Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Köşə Yazarları / Ermənistanla informasiya savaşı – İxtisaslaşdırılmış xüsusi dövlət qurumu yararlı ola bilərmi?
Workplace violence concept

Ermənistanla informasiya savaşı – İxtisaslaşdırılmış xüsusi dövlət qurumu yararlı ola bilərmi?

Azər Həsrət: “Anti-Azərbaycan təbliğatına qarşı davamlı şəkildə mübarizənin aparılması üçün ən yüksək səviyyədə, yəni prezident ya da birinci vitse-prezident səviyyəsində işin təşkilatlanması yerinə düşərdi”

Ələsgər Məmmədli: “Ölkəmizə qarşı aparılan məlumat-təbliğat təcavüzünə effektiv qarşıdurmanı təmin edəcək xüsusi dövlət qurumunun yaradılması kimi yanaşma çox qüsurlu yanaşmadır”.

Xəbər verdiyimiz kimi keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, ölkəmizə qarşı aparılan məlumat-təbliğat təcavüzünə effektiv qarşıdurmanı təmin edəcək və birbaşa birinci vitse-prezidentə tabe olan ixtisaslaşdırılmış xüsusi dövlət qurumunun yaradılması təklifi ilə çıxış edib. Məlumdur ki, Azərbaycanda müəyyən qurumlar tərəfində ermənilərin informasiya savaşına qarşı müxtəlif media layihələri yaranıb və bu layihələrə heç də az olmayan maliyyə vəsaiti sərf olunub. Ancaq bir qayda olaraq şablon fəaliyyətlə məşğul olan bu media layihələrin uğuru demək olar ki, olmayıb və biz ermnilərdən informasiya sahəsində çox geridə qalmaqdayıq.

Bəs media mütəxəssisləri yeni yarana biləcək bu qurumun uğurlu fəaliyyəti üçün hansı təkliflər verə bilərlər?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Mətbuat Şurasının İdarə Heyətinin və İctimai televiziyanın Yayım Şurasının üzvü Azər Həsrətə və media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədliyə müraciət edib.

Azər Həsrət: “Erməni dilində elə saytlar qurublar ki, bu saytları mənim kimi mediya aləmində, ictimai aləmdə fəal olan bir insan belə tanımır”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü mövzu ilə bağlı qeyd edib ki, biz informasiya müharibəsində mənbə olaraq erməni dilində fəaliyyət göstərən saytlardan istifadə edə bilmiriksə, deməli bu istiqamətdə görülən iş faydasın verməyib. Azər Həsrətin fikrincə, Tofiq Zülfüqarovun bu təşəbbüsü çox yerinə düşən bir təşəbbüsdür. Birinci vitse-prezident də hər zaman belə təşəbbüslərə açıq biri olduğuna görə, eyni zamanda Azərbaycanın dövlət və milli maraqlarını hər şeydən üstün tutduğuna görə yəqin ki, bu təşəbbüsə də müsbət reaksiya verəcək:

“Əslində bu proseslərin içində mən də, bu və ya digər şəkildə iştirak edirəm. Yəni ermənilərin informasiya müharibəsinə qarşı birlikdə mübarizə aparırıq. Bildiyimiz kimi Tofiq müəllim də kifayət qədər təcrübəli diplomatdır. Xüsusən də Tofiq Zülfüqarov gedən prosesləri, informasiya savaşlarını beynəlxalq səviyyədə izləyən və yetərincə də, dərk edən insandır. Mən də keçmiş xarici işlər nazirinin bu çağırışın müsbət qiymətləndirirəm və düşünürəm ki, doğrudan da informasiya proseslərinin idarə olunması üçün daha səmərəli olan bir mərkəzə ehtiyac var. Düzdür müəyyən kompaniyalar olur, hətta bəzən anti-Azərbaycan qüvvələrinin apardıqları kompaniyalara dirəniş göstərmək və onları dəf etmək üçün təşəbbüslər olur.

Azər Həsrət: “İnformasiya müharibəsi üçün xərclənən pullar məndə də narahatlıq yaradır”.

Onu da qeyd edim ki, bu təşəbbüslər həmişə uğurlu olub. Yəni anti-Azərbaycan kompaniyaların qarşısın ala bilmişik. Amma davamlı şəkildə bu mübarizənin aparılması üçün ən yüksək səviyyədə, yəni prezident ya da birinci vitse-prezident səviyyəsində işin görülməsi yerinə düşərdi. Buna görə də mən verilən təşəbbüsü dəstəkləyirəm və düşünürəm ki, birinci vitse-prezident yəqin ki, bu çağırışa müsbət reaksiya verəcək. Ümumiyyətlə isə informasiya müharibəsi üçün xərclənən pullar məndə də narahatlıq yaradır. Çünki erməni dillərdinə saytlarımız da var, həm də müəyyən adamlar bu işlərlə məşğuldur. Amma şəxsən mən özüm belə bu informasiyaların hər dəfə effekli olduğun müşahidə edə bilmirəm.

Yəni erməni dilində elə saytlar qurublar ki, bu saytları mənim kimi mediya aləmində, ictimai aləmdə fəal olan bir insan belə tanımır. İndi təsəvvür edin ki, o saytlara yüz minlərlə maliyyə xərclənir, amma bizim kimi fəal insanların belə həmin saytlardan xəbəri yoxdur. Bir məsələni də qeyd edim ki, biz informasiya müharibəsində mənbə olaraq həmin saytlardan istifadə edə bilmiriksə, deməli bu istiqamətdə görülən iş faydasın verməyib. Bu baxımdan da mən düşünürəm ki, Tofiq müəllimin bu təşəbbüsü çox yerinə düşən bir təşəbbüsdür. Birinci vitse-prezident də hər zaman belə təşəbbüslərə açıq biri olduğuna görə, eyni zamanda Azərbaycanın dövlət və milli maraqlarını hər şeydən üstün tutduğuna görə yəqin ki, bu təşəbbüsə də müsbət reaksiya verəcək”.

Ələsgər Məmmədli: “Dövlətin informasiya siyasəti yürütməsini, ümumiyyətlə informasiya prosesinə nəzarət etməsini qüsurlu yanaşma sayıram”.

Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli isə PİA.AZ-a mövzu ilə bağlı verdiyi açıqlamasında qeyd edib ki, əgər dövlət informasiya prosesinə qarışırsa, bu artıq təbliğat, propaqanda olur. Propaqanda, təbliğat aparan dövlətlər də liberal dövlətlər deyil. Bu dövlətlər daha çox totalitar, avtoritar dövlətlərdir. Bu dövlətlərə misal olaraq Koreyanı, İranı göstərmək olar. Ola bilər ki, bu dövlətlər konkret olaraq məqsədyönlü informasiya siyasəti yürütsün. Amma Azərbaycanın bu siyahıda durması ürəkaçan deyil:

“Birinci onu qeyd edim ki, bu yanaşmanı mən qəbul etmirəm. Belə bir yanaşma doğru deyil. Çünki dövlətin Xüsusi Mühafizə Xidməti var və informasiya siyasətinə də nəzarəti həmin xidmət edir. Bununla bağlı bildiyimiz kimi Rabitə və Yüksək Texnologiya Nazirliyinə xeyli investisiya qoyuldu və xaricdən xeyli mütəxəssis və texnologiya cəlb olundu. Müxtəlif media layihələrinin yaranması üçün müəyyən infrastruktur işlər də görüldü. Düzdür bu prosesdə müəyyən problemlər oldu və proses ləngidi. Amma hal-hazırda düşünmürəm ki, bu infraksturdu çox ciddi problemlər var. Qeyd edim ki, ölkəmizə qarşı aparılan məlumat-təbliğat təcavüzünə effektiv qarşıdurmanı təmin edəcək xüsusi dövlət qurumunun yaradılması kimi yanaşma çox qüsurlu yanaşmadır. Çünki dünyanın hər yerində bu prosesi özəl təşəbbüsdən inkişaf edərək, paralel olaraq cəmiyyət inkişaf etdirir. Amma bizdə nədənsə, hər bir işin görülməsi üçün dövlət-dövlət deyib tutdururlar.

Ələsgər Məmmədli: “İnformasiya sahəsi üzrə hansısa qurum yaratmaq və sonra da bütün səlahiyyətləri həmin quruma vermək daha totalitar yanaşmadır”.

Əslində isə bu prosesdə dövlət qurumları gedərək ağır idarə olunan və ümumiyyətlə prosesə təkan olmaq əvəzinə, prosesə mane olmaq vəziyyətinə gəlir. Buna görə də informasiya sferasında dövlətin təməl öhtəliklərindən biri qarışmama öhdəliyidir. Yəni sadə azadlığın bir komplekti kimi dövlət informasiya prosesinə qarışmamalıdır. Əgər dövlət informasiya prosesinə qarışırsa, bu artıq təbliğat, propaqanda olur. Propaqanda, təbliğat aparan dövlətlər də liberal dövlətlər deyil. Bu dövlətlər daha çox totalitar, avtoritar dövlətlərdir. Bu dövlətlərə misal olaraq Koreyanı, İranı göstərmək olar. Ola bilər ki, bu dövlətlər konkret olaraq məqsədyönlü informasiya siyasəti yürütsün. Amma biz həmin ölkələrin siyahısında durmaq istəmirik. Biz daha modern, daha demokratik dəyərlərə yönələn dövlətlər sırasında dayanmaq istəyirik.

Bütün bu saydıqlarıma görə də dövlətin informasiya siyasəti yürütməsini, ümumiyyətlə informasiya prosesinə nəzarət etməsini qüsurlu yanaşma sayıram. Dövlət maksimum informasiya azadlığı mühiti yaratmalıdır. Həmin mühitə də hər-hansı müdaxilə olmadan təbii ki, təhlükəsizlik tədbiri görülməlidir. Xüsusən də bu təhlükəsizlik informasiya təhlükəsizlik aspektindən olmalıdır. Yəni fərdlərin, bankların informasiyalarının oğurlanmaması üçün təhlükəsizlik tətbiri vacibdir. Bu aspektdən də dövlət öhdəliyi olaraq müəyyən tətbirlər görülür. Amma hansısa qurum yaratmaq və sonra da bütün səlahiyyətləri həmin quruma vermək, hər kəsi də o quruma bağlamaq, ya da iki dodaq arasından çıxacaq fikirləri gözləmək yanaşması daha totalitar yanaşmadır. Bu cür yanaşma demokratik yanaşma deyil”.

Həmçinin oxuyun

Hakimiyyətə xəyanət edənləri mən tanıyıram… – Seymur Verdizadə

“Söyüş müxalifəti”nin fəaliyyətini təqdir etmirəm. Bu adamların Azərbaycan xalqına heç bir faydası yoxdur. Cəmiyyət bunu …

Bir cavab yazın