Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / Milli mətbuatın 140 illik yubileyinə həsr olunmuş növbəti konfrans keçirilib

Milli mətbuatın 140 illik yubileyinə həsr olunmuş növbəti konfrans keçirilib

Azərbaycan Milli Mətbuatının yaranmasının 140-cı ildönümünə həsr olunmuş silsilə yubiley tədbirləri davam etdirilir. 
İyulun 8-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ şəhərində “Azərbaycan milli mətbuatı – 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda növbəti regional konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, bölgə rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə ¬Bakıda fəaliyyət göstərən 20-dək qəzetin baş redaktorları iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar.
Daha sonra “Qafqaz Sport Hotel”də işinə başlayan konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev milli mətbuatımızın 140 illik yubileyi münasibətilə iştirakçıları təbrik edib, tədbirin məqsəd və proqramı barədə məlumat verib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonaqları salamlayaraq 140 illik yubiley tədbirləri çərçivəsində növbəti konfransın Qəbələdə keçirilməsini rayonun həyatında əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini deyən Səbuhi Abdullayev müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək dəyərləndirib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı son illər ölkə rəhbərliyi səviyyəsində regionların inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi rayonda gerçəkləşdirilən genişmiqyaslı abadlıq və quruculuq işləri barədə məlumat verib, infrastrukturun müasirləşdirilməsi, yeni istehsal müəssisələrinin açılması və sosial-mədəni tərəqqi sahəsində əldə olunan uğurlardan söz açıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev məruzəsində xalqımızda milli şüurun oyanmasında, azərbaycançılıq məfkurəsinin, istiqlal duyğularının güclənməsində əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin xidmətlərini xüsusi vurğulayıb. Azərbaycan mətbuatının tarixi inkişaf mərhələlərinə toxunan Ərəstun Mehdiyev müstəqillik illərində mətbuatın qazandığı böyük uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. O, Azərbaycan iqtidarının söz, fikir və mətbuat azadlıqlarının yüksək səviyyədə təminatı sahəsində ardıcıl siyasət yürütdüyünü bildirərək Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2015-ci il tarixdə imzaladığı  “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncamını jurnalistlərə yüksək qayğının əyani təzahürü kimi dəyərləndirib.
Azərbaycanda mətbuatın inkişafı üçün bütün lazımi addımların atıldığını deyən Ərəstun Mehdiyev görülən işlərin nəticəsində regionlarda KİV-in sürətlə inkişaf etdiyini, peşəkar kadrların yetişdiyini vurğulayıb. O, xaricdəki bəzi dairələrin ölkəmizə qarşı çirkin kampaniya aparması faktına da toxunaraq, birinci Avropa Oyunları zamanı Azərbaycan mediasının həm bu hücumlara tutarlı cavab verdiyini, həm də Oyunları yüksək səviyyədə işıqlandırdığını vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbir iştirakçılarını salamlayaraq əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının şərəfli inkişaf yolu keçdiyini bildirib: “Azərbaycan milli mətbuatının inkişafını əsasən 4 mərhələyə bölmək olar: “Əkinçi” qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək olan dövr; Cümhuriyyət dövrü; sovet dövrü; müstəqillik dövrü. Azərbaycan mətbuatının ən yüksək inkişaf dövrü məhz sonuncu mərhələdə – Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir”.
Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə, senzuraya məruz qaldığını xatırladan Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirib. Vüqar Səfərli ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, sonrakı mərhələdə söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulduğunu, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edildiyini və digər mütərəqqi islahatları diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələri son 12 ildə uğurla davam etdirdiyini deyən icraçı direktor ötən dövrdə ölkə mətbuatının 130 və 135 illik yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistin fəxri adlara layiq görüldüyünü, qəzetlərin “Azərbaycan” nəşriyatına olan borclarının dövlət büdcəsi hesabına silindiyini qeyd edib.
Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. Vüqar Səfərli, həmçinin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəşləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib.
İcraçı direktor ötən illərdə Fondun KİV-in maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalitslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib. Ötən illərdə regionlarda nəşr olunan qəzetlərin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayan Vüqar Səfərli Fondun xəttilə həmin nəşrlərə kompüterlərin və digər zəruri texniki avadanlıqların verildiyini diqqətə çatdırıb. İcraçı direktor region mətbuatının təmsilçilərinin Fondun keçirdiyi layihələrdə fəal iştiraka dəvət edib.
Çıxışını davam etdirən Vüqar Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə olduğunu deyərək ölkə başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb.
Azırbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatı üçün yeni mütərəqqi ənənələr formalaşdırdığını diqqətə çəkərək mətbuatımızın müxtəlif tarixi mərhələlərdə keçdiyi inkişaf yolundan söz açıb. Mətbuatla bağlı dünyada 4 nəzəriyyənin mövcud olduğunu diqqətə çatdıran Əflatun Amaşov müstəqillik illərində Azərbaycanda məhz sosial məsuliyyət prinsipi ilə çalışan, yüksək söz və mətbuat azadlığı şəraitində fəaliyyət göstərən müstəqil və demokratik medianın formalaşdığını diqqətə çatdırıb. O, Mətbuat Şurasının mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətlərinin sivil qaydada tənzimlənməsi və reket jurnalistikaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə də məlumat verib.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev milli mətbuatmızın tarixi inkişaf mərhələlərinə dolğun nəzər salaraq qarşıda duran vəzifələrdən danışıblar.
Konfransda, həmçinin ayrı-ayrı rayonların icra hakimiyyətlərinin məsul əməkdaşları, region qəzetlərinin baş redaktorları çıxış edərək bölgələrdə dərc olunan nəşrlərin tarixi inkişaf yolundan, qazandığı nailiyyətlərdən, dövlətin mediaya diqqət və qayğısından söz açıblar.
Konfransı yekunlaşdıran Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev yeni dövrdə ölkə mediasının qarşısında duran prioritet vəzifələrdən söz açıb, jurnalistləri bundan sonra da milli maraqların müdafiəsində əzmlə dayanmağa, dövlətçilik mənafeyindən çıxış etməyə çağırıb.




Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın