Ana səhifə / Köşə Yazarları / Deputatlardan jurnalistlərə giley-güzarlı təbrik…

Deputatlardan jurnalistlərə giley-güzarlı təbrik…

Azərbaycanda milli mətbuatın yaranmasının 140 illiyi qeyd olunur. İlk mətbu orqanının – əsası Həsən Bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul ölkəmizdə həm də Milli Mətbuat Günü, jurnalistlərin peşə bayramı kimi qeyd olunur.
Ötən 140 il ərzində mətbuatımız müxtəlif mərhələlərdən keçib, müxtəlif dövrlərdə siyasi, iqtisadi, mənəvi-psixoloji basqılarla üzləşib. Lakin hazırki dövrə qədər gəlib çata bilib. Ayrı-ayrı mərhələlərdə radionun, televiziyanın, hazırki dövrdə isə internet medianın, sosial şəbəkələrin rəqabəti ilə üzləşən mətbuat bu sıralamada sonuncu yerdə olsa da, ictimai əhəmiyyətini itirməyib.
Musavat.com bu əlamətdar tarixlə bağlı ictimaiyyət nümayəndələrinin, deputatların 140 yaşlı Azərbaycan mətbuatı və mətbuatın hazırki durumu haqqında düşüncələrini öyrənməyə çalışıb.
Deputat Vahid Əhmədov bildirib ki, hazırki Azərbaycan mətbuatını 1990-cı illərin mətbuatı ilə müqayisə etsək, müsbət mənada fərq çoxdur: “Azərbacyan mətbuatı həm mətbuat orqanlarının sayı, həm keyfiyyəti baxımından daha da inkişaf edib. Təbii ki, problemlər də var, ancaq irəliləyişlər daha çoxdur. Əsas problemlərdən biri odur ki, analitik yazılar baxımından mətbuatda geriləmə var. Analitik yazılar çox azdır, mətbuatda daha çox reklam xarakterli yazılara yer verilir, araşdırma yazılarına çox az təsadüf olunur. Azərbaycanın iqtisadi-siyasi həyatını analiz edən, problemləri ortaya qoyan, ölkənin inkişafını beynəlxaq mətbuatda əks etdirən yazılar çox azdır. Azərbaycan mətbuatının beynəlxaq mətbuatla əlaqələri çox zəifdir. Hazırda bunun üçün böyük imkanlar var. Ancaq müstəqillik dövründə mətbuatın inkişafı göz qabağındadır. İstər internet medianın yayılması, saysız-hesabsız xəbər saytlarının yaranması, istərsə də KİV-lərin fəaliyyətinin genişlənməsi mətbuatın inkişafının göstəriciləridir. Son illərdə İlham Əliyev prezident seçildikdən sonra onun mətbuata olan qayğısı, jurnalistlərə olan münasibəti, onlara mənzil verilməsi, maddi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər və sair mətbuatın da dirçəlməsinə səbəb olub. Mən ikinci elə bir ölkə tanımıram ki, mətbuata bu qədər diqqət ayırsın. Sonda Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edirəm. Özəlliklə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu “əməkdar jurnalist” adı alması münasibətilə təbrik edirəm. Düzdür, ona qarşı hücumlar da var, son günlər onun əleyhinə çıxışlara rast gəlirəm. Ancaq Rauf Arifoğlu çox gözəl jurnalistdir və möhkəm qələmi var. Onun bu adı alması hər birimizin sevincidir”.
Millət vəkili Asim Mollazadə isə çap mediasının tədricən kənarda qaldığını və yeni medianın onu üstələdiyini vurğuladı: “Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada gedən bir prosesdir ki, çap mediası tədricən elekton media ilə əvəzlənir. Və elektron mediadan, yəni internet saytlardan, sosial şəbəkələrdən istifadə mətbuatı əvəz edir. Son illərdə inkişaf edən yeni media sahəsi isə yeni peşəkarlıq xüsusiyyətləri tələb edir, jurnalistika qarşısında yeni tələblər qoyur. Mən ümidvaram ki, Azərbaycan jurnalstikası tarixi missiyasını davam etdirə biləcək, Həsən Bəy Zərdabinin, Nəcəf Nəcəfovun qoyduğu ənənələri yaşadaraq, müasir texnologiyalar vasitəsilə insanları məlumatlandıra və dördüncü hakimiyyət funksiyasını yerinə yetirə biləcək. Hazırda mətbuatın əsas problemi peşəkarlıq səviyyəsinin aşağı olmasıdır. Mən arzu edərdim ki, jurnalistlər peşə bacarıqlarını artırsınlar və mətbuat öz-özünü tənzimləyə bilsin, jurnalist etikası pozulmasın”.
Deputat Çingiz Qənizadə isə mətbuatın inkişaf istiqamətində irəlilədiyini bildirdi: “İndiki mətbuatı 5-10 il öncəki mətbuatla eyniləşdirmək doğru olmazdı. Çünki hazırda peşəkarlıq, obyektivlik, operativlik baxımından, mətbuatda xeyli irəliləyiş var. İnformasiyanın operativ çatdırılması da çox böyük peşəkarlıq tələb edir. Ancaq təəssüf ki, ayrı-ayrı qəzetlər, saytlar da var ki, yenə də jurnalist etikasından kənar, həqiqətə uyğun olmayan, yoxlanılmamış məlumatları yayırlar. Bu da həmin insanların cəmiyyətdəki, ailədəki nüfuzuna xələl gətirir, insanların şərəf və ləyaqətinə ziyan vurur. Mən arzu edərdim ki, jurnalistlər bu məsələdə diqqətli olsunlar, yoxlanılmamış informasiyaları, insanların şərəf və ləyaqətinə toxunan məlumatları yaymasınlar, reytinq xatirinə bu cür yollara əl atmasınlar. Xüsusən də insanların özəl həyatına müdaxilə etməsinlər. Mən həmçinin ölkə başçısının jurnalistlərlə görüşü zamanı söylədiyi bütün müsbət fikirlərə qoşuluram və fürsətdən istifadə edib, fəxri adlar almış jurnlist dostlarımı, xüsusilə də “Yeni Müsavat” qəzetinin əməkdaşlarını və Rauf Arifoğlunu təbrik edirəm”.
Millət vəkili Fazil Mustafa da qeyd etdi ki, hazırki dövrdə çap mətbuatının gündəmdən çıxması, müəyyən dərəcədə populyarlığını itirməsi, medianın artıq internet üzərindən inkişaf etməsi prosesi müşahidə olunur: “İnternet medianın problemlərini izləmək isə bir qədər çətindir. Çünki çap mediasında ən azından alış-satış, əldə olunan gəlirlər, müstəqillik imkanları daha çoxdur. Lakin internet mediasında bu imkanlar yoxdur. Mən deyərdim ki, yeni medianın inkişafı ilə jurnalistikanın səviyyəsi getdikcə aşağı düşür. Çünki çap mətbuatı jurnalsitə yazı vərdişini aşılayır, qəzet jurnalistləri özləri yazılar yazırlar və peşəkarlıq qazanırlar. İnternet mediasında isə daha çox “copy-past” üsulundan istifadə edilir, xəbərlər sadəcə, “kopya”lanaraq, paylaşılır. Bu isə peşəkar jurnalistika demək deyil. Bu, informasiyanın yayılması baxımından, faydalı olsa da, jurnalist peşəkarlığı baxımından, faydalı deyil. Mətbuatın müstəqilliyi ilə bağlı problem hələ də gündəmdədir. Sahibkarlığın inkişaf etməməsi imkan vermir ki, mətbuatın işi müəyyən dərəcədə reklam gəlirləri üzərində qurulsun. Bu baxımdan, düşünürəm ki, bu sahədə problemlər həllini tapsa, mətbuatın müstəqilliyi də artar”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın