Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / “Gənc jurnalistlərin əksəriyyəti Azərbaycan dilini bilmir”– Redaktorların şikayəti

“Gənc jurnalistlərin əksəriyyəti Azərbaycan dilini bilmir”– Redaktorların şikayəti

Tanınmış redaktorlar arasında kiçik sorğu keçirilib. Onların “müxbirlər ən çox nə kimi redaktə xətalarına yol verirlər? Hansı səhvlərini dəfələrlə düzəltməli olursunuz?” sualına verdikləri maraqlı cavablarla siz də tanış olun:

Əfqan Qafarlı, Modern.az-ın redaktoru:

– “Öncə onu qeyd edim ki, Modern.az saytı fəaliyyətə başladığı vaxtdan ta bu günədək jurnalistikaya ilk dəfə başlayanlar üçün bir meydan olub. Biz gənc jurnalistlərə özlərini təsdiqləmək imkanı vermişik, onlar da yazıb-yaradıblar. Aralarında təcrübə toplayaraq peşəkarlığa yiyələnənlər də çox olub, özünü doğrultmayanlar da. Bu da təbiidi, hamı bacarıqlı jurnalist ola bilməz.
Redaktə işi asan məsələ deyil, o da ki ola, operativ şəkildə xəbər yayımı həyata keçirən saytda. Yeni mediada – onlayn rejimdə çalışmaq sürət, dəqiqlik, kreativlik tələb edir. Bu baxımdan gənc jurnalistlərin yaradıcılıq prosesində xətaları da az olmur. Və bu xətaları “malalamaq” biz redaktorların vəzifəsidir. Bəzən deyirlər ki, pis müxbir yoxdur, pis redaktor var. Amma razılaşmaq olmaz, axı pis müxbirlər də az deyil.

Tez-tez redaktə etdiyim ciddi xətalardan biri vasitəli və vasitəsiz nitqin oxucuya çatdırılması ilə bağlı olur. Müxbir yazarkən başqasının nitqini oxucuya iki üsulla çatdıra bilər: vasitəsiz və vasitəli. Əksər hallarda gənclər bunu qarışdırırlar. Məsələn yazır: “Nazir bildirdi ki, mən nöqsanlarla bağlı tədbir görəcəyəm”. Halbuki, yazmalıdır: “Nazir bildirdi ki, o, nöqsanlarla bağlı tədbir görəcək”.
Digər tez-tez yol verilən bir səhv inkar bağlayıcıları ilə bağlıdır. “Nə”, “nə də” inkar bağlayıcıları işlənən cümlədə xəbər təsdiqdə yazılmalıdır. Məsələn, müxbir yazır: “Həsən bəy nə inadından əl götürmür, nə də istəyinə çata bilmirdi”. Halbuki, belə yazılış daha düzgündür: “Həsən bəy nə inadından əl götürür, nə də istəyinə çata bilirdi”. Çünki sən “nə” inkar bağlayıcısından istifadə etmisən. Belə çıxır, inkarı da inkar edirsən. Bu səhvləri dəfələrlə düzəltməli oluram.
Bir də yaxşı olar ki, sadə cümlələrdən istifadə olunsun ki, internet oxucusu da zora düşməsin. Amma sadaladığım səhvləri təkcə gənc jurnalistlər etmirlər. Bir də baxırsan ki, 40 ilin jurnalistidir, yazıda elə ciddi xətalara yol verir ki, redaktə edəndə adamın tüstüsü təpəsindən çıxır. “Və” bağlayıcısından əvvəl vergül qoyur. Ya da ki, “kampaniya” ilə “kompaniya” sözünü qarışdırır, “yanlış”ı “yalnış”, “əskik”i “əksik” yazır. Elə yazı var ki, nə qədər uzun olursa olsun, adam oxuyanda ruhən dincəlir, elə qısa yazı da var ki, oxuyanda sanki, bir maşın daş boşaldırsan. Arzu edərdim, bizimkilər birincilərdən olsunlar”.

Elçin Mirzəbəyli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru:

-“Xalq Cəbhəsi” qəzetinin əməkdaşları təcrübəli jurnalistlərdir. Uzun illərdir mətbuatda “külüng vururlar”. Bu səbəbdən də ciddi redaktə xətaları olmur. Ola bilsin, hər hansı yazı tələsik hazırlansın və ciddi redaktəyə ehtiyac duyulsun. O zaman da redaktorlar durumu nəzərə alırlar”.

Xəqani Səfəroğlu, strateq.az saytının redaktoru:

-“Ən çox səhvlər cümlə quruluşunda və sözlərin deyilişi ilə yazılışı arasında olan fərqi bilməməklə bağlıdır. Jurnalistlər çox vaxt izahlı lüğətdən istifadə etmirlər. Son illərdə dilimizə daxil olmuş yeni sözlər də düzgün yazılmır. Bundan başqa yazıda ləhcə, jarqon, xarici dildən alınma sözlərin istifadəsi ilə cümlə qurulması halları tez-tez hiss olunur. Üslub səhvləri də var. Durğu işarələrinin, “da, də” şəkilçisinin düzgün işlənməməsinə rast gəlinir. Ahəng qanunun pozulması faktları diqqət çəkir”.

Rəsul Mirhəşimli, Avropa.az saytının redaktoru:

-“Jurnalistikaya ilk başlayan adamların səhvlərə yol verməsi təbiidi. Həmin jurnalistlər işlədikləri mətbuat orqanının yazı üslubuna uyğunlaşanadək xeyli zaman keçir. Bu uyğunlaşmalar da fərdi qaydada özünü büruzə verir. Yeni yazmağa başlayanlar deyil, ümumiyyətlə, jurnalistlər arasında rast gəlinən səhvlər düzgün yazı qaydalarına əməl etməməkdi. Cümlə strukturu, söz sırasının pozulması ən çox rast gəlinən haldı. Bundan əlavə, jurnalistlərin yol verdiyi qüsurlar cümlənin əvvəlində işlənən, durğu işarəsi ilə yazılmayan köməkçi nitq hissələrindən sonra durğu işarələri qoymalarıdı. Bəzi jurnalistlər qüvvətləndirici ədatları yerlik halda yazırlar. Bunlar qrammatik və orfoqrafik xətalardı, əlbəttə. Redaktə etmək redaktorların birbaşa işidi deyə, bu barədə müxbirlərə irad tutmaq da o qədər doğru olmazdı. Sadəcə, həmin jurnalistlər öz yazdıqları ilə hazır xəbərləri müqayisə etdikcə öz səhvlərini anlayacaqlar.

Ağa Cəfərli, redaktor:

-“Mən daha çox bədii mətnlər redaktə edirəm. Bu mətnlərdə ən çox üzləşdiyim problem söz sırasının pozulması, cümlədə bir sözün bir neçə dəfə istifadə edilməsidir. Söz sırası pozulanda, eyni söz bir neçə dəfə təkrar olunanda bu, mətnə ağırlıq gətirir, oxunmanı çətinləşdirir. Hər dəfə müəlliflərə bu problemləri aradan qaldırmağı təklif edirəm, müəlliflər əksər hallarda mənimlə razılaşır. Bir söz dalbadal gələn cümlələrdə də tez-tez istifadə edilirsə, bunun özü də mətni ağırlaşdırır. Bir də bədii mətndə hər bir sözün dəqiqliyi ilə seçilməsi dəqiqdir. Məsələn bir yazıçı əsərində yazmışdı ki, filankəsi filankəsin qucağından düşüb xurd-xəşil oldu. Burda “xurd-xəşil” sözü yerinə düşmür, çünki qucaqdan düşüb xurd-xəşil olmaq mümkün deyil. Burda “xurd-xəşili” başqa sözlə əvəz etmək lazım idi. Belə misalları çox çəkmək olar, sadəcə konkret misallar çəkmək üçün bir az vaxt lazımdır.
Jurnalistika sahəsində isə müşahidə etdiyim budur ki, gənc jurnalistlərin böyük əksəriyyəti Azərbaycan dilini ümumiyyətlə bilmir. Ona görə də saysız-hesabsız səhvlərə yol verirlər. Saymaqla qurtarmaz. Bu gənclər xəbərin yazılması qaydasını da bilmirlər və bildiyimə görə redaktorlar çox böyük əziyyət çəkirlər”.

Mövlud Mövlud, teleqraf.com saytının redaktoru:

-“Bizim müxbirlərin ən böyük problemi odur ki, öz yazılarını oxumurlar. Yazdıqları xəbərə bircə dəfə baxsalar, bizim də işimiz xeyli asanlaşar”.

Elməddin Muradlı, avtosfer.az saytının baş redaktoru:

– “Bəzi sözləri yazılışdakı kimi yox, deyilişdəki kimi yazırlar. Xüsusən də başlıqlarda bu səhvləri edəndə daha pis olur. Başlıqlar çox uzun yazılır və müəyyən səhvlər ortaya çıxır”. (moderator.az)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın