Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Köşə Yazarları / Hətta sabah olmasa da… – Hüseynbala Səlimov

Hətta sabah olmasa da… – Hüseynbala Səlimov

Xatırlayırsınızsa, müxtəlif KİV-lər noybarın birinci dekadasında Azərbaycan və Ermənsitan liderlərinin görüşəcəyi və iki mühüm sənəd imzalayacağı haqqında xəbərlər yaymışdı. Amma rəsmi mənbələr bu xəbərləri təsdiq etmədi. İndi də etmir. Ona görə də konkret bir söz demək olmur: görüş olacaq, ya olmayacaq?
Amma burada mühüm olan başqa detaldır. Bir çox təhlilçilərin fikrincə, bütün hallarda, ilin sonuna qədər çərçivə sazişi imzalamaq mümkün olacaq…Biz irəli qaçmazdıq, baxmayaraq ki, ilin sonuna elə də böyük vaxt qalmayıb – ay yarımdan bir qədər artıq! Amma dəfələrlə olub ki, bu və ya digər tarix elan olunub, amma sonradan təsdiqini tapmayıb, ermənilər bu və ya digər şəkildə razılaşmanı pozublar. Elə birini bir az əvvəldə qeyd elədik – deyirdilər, ayın 9-da tərəflər görüşəcək, amma indi bunu ya inkar etməyə cəhd edir, ya da təsdiqləmirlər.
Bəs onda politoloqlar nəyə əsaslanıb belə optimist mülahizələr söyləyirlər? Məsələ bundadır ki, ermənilərin sərəncamında daha otuz il yoxdur və onlar nə qədər cəhd etsələr də, “Azərbaycan ssenarisi”ni təkrar edə bilməyəcklər, çünki bunlar tamam fərqli şeylərdir.
Bu günlərdə 44 günlük müharibənin ilk, birinci ili tamam olur. Otuz il və 44 gün! Bunun özü düşünüləsi faktordur. Bəzən deyirik ki, biz otuz il gözlədik. Əslində isə biz otuz ili ona sərf etdik ki, müharibəni udaq. Lap əvvəldə müharibəni aparacaq əsas institut – Azərbaycan dövləti demək olar, yox idi. 30 ildə dövlət yaratdıq, iqtisadiyyat qurduq, ordu yaratdıq və vuruşmağa qadir insanlar yetişdirdik. Otuz il bizə buna görə lazım idi! Daha başqa bir otuz il olmayacaq. Azərbaycan dövləti və ordusu, iqtisadiyyatı və insanı var artıq…
Biz saziş imzalamağa hazırıq. Düzdür, burada çətin məqamlar da var. Məsələn, biri budur ki, biz dost ölkə olan Gürcüstanla sərhəd məsələsini hələ bitirməmişik. Belə məsələlərdə müəyyən çətinliklər olur. 
Amma bunu Ermənistana şamil etmək lazım deyil. Məğlub tərəf güzəştlərə hazır olmalıdır. Xüsusən də bu işləri aparmaq üçün ortada uyğun standartlar var və bu standart ötən əsrin əvvəllərindəki sərhədlərdir, daha daş dövrünə müraciət etməyə, qədim ermənilərin məskənlərini axtarmağa ehtiyac da yoxdur…Ən əsası da budur ki, məsələ ilk növbədə çərçivə müqaviləsinin imzalanması kimi həllini tapmalıdır. Başqa dövlətlər necə edirsə, Bakı və İrəvan da ilk olaraq özlərinin mövcud ərazi və torpaq bütünlüklərini tanımalıdırlar. Hətta ola bilsin, bir müddət sonra diplomatik münasibətlər bərqərar olmalıdır. Bundan sonra prosesi detallaşdırmaq və yekunlaşdırmaq olar. 
O ki qaldı Zəngəzur dəhlizinə, onun İrəvan üçün də böyük faydası var və erməni politoloqları arabir bunu qeyd edirlər. 
Ermənistan hakimiyyətinin məramı daha çox sazişi imzalamağa yönəlibdir. Amma onlar daxili siyasi qüvvələrdən ehtiyat edirlər. Fəqət burada bir məsələ var. Paşinyanın müxalifəti Moskva tərəfindən dəstəklənən siyasi müxalifətdir, hansılara ki, Koçaryanlar və Sarqsyanlar başçılıq edir. Onlar isə göstəriş və əmrləri Moskvadan alırlar. Bu prosesin əlamətdar cəhəti ondadır ki, sülh sazişi Rusiyanın təşəbbüsü və çətiri altında aparılır. Burada ləngimə səbəblərini kiminsə üstünə atmaq, məsələni uzatmağa cəhd etmək lazım deyil, hər şey olmasa da, çox şey Rusiyadan asılıdır…
Azərbaycan üçün kommuniksiyaların açılması elə də aktual deyil. Ölkə bu illər ərzində mühüm alternativlər yaradıb. Əlbəttə, İranla son insident göstərdi ki, bizim də kommunikasiya şəbəkəmizdə zəif nöqtələr var və Naxçıvanla əlaqələri saxlamaq üçün Bakı-Tiflis-Qars xəttini bu bölgəyə birləşdirmək haqqında düşünməyə dəyər. Amma Ermənistan üçün deblokada taleyüklü məsələdir və o, nə qədər tez həll olunsa, İrəvan üçün bir o qədər yaxşıdır. Bu isə hamıdan çox artıq Ermənistanın özündən və məramından asılıdır…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Gecəqonduda yaşayan deputatlar

Evi olmayan deputatlara verilən kirayə haqqının qaldırılmasını təklif edən Razi Nurullayev cəmiyyətin reaksiyasından narazıdır. Razi …