Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Köşə Yazarları / Davudoğlunun partiyası nəyisə dəyişə bilərmi?

Davudoğlunun partiyası nəyisə dəyişə bilərmi?

Məlum olduğu kimi, Türkiyədə son bir neçə aydır siyasi proseslərdə müəyyən dəyişikliklər müşahidə olunur. Xüsusilə də bələdiyyə seçkilərindən sonra hakim Ədalət və İnkişaf Partiyasında (AKP) müəyyən narazılıqlar meydana gəlib.

Düzdür, partiyadaxili narazılıqlar bundan əvvəl də var idi, amma bələdiyyə seçkilərindən sonra narazılıqlar açıq müstəviyə keçdi. Nəticədə partiyada tanınmış bir sıra şəxslər istefa verib. Belə ki, bir müddət əvvəl keçmiş iqtisadiyyat naziri və baş nazirin müavini Əli Babacan, daha sonra ölkənin xarici işlər naziri və baş naziri olan Əhməd Davudoğlu partiyadan istefa verdi.

AKP daxilində böhranın sonuncu bələdiyyə seçkilərindan sonra daha da sürətlənməsi bir sıra amillərlə bağlıdır. Çünki Türkiyənin hakim partiyası böyük şəhərlərdə uduzdu. Paytaxt Ankaranın və daha sonra İstanbulun itirilməsi iqtidar partiyası üçün böyük zərbə idi. Həm Türkiyə əhalisinin böyük qismi böyük şəhərlərdə məskunlaşıb, həm də ölkə iqtisadiyyatının əsas hissəsi həmin şəhərlərdə təmərküzləşib. Türkiyədə ümumdaxili məhsulun üçdə biri İstanbulun payına düşür. Cümhuriyyət Xalq Partiyası İstanbul və Ankaradan başqa İzmir, Antalya, Adana, Mersin kimi Türkiyənin önəmli şəhərlərində bələdiyyə seçkilərində qələbə qazanıb. Bütün bunlar əlbəttə ki, AKP-yə təsirsiz ötüşmür. Çünki məhz bu məğlubiyyətdən sonra partiya daxilindəki narazı şəxslər, qruplar daha da fəallaşdılar. Sözügedən narazıların da başında keçmiş baş nazir Əhməd Davudoğlu, sabiq iqtisadiyyat naziri, baş nazirin müavini Ali Babacan, eyni zamanda, Ali Babacana dəstək verən önəmli şəxslərdən biri – eks-prezident Abdulla Gül dayanır.

Bütün bunlardan sonra Türkiyədə yeni partiyanın qurulacağı ilə bağlı səslənən fikirlər nəhayət ki, reallığa çevrildi. Məlum olduğu kimi, Türkiyənin sabiq baş naziri Ə.Davudoğlu AKP-dən ayrılmış şəxslərlə birlikdə yeni siyasi partiya qurduğunu elan edib. Belə ki, Davudoğlu partiyanın fəaliyyətə başlaması üçün Daxili İşlər Nazirliyinə rəsmi müraciət ünvanlayıb. Dekabrın 13-də paytaxt Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın tanıtım toplantısı keçirilib. Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan bir hissəsi hakim AKP-dən istefa verən şəxslərdir. Gələcək Partiyanın şüarı isə belədir: “Bizim bir gələcəyimiz var”.

Partiyanın tanıdılması toplantısında çıxış edən sədr Ə.Davudoğlu deyib: “Keçmişi qaralamağa deyil, ortaq bir gələcək qurmağa, yeni şeylər söyləməyə gəlmişik. Üz turşutmağa deyil, təbəssüm göstərməyə gəlmişik. Hazırda bizi bir-birimizdən ayıran deyil, birləşdirən siyasət barədə danışmalıyıq”.

Məlumat üçün qeyd edək ki, 1959-cu il fevralın 26-da anadan olan Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri vəzifəsini tutub. O, 2019-cu il sentyabrın 13-də hakim AKP-dən istefa verib.

Partiya yaratmaq asandır, amma siyasi təşkilat olaraq qısa bir vaxtda uğur qazanmaq hər partiyaya nəsib olmur. Məsələn, 2002-ci ildə o vaxt xarici işlər naziri İsmail Cəm, iqtisadiyyat naziri Kamal Dərviş, baş nazirin birinci müavini Hüsaməttin Özkan Büləd Ecevidin Demokratik Sol Partiyasından istefa verib yeni partiya yaratdılar. Ancaq bu onların nəinki uğur qazanmasına, əksinə, siyasi səhnədən silinməsinə gətirib çıxardı.

Davudoğlunun yaratdığı partiyanın da ciddi uğur əldə edəcəyi real görünmür. Məsələ ondadır ki, Davudoğlu 2009-cu ilin mayında xarici işlər naziri olana qədər əsasən elmi fəaliyyətlə məşğul olub. Ancaq hakim partiyanın xarici siyasət strategiyasının müəyyən olunmasında əsas fikir sahiblərindən biri idi. Davudoğlunun əsas strategiyası o idi ki, Türkiyənin qonşu olduğu bütün dövlətlərlə problemlərini həll etmək. Ancaq Davudoğlu xarici işlər naziri olandan sonra, əksinə, Türkiyənin qonşu dövlətlərlə yeni-yeni problemləri yarandı. Nə Türkiyənin Ermənistanla olan sərhədləri açıldı, nə də Yunanıstanla mübahisəli məsələlər yoluna qoyuldu. Xüsusən də 2011-ci ildən başlayaraq Türkiyənin Suriya ilə münasibətləri pozularaq kəskin şəkildə pisləşdi. Ona görə də Davudoğlunun xarici işlər naziri və baş nazir olduğu dönəmlərdə Ərdoğanı Suriya məsələsində yanlış yönləndirdiyinə dair Türkiyədə ciddi bir ictimai rəy formalaşıb. Bu faktor onun Ərdoğan qarşısında şansını ciddi şəkildə azaldır. Bundan başqa, Davudoğlunun qurduğu partiya yalnız mühafizəkar düşüncəyə sahib seçicilərin bir qisminin səsini almaq potensialına malikdir. Sözügedən düşüncəyə malik seçicilərin böyük hissəsi AKP-ni dəstəkləyir. Böyük şəhərlərdəki seçici elektoratı isə CHP-yə stavka edir. Son bələdiyyə seçkiləri buna əyani sübutdur. O baxımdan Davudoğlunun yaratdığı Gələcək Partiyasının uğur qazanacağı real görünmür.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …