Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Jurnalist yaşadığı şəhərdən didərgin salınıb

Jurnalist yaşadığı şəhərdən didərgin salınıb

Peyman Sadıqov: «Şirvan İcra Hakimiyyətinin tapşırığı ilə məni ard-arda məhkəməyə verirlər»

Xalqxeber.az saytının baş redaktoru Peyman Sadıqov yaşadığı Şirvan şəhərindən qaçaq düşüb. Buna səbəb onun yaşadığı şəhərin İcra Hakimiyyəti ilə yaşadığı problemlərdir.

Azinforum.az-a açıqlama verən baş redaktor bildirir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin məsul işçiləri və şəhərdəki bəzi büdcə təşkilatlarının rəhbərləri onu məhkəməyə verərək, barəsində cinayət işinin açılmasını tələb edirlər. «Artıq Şirvan İcra Hakimiyyəti başçısının müavini və daha bir neçə məmur məni xüsusi ittiham qaydasında məhkəməyə veriblər. Səbəb onlar haqqında tənqidi yazılar yazmağımızdır. Onların məqsədi bu yolla məni susdurub, bir daha yazı yazmamağa məcbur etməkdir. Lakin biz prinsiplərimizdən geri çəkilmək fikrində deyilik».

Peyman Sadıqov qeyd edir ki, tənqidi yazılara dözümsüzlük nümayiş etdirən Şirvan İcra Hakimiyyəti məhkəmələrə də təzyiq göstərir. «Hər addımbaşı hüquqlarım pozulur. Şirvan şəhər Məhkəməsi icraatında olan işi doğru-düzgün aparmır. Təzyiqlər edirlər, vəsatətlərim təmin olunmur və qaldırdığım bütün məsələləri qulaqardına vururlar. Açıq şəkildə məhkəmələr birtərəfli aparılır».

Xalqxeber.az-ın rəhbəri vurğulayır ki, ona edilən təhdidlər də səngimir. «Şirvanın icra başçısı Mərdan Camalov nazir qardaşı Yavər Camalova güvənərək özbaşınalıqla məşğul olur. Vətəndaşları incitməsi, insanlara qarşı münasibətində qeyri-qanuni hərəkətlərini xəbərə çevirməyimiz xoşuna gəlməyib. Ona görə də, məhkəməyə verərək, bizi cəzalandırmağa çalışır. Üstəlik, dolayı yollarla mənə xəbər göndərir ki, əgər Şirvan şəhərinə ayaq qoyarsam, həbs etdirəcək. Biz hansı zamanədə yaşayırıq? Bu nə idarəçilik sistemidir? Bun ə özbaşınalıq, nə biabırçılıqdır? Doğma evimə gedib, baş çəkə bilmirəm. Mərdan Camalov kimi icra başçılarının təfəkkürü orta əsrlərdə qalıb. Sanki şahənşahın əsarətindəyik. Şirvan Məhkəməsinin hakimi Ziya Əliyev də icra başçısının təlimatlarını yerinə yetirməklə məşğuldur. Mərdan Camalov hansı havanı çalırsa, hakim də həmin havaya oynayır».

Peyman Saqıdov vurğulayır ki, ona qarşı edilən təzyiqlər sırf peşə fəaliyyəti ilə bağlıdır və bu təzyiqlər məhz yazdıqları yazılardan dolayıdır. Baş redaktorun sözlərinə görə, artıq vəziyyət dözülməz şəkil alıb. «Mərdan Camalova biriləri dur deməlidir. Şirvanda özbaşınalıq, qanunsuzluq baş alıb gedir. İnsanlar nazir qardaşının yarıtmaz idarəçiliyindən cana doyublar. Biz də öz növbəmizdə peşə fəaliyyətimizlə məşğuluq və gördüyümüz, bildiyimiz neqativ halları işıqlandırmaqla məşğuluq. Mərdan Camalov yaratdığı biabırçı vəziyyəti düzəltmək əvəzinə, onu tənqid edənləri sıradan çıxarmaq, həbs etdirməyə çalışır. Bu artıq özbaşınalığın son həddidir»

Baş  redaktorun ittiham etdiyi şəxslərin də fikirlərini dinləməyə hazırıq

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın