Ana səhifə / Köşə Yazarları / Niyə varlılar daha çox intihar edir?

Niyə varlılar daha çox intihar edir?

Artıq bu ildən başlayaq Avstiyada xroniki və ya sağalmaz xəstəlikləri olan insanlar “tibbi intihar” adlnadırılan eftanaziya vasitəsilə ölmək istəklərini bəyan edə biləcəklər.
Ekosistemlərə antropogen amillərin təsiri. Bu ifadə torpaq sürüşmələri, sellər, səhralaşma və s. kimi dünyanı xaraba qoyan təbii fəlakətlərin aktivləşməsində, Marksın sözü olmasın, meymunu insana çevirən əməyin rolunu vurğulamalı. Yəni: İnsanlar yemək, əylənmək və gecələmək üçün təbiəti yox etdikcə, təbiət də nəngliyini qorumaq üçün insanları yox etməyə çalışır. Heyvanlarla sülh şəraitində yaşayan yer kürəsi insanla əbədi bir müharibə içindədir. Nitsşe də deyirdi ki, təbiət vəhşidir. Zəiflərim qənimidir.
Stalinin şinelindən çıxmış sovet təhsilinin yetirməsi olan qoca professorlarımız insanların kütləvi şəkildə məhvini fəlsəfə kafedralarında “qanuniləşdirən” Maltus nəzəriyyəsini isə bizə yalnız alman millətçiliyinin uydurması kimi öyrədiblər.
Mən Maltus nəzəriyyəsinin Avropada imperialist oyunların oynanıldığı səhnəyə ən axırda çıxan Almaniyanın və onun qurucusu Bismarkın “qan və dəmir” siyasətinin intellektual şərhi kimi İngiltərə və Fransa əhalisinin, yəni potensial əsgər sayının artımının qarşısını almaq üçün Maltus tərəfindən qlobal həyəcan təbili kimi döyəcləndiyini öyrənəndə artıq iki uşaq atasıydım. Dünyadan və onun imperialist maraqlarından bixəbər yetişdirilmiş bir ata! Cırtdan bir magistr!Maltus təkcə təbiətin deyil, cəmiyyətin də özü-özünü məhv etmək haqqı olduğunu söyləyirdi və Almaniyanın gələcək qırğınalarına fəlsəfi fitvaları ilə bəri başdan haqq qazandırırdı. Və bu gün hər ikisi, təbiət və cəmiyyət əl-ələ verərək insan nəslinin yer üzündən kəsilməsi üçün gizli bir terror siyasəti yürütməkdədirlər.
Təxminən, yüz il əvvəl məşhur fransız sosioloqu, yeri gəlsə, dünyanın ilk intiharşünası deyə biləcəyimiz Durkheym araşdırmaları zamanı belə bir fikrə gəlmişdi ki, insanın istər özünə, istərsə də başqalarına olan aqressiyası, nifrəti, kini mövsimi olaraq artıb-azalır.
Bu fikrini statistik rəqəmlərlə də təsdiqləmişdi. Şahidi olduğumuz “əmək qəhrəmanları”nın tarixi statistik rəqəmləri nə qədər gözümüzdən salsa da, bu rəqəmlər Durkheymə çox ciddi bir məlumat pıçıldayırdı: “Yay intiharlar, sui-qəsdlər və qətllər mövsümüdür”. 
Hələ yüz il əvvəl sübut olundu ki, isti insan orqanizmində gedən nevrokimyəvi prosesləri şiddətləndirir, stress hormonlarının ifrazını artırır. Bu da insan təbiətindəki yırtıcılığın üzə çıxmasına yol açır. Günümüzdə Meskisa və ABŞ-ın hava proqnozu qeydlərinin araşdırlaması, orta aylıq tempratur 1 dərəcə artdıqda intihar hadisələrinin ABŞ-da yüzdə 0,7, Meksikada isə yüzdə 2,1 faiz çoxaldığını göstərdi. 
Bu o deməkdir ki, biz daha çox pul və şöhrət qazanmaq üçün daha çox enerji yandırıb dünyanı “açıq səma cəhənnəmi”nə çevirdikcə təbiət təmkinini pozmadan və əlini qana batırmadan bizi öz əlimizlə öldürərək qisasını alır. Dünya Səhiyyə Təşkilatının hesabatına görə, zəmanəmizdə hər il bir milyona yaxın insan intihar edir; hər qırx saniyədə bir bədbəxt. Bu da il ərzində müharibələrdə, cinayətlərdə, qəzalarda ölənlərin sayından dəfələrlə çoxdur. Hazırda dünya lokal müharibələri çıxmaq şərtilə, sülh içində yaşasa da, itkilərin sayı bizə dünyada daha böyük müharibənin getdiyini söyləyir. Bu səssiz ölümlər artıq “Əbədi Dünya müharibəsi” deyə biləcəyimiz bir fəlakətin əlamətidir. Əhalinin sayının çoxalması yer kürəsində istiliyin artmasına səbəb olur, bu da intiharların sayındakı artıma təsir göstərir.
Halbuki sosiologiyada belə bir fikir var ki, intihar edənlərin əksəriyyəti cəmiyyətlə əlaqələrini kəsmiş, yaxud itirmiş adamlardır. Çox əhali çox ünsiyyət deməkdir, ancaq reallıq başqa şey diktə edir; sosial şəbəkələrin varlığı insanları daha çox tənhalığa, özünə çəkilməyə vadar etdiyi kimi, əhalinin artımı da onları başqalarından gizlənməyə və bu hissin davamı olaraq özlərini yox etməyə təhrik edir. Çünki “Başqaları cəhənnəmdir!” Biz Sartrın bu nihilizmini sosial şəbəkələr peyda olandan sonra daha dərindən hiss etdik.   
Məsələn, əhalisi günbəgün 2 milyarda yaxınlaşan Hindistanda 1968-ci ildə 40.000 insan insan intihar etdiyi halda, 1999-cu ildə bu ədəd 110.000-ə çatdı. Eyni özünəqəsd artımı 1998-2003-cü illər arasında Honkonqda da qeydə alınmışdı. 
Məzlum ölkələrə nisbətən sosial rifahın yaxşı olduğu inkişaf etmiş ölkələrdə daha çox adam özünü asır. ABŞ-da il ərzində ölənlərin dörddə biri intihar edənlərdir. Bu ardıcıllıq ABŞ-ın bəxtəvər etdiyi Yaponiyada, iqtisadi gücünə görə dünya ikincisi və dördüncüsü olan Çin və Almaniyada da müşahidə olunur.Əhali tünlüyü həm də gərgin rəqabət mühiti deməkdir. İnkişaf etmiş Cənubi Koreya bu gün intiharın Asiyadakı ana vətənlərindən biridir. Markssit filososf Slovay Zizek izah edir ki, bu ölkədə insanlar sürətdən, deməli, həm də rəqabət mühitindən uzaq düşdükdə özlərini öldürməkdən başqa çıxış yolları qalmır. Çünki ölkə elə bir sürətlə dəyişir ki, bir ay işsiz qalmaq diri-diri ölümə tərk edilmək deməkdir.
Kimsənin geri qayıdıb yıxılanı qaldırmağa macalı yoxdur. Eynən savannada yeni otlaqlara tələsən antilop sürüsünün çayı keçərkən yaratdığı mənzərə kimi bir qaçaqaç. Tərəqqi insan cildində özünün “heyvan sürülərini” yaradıb demək ki. 
Hələ pandemiyadan əvvəl Ankarada müşahidə etmişdim, hava nisbətən təmiz olsa da, bu şəhərə qonaq gələn çinlilər şəhərdə yaşmaqla gəzirdilər. Çünki sıx məskunlaşmış böyük Çin şəhərlərində hava artıq o qədər çirklənib ki, çinlilərdə harada olmalarına baxmayaraq, yaşmaq taxmaq asılılığı yaranıb. Sıx əhali həm də çirkli hava deməkdir ki, təbiət də bu havadan onu çirkləndirən insana qarşı silah kimi faydalanır. 
Dünya Səhiyyə Təşkilatının hesabatını oxuyanda mənə maraqlı olan bir statistikaya rast gədim, sən demə, intihar edənlərin arasında ateistlər dindarlardan daha çox imiş. Məni maraqlandıran bunun səbəblərini tapmaqdır.
Allah ideyası insana təbiətdən gəlir. Yunanlar allahların Olimp dağında yaşadığına inanırdılar, misirlilər allahları çöllərdə təsəvvür edir, onlara gecələmək üçün məbədlər tikirdilər, yəhudilər öz allahlarını ilk dəfə səhrada, yanan kolların arasında görmüşdülər, müsəlmanlar onun atmosferin yuxarı qatında olduğuna inandılar və s. 
Ateizmin, allahsızlığın vətəni isə şəhərlərdir. Kembric professoru Tim Uitmarş “Tanrılarla döyüş” kitabında ateizmin bizim düşündüyümüz kimi, heç də modern bir anlayış olmadığını, hələ qədim Yunanstanda və indiki vəziyyətə baxanda daha az təqib olunan bir düşüncə kimi qəbul edildiyi yazır, misal olaraq da Ksenofanın yazılarını göstərir. Uitmarşa inansaq, ki inanmamaq üçün alternativimiz yoxdur, ateizmin qədim Yunanstanda şəhər-dövlətlərin meydana gəlməsi ilə təşəkkül tapan bir düşüncə olduğunu qəbul etməliyik. 
Günümüzdə də ateizm əsasən şəhər mühitində yaşayan insanlara xas olan düşüncədir. Və inkişaf etmiş ölkələrdə ateistlərin sayı durmadan artır. Beləliklə, ortalığa məntiqi bir nəticə çıxır ki, milyonluq şəhərlərdə intiharların sayının çox olması o şəhərlərdə ateistlərin sayının çoxluğu ilə də əlaqəli ola bilər.Əslində, ateistlərin dindarlara nisbətən daha çox intihar etməsi, öz iradələri ilə qərar verə bilmək cəsarətinə sahib olmaları və dünya faniliyini daha dərindən hiss etmələri ilə bağlı ola bilər. İkincisi, inanc insanın dadına çatan faktor olsaydı, Buddizm, Taosizm kimi insanı təbiətlə sülhə çağıran praktik və batini inancların vətəni olan Koreyada, Çində, Honkonqda bir işə yarayardı, arzularından üz döndərənlərə nirvana, yəni ilahi sakitlik vəd edən inancların yurdunda. Halbuki bu ölkələrdə insanlar məhz öz arzularının dalınca qaçdıqları üçün uçruma yuvarlanırlar. 
Yaxud mən anadan olanda, 1978-ci ildə Cənubi Amerikada “Xalqın Məbədi” adlı dini təriqətin 913 üzvü eyni anda zəhər içərək özlərini öldürdülər. Liderlərinin yer üzünə yenidən gəlmiş İsa olduğuna inanan ABŞ-dakı “Cənnətin qapısı” təriqətinə tapınan 39 nəfər 1997-ci ildə özlərini zəhərləyərək həyatla vidalaşdılar. Hansısa bir inanca tapınanların bu cür kütləvi şəkildə intihar etdiyinə aid faktların sayı az deyil.
Hələ mən cənnətə gedəcəyinə, öldükdən sonra daha yaxşı həyat yaşayacığına əmin olan, “intihar bombaçıları” adlandırılan dini fanatiklərin sevincək olub özləri ilə bərabər yetim-yesiri də yox etdiklərini demirəm. İnancının əmrini yerinə yetirərək intihar edənlər ki, allahsız deyillər, baxmayaraq, islam dini və katolik kilsəsi intiharı günah sayır. Yəni ateistlərin tanrı kimi psixoloji arxalarının olmaması onları intihara sürükləyir fikri bir o qədər də doğru nəticəyə oxşamır. 
Və yanlış bir düşüncə var ki, intiharlar əsasən sosial səbəblərlə bağıldır. Halbuki sosioloq Durkheym sosial səbəbi ən axırıncı yerə qoyurdu. İlk yerdə eqoist intiharların adını çəkirdi. Yəni biz eqomuz təmin olunmayanda özümüzə əl qaldırırıq.

Aqşin Yenisey

Həmçinin oxuyun

Ayağının suyunu içməyin, ayağınızın altına salın…

Qadın anadır. Dünya bərqərar olandan insanlar onun haqqını ödəməyin yollarını arayırlar. Amma tapa bilmirlər. Ananın …