Ana səhifə / Köşə Yazarları / Jurnalist təşkilatları 22 iyula necə hazırlaşır…

Jurnalist təşkilatları 22 iyula necə hazırlaşır…

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı. Bu il milli mətbuatın yaranmasının 142 illiyi qeyd ediləcək.
Bəs bu tarixi gündə jurnalist təşkilatları nə kimi tədbirlər keçirməyi planlaşdırır?

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı:

“Hələ ki heç nə planlaşdırmırıq. Bununla bağlı dəqiq heç nə deyə bilmərəm”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev:

“Artıq üçüncü ildir ki, təşkilatımızın tədbir keçirmək imkanları yoxdur. Çünki hesabsız hərəkət etmək qeyri-mümkündür”.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı:

“Biz hər il 22 iyulu fərqli şəkildə qeyd etmişik. “Əkinçi”nin simvolik sayını buraxmaqdan tutmuş, jurnalistlərə mənzillərin verilməsinə qədər müxtəlif təşəbbüslərimiz olub və bunlar gerçəkləşib. Bu ilin 22 iyulinda isə tam fərqli bir ideyanı gerçəkləşdirəcəyik. Təbii ki, iri maliyyə tutumlu layihələrin həyata keçirilməsi imkanımız daxilində deyil. Hər halda 22 iyula çağdaş dövrümüz kontekstindən azacıq da olsa rəng vermək jurnalist təşkilatlarının borcu olmalııdr. Hesab edirəm ki, jurnalistikamıza zərər vuran, jurnalist adına xələl gətirən, Zərdabi, Mirzə Cəlil ənənələrinə yad olan ünsürləri də aramıza qoymamaq jurnalist təşkilatlarının birbaşa işi olmalıdır”.

Jurnalist Həmkarları İttifaqının sədri Müşfiq Ələsgərli:

“Bilirsiniz ki, 2009-cu ildən başlayaraq Azərbaycan Mətbuat Şurası Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu Milli Mətbuat gününün qeyd olunması ilə bağlı möhtəşəm tədbirlər reallaşdırır. Hesab edirik ki, bu tədbirlər kifayət qədər lazimi səviyyədə keçirilir. Eyni zamanda bizim təşkilat da Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. Bu baxımdan birgə tədbirlər həyata keçirmək daha əlverişlidir. Biz bunu yetərli sayırıq. Ona görə də özümüz əlahiddə tədbir keçirmirik”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu:

“Hər il olduğu kimi, 22 iyulda Mətbuat Şurası tərəfindən tədbirlər həyata keçirilir. Bizim fəaliyyətimiz Azərbaycanın Mətbuat Şurası ilə birbaşa bağlıdır. Amma fərdi olaraq da təşkilatımızın müəyyən tədbirləri olur. Mətbuat günü ilə bağlı planlarımız olacaq. Lakin hazırda görüləcək işlərdən danışmaqda çətinlik çəkirəm. Həmin tarixə hələ çox var.
Ola bilsin ki, bayram ərəfəsində qonaqlarımız olsun. İndi xarici jurnalistlərlə də əlaqəmiz var. Onlarla birlikdə tədbirlərin keçirilməsi mümkündür. Bu barədə planlarımız ayın sonlarında bəlli olacaq. Bundan əlavə bilirsiniz ki, mətbuat günündə jurnalistlərə evlərin paylanması gözlənilir. Bu da sosial problemin həlli deməkdir. Çox böyük hadisədir. Təşkilat olaraq bu proseslərin içərisindəyik. Amma təşkilat özü də bu istiqamətdə addımlar atacaq. Sadəcə nəsə demək hələ tezdir”.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyev:

“22 iyulla bağlı onsuz da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə layihəmiz var. Bu da sırf jurnalistika etikası il bağlıdır. Biz bu layihə çərçivəsində bəzi videoçəkilişlər həyata keçiririk. Həmin videoları da layihənin sonunda təqdim edəcəyik. O cümlədən Mətbuat günü ərəfəsində jurnalist həmkarlarımızla görüşlərimiz olacaq.
Lakin mətbat günü ilə əlaqədar xüsusi təyin olunmuş tədbirimiz yoxdur. Amma 22 iyulda dostlarımızla, ictimai birliyin üzvləri, həmsədrlərlə görüş təşkil edirik. Bilmirəm, bu qeyd etdiyim görüşləri, tədbirləri mətbaut günü ilə əlaqələndirmək nə dərəcədə düzgün olar. Lakin həmin gün həqiqətən də xoş gün olacaq.
Çalışacağıq ki, təşkilat adından sosial şəbəkələr və ya açıqçalar vasitəsilə dostlarımızı təbrik edək. Yəni ənənəvi olaraq hər il gördüyümüz işləri görəcəyik”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli:

“Təşkilatımız hazırda layihə həyata keçirir. Bunu həm də 22 iyulla əlaqələndirəcəyik. İnternet televiziyada debatlar təşkil edirik. Bu, daha çox mətbuatımızın ölkə əhəmiyyətli, milli təhlükəsizliyi təşkil edən xəbərlərin yayımında peşəkarlıq məsələləridir. Bilirsiniz ki, son illərdə ölkəmizdə baş verən hadisələrdən, xüsusilə aprel döyüşlərindən sonra bu məsələlərə özəl diqqət yetirmək lazımdır. Ənənəvi mediadan daha çox onlayn mediada olan problemlərlə bağlı işimiz olacaq”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın