Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / “İranda 200-ə yaxın mətbu orqan Azərbaycan dilində fəaliyyət göstərir”

“İranda 200-ə yaxın mətbu orqan Azərbaycan dilində fəaliyyət göstərir”

Bu gün Azərbaycanda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezami ilə Azərbaycan media rəhbərləri arasında görüş keçirilib.

Görüşdə çıxış edən İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə bildirib ki, hazırda iki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir.

Onun sözlərinə görə, bu görüşün Azərbaycan və İranın iqtisadi, siyasi və turizm sahəsinin inkişafında mühüm rolu olacaq. Səfir qeyd edib ki, 2016-cı ildə 65 min İran vətəndaşı Azərbaycana səfər edib: “Son bir ildə isə 1 milyon 200 min nəfər hər iki ölkənin vətəndaşları gediş-gəliş ediblər. Çox sevindirici haldır ki, iki xalq bu gün bütün sahələrin inkişafında əl-ələ verib əməkdaşlıq edirlər və bu əlaqələr hər gün inkişaf edir”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında Azərbaycan və İran arasında əlaqələrin tarixinin qədim zamanlara söykəndiyini deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir: “Mən ötən il İran İslam Respublikasında səfərdə oldum. Həmin səfərdə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyi ilə Mətbuat Şurası arasında memorandum imzalandı. Bu memorandum hər iki ölkənin jurnalistləri arasında əlaqələrin inkişafı məqsədilə imzalanıb. Biz qərara gəlmişik ki, ildə bir neçə dəfə İran və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfəri baş tutsun. Biz istəyirik ki, hər iki ölkədə fəaliyyət göstərən jurnalistlər bu ölkələrin dillərini bilsin, bir-birlərinin təcrübələrindən yararlansınlar”.

Sonra çıxış edən H. Entezami hazırda Azərbaycan media orqanlarının yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.

H. Entezami iki ölkə arasında media sahəsində əlaqələrin güclənməsində maraqlı olduğunu deyib:

“Azərbaycan media orqanları yüksək səviyyədə inkişafda olması məni sevindirir. Yəqin ki, hamı mədəniyyət və xalq diplomatiyasını eşidib. Bu, xalqlar arasında olan diplomatiyadır. Halbuki, ənənəvi diplomatiya dövlətlər arasında olan siyasətdir. Xalq və mədəniyyət diplomatiyası xalqlar arasında mədəni əlaqələrin güclənməsinə şərait yaradır. Biz istəyirik ki, iki ölkə arasında media sahəsində də əlaqələr güclənsin. İranda 8 minə yaxın mətbu orqan və televiziyalar fəaliyyət göstərir. Ölkəmizdə 200-ə yaxın mətbu orqan Azərbaycan dilində fəaliyyət göstərir. Biz Azərbaycan jurnalistlərinin İrana səfərini, İran jurnalistlərinin də Azərbaycana səfərini arzu edirik. Eləcə də, hər iki ölkədə mətbu orqanların ofislərinin fəaliyyət göstərməsini istəyirik. Hesab edirik ki, jurnalistlər arasında qarşılıqlı əlaqə olsa, əməkdaşlıq da inkişaf edər. Burada təcrübə mübadiləsi aparmaq olar. Bu əlaqələr turizmin inkişafına da töhfə verəcək. Bizim əlaqələrimizi istəməyənlər bu əlaqələrə kölgə sala bilməzlər”.

Millət vəkili Musa Qasımlı isə deyib ki, bu görüş iki ölkə arasında münasibətləri daha da sıxlaşdırır və Azərbaycan bu görüşlərin davamlı olmasını istəyir. Deputat qeyd edib ki, Azərbaycanda heç bir jurnalist İranın daxili işlərinə qarışmayıb: “Münasibətlərin bu şəkildə olmasında mətbuatın da böyük rolu olub. Arzu edirəm ki, münasibətlərimiz daha da inkişaf etsin”.(APA)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın