Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Gecə yatmayan jurnalistlər və işləyən saytlar…

Gecə yatmayan jurnalistlər və işləyən saytlar…

Dünyada və eləcə də Azərbaycanda getdikcə ənənəvi çap mediası öz yerini internet mediasına verir. Hazırda ölkədə xeyli sayda xəbər saytları və bir neçə agentliklər fəaliyyət göstərir. Doğrudur, saytların bir qismi yalnız agentliklərin xəbərlərini ard-arda düzməklə məşğuldurlar. Ancaq onlar arasında özəl xəbər istehsalı ilə məşğul olanları da az deyil.

Dünyada tanınmış saytların əksəriyyəti günün 24 saatı fəaliyyət göstərərək, insanları informasiya ilə təmin edirlər. Azərbaycanda da az olsa da, bu cür saytlar var. Onlar arasında musavat.com, lent.az, qafqazinfo.az eləcə də APA, Report, Trend kimi agentlikləri göstərə bilərik.

Bəs bu saytlarda gecə növbəsində çalışan jurnalistlər öz işlərini necə qururlar?

Mustafayev Qorxmaz adlı şəxsin şəkli.

“Yeni Müsavat”a danışan «APA Holdinq»in əməkdaşı Mahir Məmmədli bildirdi ki, gecələr hadisə yerinə getmək daha asan olur: “Yalnız bizə mane olan bəzi məsələlər də var. Tutaq ki, haradasa qəza baş veribsə, ətrafdan keçən maşınların hamısı dayanır, qəzaya tamaşa edirlər. Nəticədə isə yollarda tıxac yaranır. Ancaq bu, gündüz olduğu kimi də uzun vaxt aparmır. Çünki gecələr yollarda avtomobillərin sayı az olur. Bu baxımdan, hadisə yerinə getməkdə problem olmur. Gecə növbəsinin sağlamlığa təsirinə gəlincə isə deyim ki, artıq 10 ilə yaxındır ki, gecə növbəsindəyəm. Bu rejimə də öyrəşmişəm. Gecələr yatmayıb, gündüzlər istirahət edirəm və problem də yaranmır. Bir neçə dəfə həkimə müraciət etmişəm, qorxulu bir şey olmadığını deyiblər. Ona görə də hələ ki problem hiss etmirəm. Ancaq artıq 43 yaşımın içərisindəyəm, hesab edirəm ki, bundan sonra gecə növbəsində çox işləmək olmaz. Normal rejimə keçməyin vaxtıdır, çünki yaş öz sözünü deyir. Gecə növbəsi ilə bağlı onu da deyim ki, bu rejimdə gündüz olduğu qədər rəqabət olmur. Çünki gecə növbəsi çox az media qurumunda var. Söhbət reportyor işindən gedir. Reportyor işi ilə gecələr məşğul olan jurnalistlərin sayı o qədər də çox deyil. Eyni zamanda gecələr xəbər tapmaq məsələsi də çətin olur. Çünki gündüz sosial şəbəkələr var, hadisəni görənlər olur. Gecə isə hər kəs yatır və sən hadisədən xəbər tutmalısan. Ona görə də çalışırıq ki, özəl mənbələrimizdən daha çox yararlanaq. Hesab edirəm ki, jurnalistin gecəsi olmur. Dünyada və ölkədə 24 saat hadisə baş verir. Ona görə də jurnalistlər üçün işin vaxtı yoxdur. Məsələn, mən illərdir ki, gecələr telefonumun səsini almıram. Hadisə baş verdiyi zaman yuxarıda qeyd etdiyim özəl mənbələr məlumat verirlər və mən bu məlumatı həmkarıma ötürürəm. Ona görə də hesab edirəm ki, jurnalistin konkret iş saatı olsa da, jurnalistikanın saatı yoxdur”.

Ruslan Allahverdiyev adlı şəxsin şəkli.

Qafqazinfo.az saytının gecə növbəsinin əməkdaşı Ruslan Allahverdiyev hesab edir ki, gündəm olduqda gecə də çalışmaq asandır: “Gündəmə çevrilən hər hansı bir hadisə olduğu zaman xəbərlərdə problem olmur. Bizim üçün bu zaman işləmək çox rahat olur. Ancaq gündəm olmadıqda bəzən məcbur qalıb, xarici saytlardan dünya xəbərlərindən, eləcə də texnologiyaya aid və digər bu kimi xəbərləri veririk. Gecə işləməyin çətinliklərindən biri odur ki, əraziyə çıxıb hansısa reportaj hazırlamaq və ya başqa bir geniş yazı yazmaq çətin olur. Eyni zamanda hadisə baş verdiyi zaman rəsmi fikirlər almaqda da çətinlik çəkirik. Gecə saatlarında həm yerli, həm də xarici xəbərləri verməyə çalışırıq. Dünya mətbuatı ilə bağlı xəbərlərin əksəriyyəti tərcümə xəbəridir. Ölkə ilə bağlı da agentliklərimizin xəbərlərindən istifadə edirik. Ancaq əksər hallarda hadisə olduğu zaman nazirliklərin də saytlarından istifadə edirik. Həmçinin bizim öz elektron poçtlarımıza da informasiyalar göndərilir ki, onları dəqiqləşdirib, xəbər hazırlayırıq. Məsələn, ABŞ-da seçkilər baş verən zaman bütün diqqətlər ora yönəlmişdi. Bir neçə gün öncə isə İspaniyada baş verən terror hadisəsi zamanı yenə də xarici xəbərlər üstünlük təşkil edirdi. Gecə ölkədə hansısa hadisə baş verirsə, gündəmi ona uyğun qururuq. Xəbərlərin verilməsində hansısa xüsusi interval yoxdur. Çalışırıq ki, operativliyimizi qoruyaq. Gecə növbəsində işləməyin ən çətin prosesi yuxusuzluğa öyrəşməkdir. Təbii ki, gecələr yuxusuz qalmaq ilk aylarda çətin olur. Ancaq sonradan öyrəşirsən”.

21244582_1868882406472457_328068517_n.jpg (80 KB)

Musavat.com saytının əməkdaşı Toğrul İsmayıl da saytın gecə fəaliyyəti barəsdə məlumatlar verib: “Gün ərzində saytda 6 nəfər əməkdaş fəaliyyət göstərir. Gündüz saatlarında saytda veb redaktor işləyir. Axşam saat 21:00-dan sonra xəbər axını azalır və gecə növbəsi başlayır. Onu da qeyd edim ki, bizim yay və qış qrafikimiz var. Yay qrafikində gün ərzində 20 saat fəaliyyət göstəririk. Qış qrafikində isə sentyabrdan may ayına qədər 24 saat işləyirik. Onu da qeyd edim ki, səhər saat 8-dən etibarən sayta qəzetimizin də materialı yerləşdirilir. Daha sonra isə öz materiallarımız, agentliklərin xəbərləri ilə günə davam edirik. Terror və digər bu kimi hadisələr zamanı isə artıq SOS siqnalı verilir və xətdə azı 4 nəfər olur. Onlardan ikisi tərcüməçilər olurlar. Beləcə, hadisənin miqyasından asılı olaraq işimizi davam edirik. Əgər xəbər axını çoxdursa, səhər saatlarına qədər proses davam edir. Səhhət məsələsinə gəlincə isə deyim ki, gecə növbəsində işləyən adamın səhhətində hansısa dəyişiklik olur. Ancaq bu demək olar ki, bir-iki gün çəkir. Gecə növbəsində çalışan əməkdaş gündüz işləmir. Artıq bu, davamlı şəkil aldıqdan sonra isə bədən uyğunlaşır. Ona görə də səhhət pozğunluğu yaratmır”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın