Ana səhifə / Köşə Yazarları / Kim deyir ki, jurnalistika halvadır?

Kim deyir ki, jurnalistika halvadır?

Dünyada jurnalistlərin başına gələn ən qəribə, ən ağlasığmaz qəzalar…

Jurnalistika çətin peşədir. Müsahibin naz-qəmzəsi, reportaja getdiyin yerlərin təhlükəliliyi, yaralanma, döyülmə, öldürülmə riski… Bir deyil, beş deyil, hansı birini sadalayasan? Ekstrim, həyəcan, gözlənilməz hadisələr də öz yerində. 
 
Amma bu, təkcə ölkə jurnalistlərinin başına gələnlər deyil. İndiyədək peşəsini icra etməyə çalışan qələm əhli, televiziya əməkdaşı, aparıcı, bir sözlə, jurnalistika cəbhəsində çalışan yüzlərlə insan bir-birindən fərqli olaylarla üzləşib. Məsləyinin arxasınca gedən insanlar zaman-zaman təhlükəli, bəzən qəribə, bəzən gülməli, hətta və hətta ölümlə nəticələnən hadisələr yaşayıblar. “Yeni Müsavat” onlardan bir neçəsini sizlərin nəzərinə çatdırır.
Müsahibə götürəcəkdi, suya düşdü…
Marta Osterold adlı jurnalist Hollandiyanın Kampen şəhərində mer Bort Koelevin ilə müsahibə hazırlayan zaman təsadüfən suya düşüb. Əslində müsahibə yaxtada hazırlanmalı idi. Jurnalist merlə danışan zaman yaxtanın yanından çəkilmiş ipdən tutub. Bədbəxtlikdən ip boş olub. Mer qadının suya düşdüyünü görən kimi boynundakı asmanı çıxarıb və jurnalistə tutması üçün uzadıb. Daha sonra qadına xilasedici dairə atılıb.
Dubayda fəaliyyət göstərən “Orient News” televiziyasının müxbiri isə paytaxt Hələb şəhərində reportaj hazırlayan zaman yaralanıb. Hələbin şimalındakı Handaratda kamera qarşısında birbaşa yayım zamanı Müxbir İbrahim əl-Xətibin yaxınlığında partlayış baş verib. Hava hücumu zamanı yaranan partlayışdan sonra müxbir yıxılıb və kamera yerə düşüb. Çəkiliş qrupu İbrahimə kömək edərək onu ayağa qaldırıb və dərhal xəstəxanaya çatdırıblar.
Dünyaya səs salmış hadisələrdən biri də ABŞ-ın Virciniya ştatında baş verəndir. Canlı yayım zamanı bir jurnalist və bir fotomüxbir naməlum şəxs tərəfindən güllələnib. Hadisə jurnalistlərin “Bridgewater Plaza”da müsahibə aldıqları zaman baş verib. Öldürülən şəxslər – 24 yaşlı reportyor Alison Parker və 27 yaşlı fotoqraf Adam Vard ştatın WDBJ7 televiziyasının əməkdaşları olublar…
2012-ci il London Olimpiada Oyunları üçün Londonda olan “Sky News Arabia”nın müxbiri xəbərini təqdim etmək üçün “Olimpiada Kəndi”nin girişinə yerləşmişdi. Təqdimata başladığı canlı yayım əsnasında bir qadın həmkarının ani hərəkəti onu şoka salıb. Belə ki, gənc qadın bir müddət sonra müxbirə arxadan yaxınlaşaraq onu öpüb. “Sky News Arabia” müxbiri isə qarşılaşdığı bu hərəkətə görə şok keçirib və ancaq “Oruc pozuldu” deyə bilib.
 
Canlı yayımda ölüblər – öz əcəlləri ilə…
İran telekanallarının birində aparıcı canlı yayımda ölüb. Əmək bayramı ilə bağlı yayımlanan buraxılışda verilişin aparıcısı Əhməd Kaimi qabaqcıl işçilərin adlarını səsləndirən zaman yerə yıxılıb. Əlində mikrofonu ilə yerdə uzanan aparıcını xəstəxanaya aparmaq istəyiblər. Ancaq 40 yaşlı aparıcının canlı yayımda infarkt keçirdiyi üçün vəfat etdiyi məlum olub.
Mərakeşin Fəs şəhərində isə televiziya aparıcısı idman yarışlarından canlı yayım edərkən qəflətən yerə yıxılıb. Ətrafdakılar köməyə gəlsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Gənc aparıcı dünyasını dəyişib.
 
İş zamanı zəlzələdən qorxanlar, kanalizasiya şaxtasına düşənlər 
Livanın paytaxtı Beyrutda avtomobilə yerləşdirilən partlayıcının işə düşməsi bütün şəhərdə hiss olunub. Paytaxtın şimalındakı Eynul-Mireysə qəsəbəsində qeydə alınan partlayış yaxınlıqda yerləşən telestudiyada qorxu yaradıb. Canlı yayımda qonağı ilə birgə siyasi müzakirə aparan livanlı jurnalist partlayış səsindən qorxaraq verilişi dayandırmaq məcburiyyətində qalıb. Hadisə canlı yayımda baş verdiyi üçün tamaşaçılar olayı birbaşa müşahidə ediblər.
Hindistan parlamentinin “Bharatiya canata parti” partiyasını təmsil edən deputatı Punamben Madam müsahibə zamanı yerin altına yuvarlanıb. Onunla birlikdə müsahibəni alan jurnalist da yerə yuvarlanıb. İnsident Calla Ramnaqar (Qucarat ştatı) şəhərində deputat jurnalistlərin sualını cavablandırarkən baş verib. Hindistanlı deputat evləri söküləcək sakinlərin düşdüyü çətin vəziyyətdən danışdığı zaman onun ayaqları altındakı torpaq aralanıb və deputat kanalizasiya şaxtasına düşüb. Bu zaman müsahibə verdiyi jurnalistin yaxasından kömək üçün yapışan siyasətçi onun da yerə düşməsinə səbəb olub. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.
 
Qonağın qabağında qəfil yerə yıxılan jurnalist 
Braziliyada, radioda bəzi siyasətçilərin rüşvət aldığını açıqlayan Gleydson Karvalyo adlı jurnalist veriliş zamanı studiyaya girən iki adam tərəfindən güllələnib. Carvalhonun hadisə yerində öldüyü, cinayətkarların isə qaçdığı açıqlanıb. Jurnalist Karvalyo rüşvətlə mübarizədə ən öndə gedən şəxslərdən biri olub. Jurnalist  ictimai mediada dəfələrlə ölüm təhdidi aldığını və polisə şikayət etdiyini bildirib. Cinayətdən sonra küçəyə çıxan xalq dövlətə qatillərin tapılması üçün müraciət edib. Bu hadisə canlı yayımda öldürülən insanların siyahısında ən yadda qalan haldır. Çünki bu qətlin motivi siyasidir və dördüncü hakimiyyətə qarşı törədilən ən qəddar hadisələr sırasında yer alır.
14 sentyabr 2013-cü ildə Türkiyə telekanallarından birindəki verilişdə bir xanım aparıcı iqtisadiyyatdan danışan qonağının qarşısında qəfil yerə yıxılıb. Aparıcının qəfil gözlərinin axması və kreslodan yerə düşməsi ilə qonağının hərəkətə keçməsi bir olub. Şoka girən qonaq onu yerdən qaldırmağa cəhd edərkən, canlı yayım da yarıda kəsilib, araya reklam fasilələri girib.
Bu arada canlı yayımda dünyasını dəyişən spiker, aparıcı, jurnalistlərlə bağlı xeyli faktlar var. Onlardan bir çoxunun stress nəticəsində həyatını itirməsi faktı qeydə alınıb. Youtube.com saytında buna dair saysız-hesabsız videogörüntülər var – Meksikadan tutmuş Rusiyaya, Ukraynaya, Amerikaya qədər. Oxucular internetin yardımından istifadə edərək, “aparıcı (spiker) canlı yayımda öldü” başlıqlı çoxlu sayda videomaterial tapıb, seyr edə bilər.
 
Mükafat almalı idi, infarkt keçirdi
Mərakeşdə isə bir idman müsabiqəsinin ardınca təşkil edilən mükafatlandırma mərasimini canlı yayımlayan aparıcı infarkt keçirərək həyatını itirib. Edilən bütün müdaxilələrə baxmayaraq, aparıcını həyata qaytarmaq mümkün olmayıb.
Xəbərlər proqramı zamanı canlı yayıma bağlanan “Fox sports” telekanalının müxbiri Devid Medrano Morunu maşın vurub. Hadisə Meksikanın “Qbadalaxara” aeroportu yaxınlığındakı avtodayanacaqda baş verib. Hadisə nəticəsində jurnalist yüngül xəsarət alıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın