Cümə , İyul 19 2019
Ana səhifə / Köşə Yazarları / Mediamız Türkiyədəki hadisələrə münasibətdə özünü necə apara bildi…

Mediamız Türkiyədəki hadisələrə münasibətdə özünü necə apara bildi…

Azərbaycanla Türkiyə arasındakı münasibətlər qardaşlığa əsaslanır. Bu baxımdan da dövlətlərimiz bütün çətin məqamlarda bir-birinin yanında olmağı bacarır. Son hadisələr zamanı Azərbaycan hakimiyyəti bunu bir daha sübut etdi.
Türkiyədəki hərbi çevriliş cəhdini ilk pisləyən ölkə kimi biz qardaş ölkəyə hər cür dəstəyi verdik. Təbii ki, belə məqamlarda ölkənin mediası da elə davranmalıdır ki, iki ölkənin qardaşlıq münasibətlərinə xələl gəlməsin. Bu hadisələrin fonunda qısa yanlışlıqlar da oldu. ANS telekanalının rəhbərliyi öz açıqlamasında kanalın bağlanması ilə bağlı verilən qərara səbəb olan xətalarını etiraf etdi. Azərbaycan Mətbuat Şurası belə həssas məqamla bağlı ölkə jurnalistlərinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Qədim tarixə malik xalqlarımız arasındakı çoxəsrlik münasibətlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan və Türkiyə dövlətlərinin müasir dövrdə qarşıya qoyduğu ən mühüm vəzifədir. Bu vəzifə əsas götürülərək ölkələrimizin mənafe və prinsiplərinin müəyyənləşdirilməsində, vahid platforma olaraq bəyan edilməsində media başlıca vasitə kimi çıxış edir, qloballaşan dünyada ortaq türk dəyərlərinin təbliğini rəhbər tutmaqla son dərəcə əhəmiyyətli missiya yerinə yetirir. Hər iki ölkə jurnalistlərinin yaradıcılıq dəst-xəttində, həmçinin, Azərbaycan və Türkiyənin dövlətçilik maraqlarına xələl gətirən halların qarşısının alınmasına yönələn birgə fəaliyyət də başlıca yeri tutur.
Təqdirəlayiq haldır ki, Azərbaycan mediası Türkiyədə 15-16 iyul 2016-cı il tarixlərində gerçəkləşdirilməsinə cəhd edilən dövlət çevrilişi aktına Türkiyə xalqının mənafelərini nəzərə almaqla yanaşdı, çoxsaylı insan tələfatına səbəb olan terrorçuluq əməllərini qətiyyətlə pislədi. Bu həm də qardaş ölkə mediasının hadisəyə münasibətdə tutduğu mövqe ilə həmrəylik nümayişi kimi yadda qaldı. Azərbaycan Mətbuat Şurası mövcud dəst-xəttin hər zaman davamlı olacağına əmindir.
Mətbuat Şurası, eyni zamanda, Azərbaycanın kütləvi informasiya vasitələrinə müraciət edərək onları qardaş Türkiyə üçün taleyüklü vəziyyətə münasibətdə həssaslıq nümayişinə çağırır. Bu həssaslıq ilk növbədə peşəkar yanaşmadan keçir. Peşəkarlıq isə obyektivlik, dəqiqlik və qərəzsizlik meyarlarına riayət etməkdir.
İndiki vəziyyətdə peşəkarlıq Türkiyədə ictimai asayişin pozulmasına səbəb olmuş, ölkənin dövlətçilik ənənələrinin sarsıdılmasına yönəlmiş hər hansı hərəkətin, bu hərəkəti doğuran şəxs və şəxslərin heç bir halda Azərbaycan mediasında təbliğ edilməməsidir. Türkiyə dövlətinin maraqları demokratizmə söykənir, meydanlara axışaraq seçdiyi hakimiyyətini müdafiə əzminə köklənmiş böyük türk xalqının baxışları ilə uzlaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərkən bildirib ki, Azərbaycan xalqı və dövləti, həmişə olduğu kimi, Türkiyə xalqı və dövlətinin yanındadır.
Azərbaycan cəmiyyəti Türkiyədəki xalq-hakimiyyət birliyini müxtəlif beynəlxalq güclərin yaşadığımız coğrafiyadakı antimilli siyasətinə qarşı dirəniş və vəhdət modeli olaraq görür. Mediamızın məhz belə yanaşmanı təbliğ etməsi son dərəcə zəruridir. Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları qardaş Türkiyədə baş verən hadisə və proseslərə münasibətdə həssas olmağa, Türkiyə xalqının iradəsini nəzərə almağa, Türkiyənin dövlət maraqlarını hakimiyyət çevrilişi cəhdi ilə təhdid edən terrorçu təmayülləri, terror əməllərini törədənləri, himayə edənləri hansısa formada müdafiə edəcək, müdafiə təsəvvürü yaradacaq təqdimatlardan uzaq durmağa çağırır”.
Türkiyədəki hadisələr fonunda mediamız iki ölkə arasındakı qardaşlıq münasibətlərinin qorunması baxımından necə davranış nümayiş etdirdi?
Media eksperti Yadigar Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, ümumən götürdükdə, mediamız proseslərdən üzüağ çıxdı: “Bəli, Türkiyə ilə bağlı biz daha həssas davranmalıyıq. Çünki orada söhbət adi bir məsələdən getmirdi. Uzun illərin təcrübəsinə dayanıqlı olan bir ölkənin quruluşunu dəyişmək istəyirdilər. Düzdür, bizim mediada da bəzi xoşagəlməz istisnalar oldu. Ancaq bu ümumi mənzərəyə kölgə sala bilməz. Çünki media rəngarəngdir və çoxşaxəlidir. Biz bütün prosesi nəzarətdə saxlaya bilməzdik. Türkiyə bizə yaxındır, bu öz yerində. Türkiyədə baş verən hadisələr bütün bəşəriyyət üçün zərərli tendensiya yarada bilərdi. Söhbət demokratiyanın çökdürülməsindən gedirdi. Təbii ki, belə hallara bütün ölkələrin mediası öz etirazını bildirməlidir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın