Ana səhifə / Köşə Yazarları / Dünya kinosunun ən yaxşı 10 əsərindən biri olan Azərbaycan filmi hansıdır?- LAYİHƏ

Dünya kinosunun ən yaxşı 10 əsərindən biri olan Azərbaycan filmi hansıdır?- LAYİHƏ

Moderator.az “Kino-kuryoz” layihəsindən növbəti yazını təqdim edir.
Əvvəlcə, oxucuların başlığa ironik yanaşa bilmə ehtimalına qarşı, o faktı özündə əks etdirən iki mənbəni qeyd edək: dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən Azərbaycanın “Mavi dənizin sahilində” filmi dünya kinosunun ən yaxşı 10 əsəri siyahısına daxil edilib. Bu fakt Moskvanın “Kinovedçeskiye zametki” jurnalının 1995-ci il, 27-ci nömrəsində işıq üzü görüb. Həmçinin araşdırmaçı Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixindən” adlı monoqrafiyada da bu məqam öz təsdiqini tapıb. Film həmçinin keçirilən sorğular nəticəsində  dünyaca məşhur kino xadimləri Berner Ayzenşits və Naum Kleymanın hazırladığı siyahıda  ən yaxşı ekran əsəri kimi dəyərləndirilib.
“Mavi dənizin sahilində”
“Azərfilm”in 1935-ci ildə çəkdiyi film Azərbaycanın ilk səsli kinosudur. Rus alimi, ixtiraçısı  Pavel Tagerin kino tarixində inqilaba səbəb olan ixtirasından sonra dünyada çəkilən bütün filmlər onun sistemi üzrə səsləndirilməyə başlandı. Azərbaycanda da bu sistemlə yazılan ilk film “Mavi dənizin sahilində” oldu. Qeyd edək ki, yuxarıda adını çəkdiyimiz reytinq sıralaması da  əsasən elə o zamanlar çəkilən səsli-səssiz filmlər arasında aparılıb. Filmdə hadisələr əsasən üç aktyorun üzərində qurulub: Xəzərin Azərbaycanın cənubunda –Sara adasında yerləşən hissəsində iki balıqçı dostun-Yusif və Alyoşanın başına gələn macəralardan və onların Maşaya olan sevgisindən bəhs edir. İki dost özlərini Maşaya sevdirmək üçün bir çox vasitələrə əl atırlar ki, bu da filmin komik tərəfini təşkil edir. “Mavi dənizin sahilində” filminin daha bir ilki də orada Azərbaycan rejissorunun ruslarla birlikdə çəkilməsidir. Moskvada təhsil alan ilk azərbaycanlı rejissor kimi tarixə düşən Səməd Mərdanov dördüncü kursda oxuyan zaman filmin əsas rejissoru məşhur Boris Barnet tərəfindən dəvət alır. Boris filmi Azərbaycanda çəkdiyindən və orada Azərbaycan ovqatının ön xəttə çıxarılması səbəbindən iki yerli mütəxəssisi assisent kimi dəvət edir. Onlardan biri Səməd Mərdanov, o biri isə şoumen Qorxmaz Əlilinin atası Məmməd Əlilidir.
Kinonun ilk “moskvalı” rejissoru
Filmin uğurlu alınmasında  və adını çəkdiyimiz reytinq sıralamasında yer almasında əsas səbəbkarlardan biri də ikinci rejissor Səməd Mərdanzadə olub. Onun filmə daxil etdiyi bir neçə epizod var ki, kino xadimlərini də məhz onlar özünə cəlb edib. Həmin epizodlar filmin komik gücünü artırmaqla yanaşı, həm də onun təbiiliyini, həssaslığını artırır. Məsələn, obrazlardan biri- Alyoşa suda boğulan zaman balıqçılar onu xilas edirlər. Alyoşa hələ balıqçıların əllərində olan zaman onlara təşəkkür etmək əvəzinə, “qıdığım gəlir” deyərək, etirazını bildirir. Təkcə bu ifadə bir obrazı, bir xarakteri ustalıqla açır, tamaşaçıya təqdim edir.
Başqa bir epizod isə iki dostun mübarizə apardığı Maşa barəsindədir. Burada Maşa suda boğulur. Yusif və Alyoşa onu xilas edə bilmədikləri üçün çox qəmgindilər. Hər ikisinin rəqabət obyekti olan qız artıq yoxdu. Elə bu barədə düşünürmüşlər ki, qəfildən dalğaların arasında çabalayan Maşanı görürlər. Onlar həmən suya girib qızı xilas etmək əvəzinə bir anlıq dal-dalı gedib, geri çəkilirlər. Bu epizod sadəcə olaraq şedevrdi: yəni, o zamanın insanı artıq onları xoşbəxt edəcək möcüzəyə inana bilmirlər. Sevinc gətirməli olan an qorxu yaradan məqama çevrilir.
Kiçik detallarda böyük mənanı aşılayan bu iki epizodun müəllifi Səməd Mərdanzadə olub.
“Mavi dənizin sahilində” filmi Azərbaycan kino tarixində bir mərhələdir. Həm filmin özü, həm də onun lovğa ru rejissoru Barnetlə mübarizə apara-apara orada milli koloriti yaradan ikinci müəllifi Səməd Mərdanzadənin həyatı bugün də araşdırılmalıdır. Məhz Səməd Mərdanzadənin sayəsində aktyor heyətində bircə nəfər də azərbaycanlı olmayan film Azərbaycan məhsulu hesab edildi.
Filmdəki kuryozlar
-Filmin quruluşçu rejissoru B. Barnet xaraktercə çox çılğın və mürəkkəb adam olub. O, çəkiliş prosesində həddindən artıq qışqırıb özündən çıxarmış. Deyilənə görə, belə məqamlarda onun öhdəsindən ancaq Mərdanzadə gələrmiş.
-Filmdə yeganə qadın rolunun ifaçısı Yelena Kuzmina əsas rejissor Barnetin keçmiş həyat yoldaşı olub. Onların arasında olan pis münasibət film boyu da özünü göstərib. Qəfildən filmi unudub, şəxsi həyatlarını ortaya ataraq, mübahisələrə başlayarmışlar.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın