istədiyin yerdən də uzun zaman və ya həmişəlik uzaq düşməkdir.

Dəfələrlə “şansım” olsa da, hələ ki həbsə düşməmişəm. Ancaq eşitdiyim, bildiyim, anladığım qədər fiziki olaraq ən möhkəm, dözümlü insanlar üçün də çox çətin olur; daxili iradəsini, şəxsi ləyaqətini qoruya bilsə də (ki, bu da asan deyil), sağlamlığını daha çox itirir. Davamlı müalicə almalı olur, ağır əməliyyatlar keçirir. Bahalı-bahasız tibbi prosedurlar və sair.

Bir halda ki azadlıqdan məhrum olan insan ən dəyərli şeyi – sağlamlığını itirir (yaşadığı və bəlkə öləcəyi yeri də həmçinin), ona verilən qanuni cəza nəyi dəyişəcək?! Tutaq ki, dövlət çevrilişi etmək fikrinə düşən birisi dövlətin “çevrilmiş forması” olan yerə – həbsxanaya düşürsə… Daha ağır mənəvi cəzamı var?! İnsan üçün özünün mühakiməsindən daha adili, özünün cəzasından daha ağırı yoxdur məncə.

Bəlkə də ciddi mövzudakı bu sentimentlərdən hüquqçuların dodağı qaçacaq; bəlkə çox duyğusal baxdıq, necə deyərlər, arabeskə bağladıq. Ancaq hər halda…

Avropa Şurasındayıq dedik. Cəzaları humanistləşdirdik dedik. Cəzalar, bəli, kağızda bəlkə humanistləşdi. Cəza kəsənlər, cəza verənlər… onlar da humanistləşdimi bir gecənin içində?! Bizim halımızda təkcə cinayətkarınmı islah olunmağa ehtiyacı var?!

Cinayətin cəzası bəzən cəzanın cinayətinə də çevrilə bilir…
Cəzaları humanistləşdirdiyimiz yerdə humanistləri cəzalandırmaq qəflətinə düşməyək. Günahını isbat edə bilmədiyimizə “içəridə” “Avrotəmirli” cəza vəd edərək…

Doğrudan, əlimizi ürəyimizin üstünə qoyaq: məgər həbsxanamızda, sadəcə, günahkarlarmı var?! Hə, qanunu pozanlar qanunu pozduranlardan daha çox oturur – o başqa.

Mərhum şairimiz Vaqif Səmədoğlu Əfv Komissiyasnda üzv olanda belə bir cümlə qurmuşdu: “Bilirsiniz, türmədə müdirinin yerinə oturan nə qədər baş mühasib var?!”

… Vaqif Səmədoğlu belə: “Ölümdən qorxuram, daha doğmalarımı görə bilməyəcəm” demişdi. Bu, azadlıqda olan azad adamın sözləri idi. Bəs Eldar Həsənov?! Onun kimi azadlığından məhrumluqda ölümlə baş-başa qalanların qorxusu… Bunu təsəvvür edirəm və keşmiş səfirin qızının yazdıqlarından daha çox təsirlənirəm. Təkcə Eldar Həsənova görə yox, onun durumunda olan və ola biləcək hər kəsə görə…

P.S. Ölüm cəzasın qaldırmışıq. Bəli, öldürərək cəzalandırmaq yoxdur artıq. Bəs cəzalandıraraq öldürmək?! Varmı?!

Həmçinin oxuyun

Şəxsi və müvəqqəti ehtiraslarının nökəri…

İnsan sosial deyil, daha çox asosial varlıqdırCovid-19 pandemiyasının varlığı, ona qarşı peyvəndin tətbiqinin faydası haqqında …