Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / İqtisadçılardan jurnalistlərə irad: “Elə müxbirlər var ki…”

İqtisadçılardan jurnalistlərə irad: “Elə müxbirlər var ki…”

İqtisadçı ekspertlər bəzi iqtisadiyyat yazarlarının peşəkarlığından narazıdırlar. Ekspertlər düşünürlər ki, iqtisadi terminlər gündən-günə yenilənir, yeni iqtisadi anlayışlar ortaya çıxır, lakin bəzi jurnalistlər bu tepmlə uyğunlaşa bilmirlər. Nəticədə iqtisadçıların fikirləri təhrif olunur, iqtisadi terminlərin yazılışında və ya səslənişində səhvlərə yol verilir.
Bu problemin aradan qaldırılması üçün bir neçə il öncənin təcrübəsi, yəni iqtisadçıların iqtisadiyyatdan yazan jurnalistlərə təlim keçməsi məsələsi gündəmə gəlib.
Bəs, iqtisadçı ekspertlər niyə gənc jurnalistlərə təlim keçmirlər?
 Musavat.com-un sualını cavablandıran iqtisadçı ekspert Samir Əliyev bu sahədə təşkilatçı rolunda olan QHT-lərin sıradan çıxdığını, əvvəlki maliyyə mənbələrinin itirildiyini bildirdi: “Biz dəfələrlə bu təklifi irəli sürmüşük. Hətta iqtisadiyyatdan yazan jurnalistlər üçün bizim iqtisadiyyatın ayrı-ayrı sahələrindən təlimlərimiz də olub. Məsələn, büdcə, maliyyə sektoru, şəffaflıqla bağlı təlimlərimiz olub. Lakin son iki ildə QHT sektorundakı vəziyyət hər kəsə məlumdur, layihələr dayandırılıb. Bu təlimlər davamlı olaraq, keçirilməlidir. Çünki, bizim təlim keçdiyimiz jurnalistlərin bir çoxu artıq mətbuatı tərk edib, onların yerinə yeniləri gəlib. QHT Şurası və Mətbuat Şurası birləşərək, bu istiqamətdə birgə təlimlər keçməlidir. Burada təkcə iqtisadiyyat yox, digər sahələr də nəzərdə tutulmalıdır. Son böhran bizə devalvasiya sözünü öyrətdi, ancaq hələ də bu sözü düzgün yaza bilməyən jurnalistlər var. Mən bu ideyanı dəstəkləyirəm və müstəqil ekspertlərin iştirakı ilə təlimlərin keçirilməsinin tərəfdarıyam. Hər zaman da öz tövhələrimi verməyə hazıram”.
İqtisadçı ekspert Natiq Cəfərli isə belə təlimlərin keçirilməsinə ehtiyacın mövcudluğunu və özünün də hər zaman dəstək verməyə hazır olduğunu vurğuladı: “Mən böyük məmnuniyyətlə belə bir təlimin təşkilində iştirak edərəm. Hətta özüm də bəzi mətbuat orqanlarında bu təkliflə çıxış etmişəm. Mən bu barədə jurnalistlərdə günah görmürəm. Çünki, Azərbaycanda yüksək çinli məmurlar iqtisadiyyatı yaxşı bilmirlərsə, iqtisadi terminləri tez-tez qarışdırırlarsa, jurnalistlərdə də belə halların olması təbiidir. Çünki, Azərbaycanda iqtisadiyyatla bağlı televiziya kanalı fəaliyyət göstərmir. Halbuki bütün ölkələrdə iqtisadiyyatla bağlı ayrıca televiziya kanalı fəaliyyət göstərir. Gün ərzində iqtisadiyyatla bağlı bütün məlumatlar həmin kanallarda gedir. Azərbaycanda bu praktika da yoxdur. Mən jurnalistlərin üzərinə getməyin qəti əleyhinəyəm. Ancaq elə jurnalistlər var ki, terminləri qarışdırırlar. Sual verərkən də hiss olunur ki, müxbir bu mövzuya vaqif deyil, hətta söhbətin nədən getdiyini də bilmir”.
İqtisadçı ekspert Rəşad Həsənov isə bunun məsuliyyətinin qəzetlərin üzərində olduğunu dedi: “Müstəqil iqtisadçı ekspertlərin də maliyyə və gündəlik yaşam problemləri var. Hərə bir yerdə işləyib, başını dolandırmağa çalışır. İqtisadçı indi hansı qayğılarla məşğul olmalıdır – öz problemləri, ölkənin iqtisadi problemləri, yoxsa, jurnalistlərin maarifləndirilməsi ilə..? Təbii ki, hansısa proqramlar həyata keçirmək olar. Bu, qəzetlərin diqqətində olmalıdır. Mən də təcrübəmdə rastlaşmışam ki, jurnalistlər ən sadə iqtisadi terminləri də bilmirlər. Qəzetlər çalışmalıdırlar ki, istənilən sahəyə informasiyalı müxbirləri yönləndirsinlər”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın