Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Media nümayəndələrinin bayram planları

Media nümayəndələrinin bayram planları

Yeni il bayramına sayılı günlər qalıb. Dünyanın bir çox ölkələrində, o cümlədən, Azərbaycanda insanların ən sevimli bayramlarından olan Yeni İlə hər kəs öz imkanı daxilində hazırlaşır. İnsanlar 2016-cı ili ən gözəl şəkildə qarşılamaq və həmin anları unudulmaz etməyə çalışırlar. Yeni il bayramını öz ailəsi ilə evdə qarşılayanlarla yanaşı, əyləncə məkanlarında, dəbdəbəli restoranlarda, hətta xarici ölkələrdə qarşılamağa çalışanlar da az deyil.
Bu özəl günə görülən hazırlıqlardan bir də “yolka”dır. “Yolka”nı Yeni ilin simvolu da adlandıra bilərik. İstər şəhərin parklarında və mərkəzi küçələrində, istərsə də evlərdə qurulan “yolka”lar yeni il ənənələrinin başında gəlir.
Bəs, görəsən, Azərbaycanda media əhli Yeni ili harada qarşılamağa çalşır. Evlərində və ya çalışdıqları redaksiyalarda “yolkalar” qurulubmu?
Musavat.com bu sualla media əhli arasında sorğu keçirib.
APA TV-nin baş direktorunun müşaviri İlqar Rəsul Yeni ili ailəsi ilə birgə qarşılayacağını bildirib: “Bu fotoda işdəki yolkadır. Onu mən bəzəməmişəm. Evdəki yolkanı isə oğlum bəzəyib. Yeni ili həmişə ailəmlə birlikdə və daha çox evdə keçirirəm. Amma yeni ilin ilk günlərində ailəvi (və ya dostlarımla) bir neçə günlüyə Bakıdan çıxdığımız da olur. Bu il xanımımın səhhətində bir az narahatlıq var. Hər şey onun vəziyyətindən və istəyindən asılı olacaq. Ümid edirəm ki, yeni ili yenə də həmişəki kimi xoş əhvalla, top-tüfənglə qarşılyacağıq. Hər halda mənim üçün yeni il axşamı dünyanın ən gözəl yeri ailəvi toplaşacağımız süfrənin ətrafı olacaq”.
Axar.az saytının redaktoru Pərviz Cəbrayılın cavabı isə həmkarlarının cavabından fərqli olaraq pessimist çalarlarla yadda qaldı: “Mən yolka bəzəməmişəm. Deyəsən ofisimizdə bəzəyiblər. Yeni ili heç yerdə keçirməyəcəyəm. Mənim yeni ilim çoxdan keçib gedib. Azərbaycana və Azərbaycan insanına uzun illərdir ki, yeni il gəlmir. Köhnə ilimiz mübarək olsun…”
Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlunun cavabında isə maraqlı təkliflər var. Sayt redaktoru Yeni ili ölkədə qarşılamağa üstünlük verdiyini deyir: “Ötən yeni ili xaricdə qarşılamışam. Bu il də təkliflər var ki, yaxın ölkələrin birinə gedək. Amma məncə, az qala ənənəyə çevrilən bu vərdişə son qoymaq lazımdır. Hesab edirəm, ölkədə qalıb Yeni ili burada daha şən, daha maraqlı etmək lazımdır. Niyə biz bayram günlərini doğmalarımızdan uzaq, xarici ölkələrin restoranlarında, əyləncə mərkəzlərində keçirməliyik? Başa düşürəm, bəlkə xaricdə daha maraqlı olur, bəlkə orada əylənmək daha ucuz başa gəlir və ya başqa amillər insanları çəkir… Amma bu ölkənin vətəndaşları xaricdə gördükləri bayram əhval-ruhiyyəsini burada yaratmağa çalışmalıdır. Nəzərə alınmalıdır ki, Yeni il günündə həm də Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunur. Deməli, bu iki qat bayramı öz ölkəmizdə qeyd etmək həm də vətəndaşlıq borcumuzdur. Əslində, biz ölkədə bu bayramı daha yüksək səviyyədə qeyd etməklə, Yaxın Şərqin Yeni ili keçirmək ənənəsi olmayan ölkələrindən xeyli turist cəlb edə bilırik. Bu sahədə hər bir vətəndaşın üzərinə müəyyən işlər düşür. Təbii ki, aidiyyəti qurumlar, xüsusən Mədəniyyət və Turizm Nazirliyi ciddi işlər görməlidir. Yaxşı olar ki, media qurumları öz imkanılarından istifadə edərək, həmkarlarını ölkəyə məhz bu bayram ərəfəsində dəvət etsinlər. Hər halda Bakı Gürcüstanın Azərbaycandan gedən turistlərin hesabına dolanan kiçik şəhərlərindən heç də maraqsız deyil. Hamımız paytaxtımızda qalaq, bayramı birlikdə keçirək”.
“Park Bulvar” ticarət və əyləncə mərkəzinin PR meneceri Günay Malikqızı isə deyir ki, bayramı sevinclə, xoş əhval-ruhiyyə ilə qarşılamaq hər bir detaldan istifadə etmək lazımdır: “Təbii ki, yeni təqvim ilinin başlanması münasibətilə bütün dünyada qurulan şam agacını çalışdıgım ticarət mərkəzində də qurmuşuq. İnsanlara bayram əhval ruhiyyəsini çatdırmaq məqsədilə qurdugumuz şam agacımız çox gözəl alınıb. Evdə xüsusi bəzək işləri aparmamışıq, amma qızım atası ilə birgə agacı bəzəməyi çox sevir. 9 yaşı olacaq, amma, hələ də inanır ki, şam agacı bəzənməsə Şaxta Baba hədiyyə gətirməyəcək. Düşünürəm ki, insanlara, əsasən də uşaqlara sevinmək üçün səbəb olan hər bir fürsətdən istifadə etməliyik”.
Gənc yazar Aysel Əlizadə isə sualımıza cavab olaraq “yolka”larının başına gələn əhvalatı danışdı: “Hər il hamıdan qabaq biz yolka qurardıq, ancaq  bu il hələ də qurmamışıq. Keçən il gözəl, ağ bir yolka almışdıq. Bu il yolka bəzəmək vaxtı çatanda məlum oldu ki, Ramin Hacılı o yolkanı atıb. Səbəbi isə hələ də müəmmalı qalır. Hələ ki, vaxt tapıb yenisini ala bilməmişik”.
“Evinizdə və redaksiyanızda “yolka” qurmusunuzmu sualını cavablandıran axar.az saytının baş redaktoru Anar Niftəliyev isə hələ ki, evdə qızları  üçün “yolka” qurmadığını bildirdi: “İşdə “yolka” qurublar, amma doğrusu, evdəki “yolkanı” qızlarım bəyənmir, yeni yolka istəyirlər. Yeni yolkanı almağa isə vaxt edə bilməmişəm. Yeni ili evimizdə, balalarımla birgə qarşılamaq niyyətindəyəm. Bayram günlərində doğmaları ziyarət edəcəyik”.
Qafqazinfo.az saytının redaktoru Günel Əbilova isə dedi ki, bu il ölkədə və dünyada baş verən bütün neqativ hadisələrə rəğmən Yeni ili maksimum xoş keçirməyə çalışacaq: “Düzü, dördüncü yeni ili “Qafqazinfo” saytının əməkdaşı kimi qarşılayıram. Amma redaksiyamızda heç vaxt “yolka” qurulmayıb. Bəlkə, əməkdaşlarımız və redaksiyamız geniş olmadığı üçün buna ehtiyac olmayıb. Heç bu barədə də düşünməmişik. Amma bu il ilk dəfə istəyirik ki, evdə “yolka” quraq. Nəzərə alsaq ki, hər gün ətrafımızda və ölkəmizdə əhvalımıza mənfi təsir göstərəcək nə qədər hadisə olur, üzülürük, ağlayırıq və sonra “möhkəm olmalıyıq” deyib özümüzə təsəlli veririk. Ona görə çalışıram ki, bu bayram ərəfəsində pozitiv ab-havada olum və bütün dostlarımıza da bunu tövsiyə edirəm. Bütün baş verənlərə rəğmən gülməyi bacarsınlar”.
Teleqraf qəzetinin redaktoru Taleh Şahsuvarlı Yeni ili ailə ortamında qarşılamağı sevir: “Dünya azərbaycanlılarının həmrəylik gününü və Yeni ili qarşılamağa həmişə xüsusi diqqət edirik. Bu il də yolka quracağıq. Yəqin ki, yolkanın qurulmasına həftəsonu zaman ayıracağıq. Bu, çox gözəl gündür. Yeni il axşamı ailə ortamında insanlara sevinc, ümid, inam gətirən, belə demək olarsa, bir ritualdır. Hər zaman olduğu kimi bu ildə yeni ili ailə ortamında qarşılayacağıq”.
Jurnalist Əvəz Qurbanlı isə Yeni ilin milli bayram olmadığını və lakin həmin gün üçün evdə “yolka” bəzəyəcəklərini bildirdi: “Biz Yeni ili yüksək təmtəraqla keçirmək fikrində deyilik, çünki bizim üçün Yeni il Novruz bayramı ilə gəlir. Buna baxmayaraq, cəmiyyətdən təcrid olunmaq fikrimiz də yoxdur. Biz də hamı kimi yolka bəzəyib, yeni il şənliklərinə qatılmaq niyyətindəyik. Hazırda yolka bəzəməmişik. Bir yolkamız var, 6 ildir ki, onu bəzəyirik. Bu il də bəzəyəcəyik.
APA TV-nin əməkdaşı Fərahim Qasımov yeni ili qarşılamağa tələsdiyini, bayramı ailəsi ilə birgə evdə qarşılayacağını dedi: “Evdə və çalışdığım “APA Holding”də yolka bəzəmişik. Köhnə ili yola salıb, yeni ili qarşılamağa tələsənlərdən biri də mənəm. İnşallah Yeni il ölkəmizə düşərli olar. Eyni zamanda hər bir azərbaycanlının ocağına bol ruzi və bərəkət gətirər. Mənim də yeni ilə yeni planlarım var. Allah sağlıq versin, həmin planları həyata keçirəcəm. Bu il Yeni ili evimdə ailəmlə birgə qarşılayacam”.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın