Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Köşə Yazarları / Hamı eyni sözü deyir: “İcra başçısından xahiş et, deputata ağız aç…”

Hamı eyni sözü deyir: “İcra başçısından xahiş et, deputata ağız aç…”

Yuxular gerçək olur, xəyallar həqiqətə çevrilir. Bir vaxtlar yuxuda görə bilmədiklərimizi indi həyatda görürük. Tarixi günlərə şahidlik edirik…

Cəbrayıl işğal olunanda doğma kəndimiz hər gecə yuxuma girirdi. Hər gecə yuxularımda Soltanlının yaşıllıqlara qərq olmuş küçələrini gəzib qayıdırdım. Hər gecə məktəb yolunun üstündəki kəhrizin buz kimi suyundan ovuclayıb içirdim. Hər gecə Araz öz həzin nəğməsiylə mənə layla çalırdı.

Aradan beş-altı il keçdi. Ümidlərimiz öləziməyə başladı. Yurd həsrətinə dözə bilməyən insanlar bir-birinin ardınca dünyadan köçdü. İndi kəndimiz də yuxuma girmirdi. Bir gün rəhmətlik nənəmə yanaşdım: “Daha kəndimiz yuxuma girmir. Tut ağacımıza həsrət qalmışam”.

Nənəmin dediyi sözlər indiki kimi yadımdadır: “Ağacımız, bulağımız, budağımız bizdən küsüb. Erməninin əlində qoyub gəldiyimiz üçün kəndimiz bizdən üz döndərib”.

Yağı basıldı. Düşmən it kimi torpaqlarımızdan qovuldu. Qarabağın qara günləri geridə qaldı. İndi Qarabağ abadlaşdırılır. Yollar çəkilir, körpülər tikilir, bir-birinin ardınca yeni şəhərlərin, kəndlərin təməli qoyulur.

Şükür qovuşdurana!

İki gün əvvəl kəndimizin – Cəbrayıl rayonunun Soltanlı kəndinin təməli qoyuldu. İki gün ərzində ən azı 30 nəfər zəng edib, mesaj yazıb, səs atıb. Hamı eyni sözü deyir: “İcra başçısından xahiş et, deputata ağız aç, nazirliyə məktub yaz, əlindən nə gəlir et ki, bizi birinci köçürsünlər…” 

Azərbaycanın elə bir şəhəri, rayonu, kəndi yoxdur ki, orda ən azı bir qohumum, simsarım, sinif yoldaşım, həmkəndlim olmasın. Təkcə Cəbrayılın deyil, Azərbaycanın üç alimlər kəndindən biri olan Soltanlı işğal olunandan sonra fələk bizdən üz çevirdi, külək bəxtsiz insanları qum dənələri kimi Azərbaycanın dörd bir yanına səpələdi…

Ağır, məşəqqətli günlər geridə qaldı. İndi bütün yollar Soltanlıya aparır…

Biz qayıdırıq!

7 yaşlı balamızdan tutmuş 77 yaşlı babamıza kimi hamılıqla qayıdırıq! 

Qarabağı cənnətə çevirmək üçün qayıdırııq…

Seymur VERDİZADƏ

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …