Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Köşə Yazarları / Mətbuat Şurası bəyanat yaydı

Mətbuat Şurası bəyanat yaydı

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər yaxınlaşdıqca ayrı-ayrı namizədlər və media orqanları arasında müəyyən gərginlik müşahidə edilməkdədir. Bu cəhət Azərbaycan Mətbuat Şurasına ünvanlanmış narazılıqlar məktublarında da əksini tapmaqdadır. Bir sıra namizədlər ayrı-ayrı kütləvi informasiya vasitələrində, xüsusən də internet xəbər portallarında şərəf və ləyaqətlərinin aşağılandığını, işgüzar nüfuzlarına zərər gətirildiyini iddia edirlər. Bu baxımdan çoxsaylı şifahi müraciətləri qeyd etmək olar.

Bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatda yer alıb.

Bəyanatda deyilir ki, Azərbaycan Mətbuat Şurasının apardığı monitorinqlərin nəticələri də şikayət müəlliflərinin haqlı olduqları məqamların mövcudluğunu təsdiqləyir. Şura müxtəlif illərdə seçkiqabağı təbliğat-təşviqat kampaniyasının mediada işıqlandırılması ilə bağlı vəziyyəti təhlil edərkən bu qənaətə gəlir ki, ötən dövrlərlə müqayisədə 2015-ci ilin parlament seçkisi öncəsi siyasi ziddiyyətlərin bu və ya digər media orqanına çıxarılmasına dair faktlar əhəmiyyətli dərəcədə azalıb. Ancaq mövcud durum arxayınlaşmağa əsas vermir. Buna görə də Mətbuat Şurası bir müddət öncə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, həmçinin Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə birgə jurnalistlərin seçkini işıqlandırması xüsusiyyətlərinə dair tematik tədbirlər təşkil edib.

Azərbaycan Mətbuat Şurası Milli Məclisə seçkilərə sayılı günlərin qaldığı bir vaxtda kütləvi informasiya vasitələrini, əsasən də internet media orqanlarını “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na riayət etməyə, habelə Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmağa çağırır. Media fəaliyyəti ilə məşğul olan şəxslər seçkinin təkcə siyasi rəqabət deyil, eyni zamanda, xalqımız və dövlətimiz üçün mühüm sınaq meydanı olması reallığını tam ciddiyyəti ilə dərk etməlidirlər.

İctimai missiya yerinə yetirən jurnalistikamızın hazırkı dövrdəki həssaslığı ölkəmizin beynəlxalq nüfuzu baxımından da önəmlidir. Mətbuat Şurası seçki prosesini, deputatlığa namizədlərin fəaliyyətini işıqlandıran KİV-ləri mövcud məqamı ətraflı düşünməyə, ədalətli rəqabətin, intellektual müstəvidəki mübarizənin təbliğatçısı olmağa, namizədlərin fəaliyyətindəki ictimai motivləri cəmiyyətə dəqiq və qərəzsiz şəkildə çatdırmağa səsləyir. Qurum media orqanının, yaxud jurnalistin hansısa namizəd barədə təhqiredici, aşağılayıcı fikirlər yayımlamasını qətiyyətlə pisləyir. Şura bu sayaq xoşagəlməz hallara yol verən kütləvi informasiya vasitələrinə ciddi şəkildə xəbərdarlıq edir və bildirir ki, peşə fəaliyyətinə etinasız yanaşma meyilləri nəzarətdə saxlanılacaq.

Azərbaycan Mətbuat Şurası ölkədə yaradılmış ədalətli seçki mühitinə media müstəvisində xələl gətirilməsinə münasibətdə qanuni ölçü tədbirinin götürülməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldıracaq və təşəbbüsündə israrlı olacaq.

Həmçinin oxuyun

Meyxanaçının TOPAZ üzərindən qumarı təbliğ etməsinin fəsadları…

Bu gün əsas xəbər başlıqları içində diqqətimi çəkənlərdən biri də meyxanaçı Vüqar Əbdülovun futbol mərc …

Bir cavab yazın