Şənbə , İyul 20 2019
Ana səhifə / Köşə Yazarları / General – Azər Həsrət yazır

General – Azər Həsrət yazır

Biz tez-tez etiraz aksiyaları keçirərdik. Çılğın, dəlisov gənclərdik. Önümüzdə gedən yaşlılarımız da bu halımızdan sui-istifadə edərdilər. Bunu sonra – illər keçəndən və kimin əlinin kimin cibində olduğunu öyrəndiyimizdə biləcəkdik. İndisə meydanlarda, küçələrdə mitinqlər, yürüşlər, piketlər təşkil edir, “rejim”ə etiraz hayqırırdıq. Dedik axı, çox çılğındıq. Səsimiz aləmi götürərdi. Bu çılğınlığımız bizimlə birlikdə olanları daha da coşdurar, qarşımıza çıxanları isə özündən çıxarardı.

Yadımdadır, o dövrlərin asayiş keşikçiləri indiki kimi intizamlı, təcrübəli və hazırlıqlı deyildi. Olması da mümkün sayılmazdı. Nə qədər olmasa da dövlətimiz yeni idi, hər sahədə təcrübə toplamağa ehtiyacı vardı. Bir yandan xarici qüvvələr, bir yandan da bizim kimi dəlisovlar dövləti hər gün məşğul edir, enerjisini tükədirdi.

Lakin dövlət dediyin də dövlətdi artıq. Heydər Əliyev hakimiyyətə qayıtmış, kərpic-kərpic bu dövləti dövlət halına gətirirdi. Kadrları da bildiyi kimi seçir, uzun müddətli strategiyalar qurur, elə adamlarla işləməyə üstünlük verirdi ki, onların hər biri bu gənc dövlətin yenilməz sütunu olsun.

Belə sütunlardan biri də bizim o dövrlərdə “rejimin qulluqçusu” deyib öz ağlımızca gözdən salmaq istədiyimiz Ramil Usubovdu. Heydər Əliyev onu Daxili işlər naziri təyin etmiş, bu sahənin faktiki olaraq sıfırdan qurulmasını həvalə etmişdi. Bizsə boş durmurduq. Onu da, qurmaq istədiyi sistemi də yorulmadan baltalayırdıq.

Baltalayırdıq və qarşılığında həbs edilir, döyülür, bəzən də yaxşıca əzişdirilirdik. Etiraz aksiyalarında polis maşınına zorla basıb aparmalar, polis idarələrində bəzən kobud münasibət, yaxud da elə etiraz aksiyaları dağıdılarkən dəyənəyə qonaq edilmələr bizim həyat tərzimiz idi. Ramil Usubovun polisləri yorulmadan bizi döyür, biz də yorulmadan etiraz aksiyaları keçirirdik.

Aksiya keçirən tərəf olaraq bizim öz inandıqlarımız vardı. Qarşımızı almağa çalışan polis sistemininsə öz inandığı. Biz elə sanırdıq ki, nə qədər çox aksiya keçirsək, “rejimi” bir o qədər zəiflədə və arxasınca getdiklərimizi hakimiyyətə gətirə bilərik. Yəqin ki, saf gənclər olmağımız, təcrübəsizliyimiz, idealistliyimiz idi bizi belə hərəkətləndirən.

Polislərsə əvvəlki illərdə bizim qarşımıza necə gəldi çıxırdılar. Çatdıqları yerdə döyür, əzişdirir, maşına basıb aparırdılar. Bu isə beynəlxalq insan haqları dəllallarının işinə yarayırdı. Biz aksiya keçirəndə onlar üçün əməlli-başlı material olurdu ki, Azərbaycanın üstünə gəlsinlər. Materialın bolluğunu isə bəzən öz işini yetərincə mənimsəyə bilməyən, lakin dövlətə sədaqətində qüsuru olmayan polislər təmin edirdi. Onlar zərurət oldu-olmadı bizi döyür, kobudluq edir, bununla da bədxahlarımıza bəhanə verirdilər.

Polisin belə davranışlarından müxalifətə məqsədli şəkildə qoşulmuş fürsətçilər də gen-bol istifadə edirdilər. Onlar özləri ortalığı qızışdırır, polislə qarşıdurmaya gedir, baş verənləri lentə aldırıb sonra Avropaya – siyasi sığınacaq almağa qaçırdılar. Biz belə şeyləri anlamazdıq onda. Dedik axı, safdıq, idealistdik, hərəkatımıza və bizim önümüzdə gedənlərə uşaqcasına inanır və güvənirdik.

Polislərin uyğunsuz davranışlarının Azərbaycana necə zərər vurduğunu Ramil Usubov – Daxili işlər naziri görmürdümü? Bu sualı o günlərdə də özümüzə verirdik. Düşünürdük ki, bunlar bilərəkdən belə edir ki, bizim gözümüz qorxsun. Lakin bir sualın da cavabını bilirdik o günlərdə: polis bizim kimi çılğın etirazçıları qanunların həddini aşmadan da zərərsizləşdirə bilərdi. Amma edə bilmirdi bunu. Çünki o günlərdə indiki kimi hazırlıqlı, özəlliklə də ideoloji cəhətdən savadlı polis əməkdaşlarının sayı çox deyildi. Hətta yüksək rütbəli polislərin arasında da belələrinin çox olduğunu, ən azından mən deyə bilməzdim.

Belə bir şəraitdə Ramil Usubov müstəqil Azərbaycanın polis sistemini öncə ulu öndər Heydər Əliyevin, ardından da Prezident İlham Əliyevin başçılğı altında qurur, inkişaf etdirirdi.

Günlər keçdi, aylar, illər dolandı və bir gün gəldi ki, Azərbaycan polisi vətəndaşla hətta ən kəskin durumlarda belə nəzakətlə davranmağı öyrəndi. Ən sərt qanunsuz aksiyaları belə dağıdarkən Azərbaycan polisi öz təmkinini qoruyur, təxribata çəkənlərə müdrikcəsinə reaksiya verirdi. Elə bu gün də belədir. Polisimiz, böyük hesabla təmkinli davranır, təxribata çəkmək istəyənlərə belə dözümlü yanaşır.

Nəticə? Nəticə odur ki, Azərbaycan dünyanın ən sabit və cinayətkarlığın ən az olduğu ölkələrinin önündə gedir. Bu ölkədə gecənin bir aləmində belə küçələrdə rahat gəzib-dolaşa, problemimiz olanda onu polisə deyə bilirik. Bir zamanlar polis (özəlliklə də Sovet dönəmində milis) mundiri görəndə istər-istəməz gərginləşərdik. İndi isə biz bu uniformalı adamları görəndə arxayınlaşır, rahatlaşırıq. Hətta etiraz aksiyalarında belə onların sayının çox olması bizdə arxayınlıq yaradır. Çünki Azərbaycan vətəndaşı öz polisinə güvənir, öz təhlükəsizliyini ona etibar edir. Bütün bunlarsa, şübhəsiz ki, Ramil Usubovun qurmağı bacardığı sistemin sayəsində mümkün olub.

Ramil Usubov polisə etimadı və etibarı geri qaytarmaqla bərabər ən çevik dövlət qurumlarından birini əməlli-başlı qurmağı bacarıb. Bu gün Azərbaycan polisi istənilən məsələdə ən çevik reaksiyasıyla seçilən dövlət qurumlarının önündə gedir. Özəlliklə də yeni texnologiyaların uğurlu tətbiqi sayəsində istənilən vətəndaş bir neçə saniyə içində polisə müraciət edə, dərdini deyə bilir. Bu isə ondan xəbər verir ki, bir zamanlar bizim kimi gənclərin gözdən salmağa çalışdığı polis sistemi gündəlik asayişin təmini ilə bərabər özünü təkmilləşdirmə prosesindən də kənar qalmayıb. Təbii ki, bu da Ramil Usubovun bir təcrübəli, sadiq sistem adamı olmasından irəli gəlir.

İradəli adamdır Ramil Usubov. Ona etibar edilmiş sahəni bütün anlamlarda mükəmməlləşdirmək üçün durmadan çalışan birisidir. Dövlətin əsas güvənlik sütunlarından biri kimi polisin ona həvalə edilməsi ulu öndər Heydər Əliyevin doğrudan da uzaqgörən, təcrübəli dövlət adamı olmasının sübuta ehtiyacı olmayan daha bir göstərgəsidir.

Ramil Usubovla şəxsi tanışlığım yoxdur. Heç, hardasa şəxsən qarşılaşdığımızı da xatırlamıram. Yaxud hansısa şəxsi məsələmlə bağlı ona müraciət etdiyim də olmayıb. Lakin sağdan-soldan onun şəxsi keyfiyyətləri haqqında eşitmişəm. Həmişə də xoş sözlər eşitmişəm.

Dostlar, yaxından tanıyanlar deyir ki, Ramil Usubov təəssübkeş insandır. Özəlliklə də Vətən, dövlət yolunda cəfası keçən insanlara, onların ailə üzvlərinə özəl qayğısını əsirgəmir. Özü də minnətsiz, xahişsiz. Xidmətdə nizam-intizamlıdır, gərək olduğunda sərtdir, lakin insan kimi həssasdır.

İndi Ramil Usubov ən təcrübəli dövlət adamlarından biri kimi yetişib. İllərdir Azərbaycanın sabitliyinin təmin edilməsi, cinayətkarlığın azaldılması üçün böyük və danılmaz xidmətləri var bu generalın. Onun topladığı təcrübə, seçkin dövlət adamı olması Azərbaycan dövlətinin bu günü və sabahı üçün çox gərəklidir. Elə ona görə də Prezident İlham Əliyev bu yetişkin və təcrübəli dövlət adamına əlavə etimad göstərib, onu Təhlükəsizlik Şurası kimi çox önəmli bir qurumun katibi vəzifəsinə irəli çəkib. Bu katiblik indiki mərhələdə həqiqətən də çox böyük təcrübəsi olan bir dövlət adamına həvalə edilməliydi ki, cənab Prezident də bu etimada məhz Ramil Usubovu layiq bildi.

Təhlükəsizlik Şurasının katibi Prezidentin qəbulunda

Biz, vətəndaş olaraq şübhə etmirik ki, cənab general bu vəzifədə də özünü ən yüksək səviyyədə təsdiqləyəcək, doğruldacaq. Hələ nəzərə almaq lazımdır ki, Azərbaycanın sağdan-soldan hər cür təxribatlara çəkildiyi bir dönəmdə belə bir qurumun işi daha da intensivləşməli, təcrübəli bir dövlət adamının daimi nəzarətində olmalıdır. Bu baxımdan Ramil Usubov ən uyğun kadrdır. Özü də Prezident İlham Əliyevə və onun siyasi ideallarına ən sadiq dövlət adamı olmaqla.

Sözardı: Aradan illər keçəndən sonra geriyə dönüb Ramil Usubovun polislərinin bizi döydüyü günləri xatırlayırıq. O vaxtlar buna çox əsəbləşərdik. Təcrübəmiz yetərli olmadığı üçün hətta polisimizi xalqa qarşı olmaqda qınayardıq. İndi isə zaman keçib, geri baxırıq və anlayırıq ki, Ramil Usubovun polisləri xalqa qarşı olmayıb, sadəcə dövləti ayaqda tutmaq üçün üzərlərinə düşən vəzifəni yerinə yetiriblər. Yalnız bu işdə əvvəlki illərdə təcrübəsizlik ediblərsə də, sonrakı illərdə məhz Ramil Usubovun düzgün idarəetməsi nəticəsində öz işlərini səliqəli həyata keçirməyi öyrəniblər.

Sözardına sözardı: Hakimiyyətdən getdikdən sonra Əbülfəz Elçibəy deyirdi ki, əgər mənim Ramil Usubov kimi Daxili işlər nazirim olsaydı duruş gətirə bilərdim…

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …