Şənbə , Dekabr 10 2022
Ana səhifə / Köşə Yazarları / Dərin düşüncə yox, analitika yox, siyasi bilgi yox, jurnalist mövqeyi yox…

Dərin düşüncə yox, analitika yox, siyasi bilgi yox, jurnalist mövqeyi yox…

Tanıdığım sanballı hesab olunan əksər jurnalistlərin prezidentin çıxışından sonra yazdıqları statuslar Makronu söyməkdən o tərəfə keçə bilmədi. Dərin düşüncə yox, analitika yox, siyasi bilgi yox, bunlar cəhənnəm heç olmasa jurnalist mövqeyi yox. Yazdıqları statuslar da kənardan baxanda ancaq gülüş doğurur. Di gəl, bu gic-gic yazılarına görə daim diqqət və qayğı ilə əhatə olunur. Sabah bu adamlar dövləti müdafiə etmək lazım olanda qaçıb hansısa qucaqda oturacaq. Dövlətə daş atacaq. Bizdə harınlamış məmurları tənqid etdiyimizə görə düşmən hesab olunaq…

Növbəti yazımızda dünyanın iki qütbə bölünməsi va İlham Əliyevin Qazaxıstandakı çıxışı nəyə hesablanıb, bu barədədir. Oxuyub fikirlərinizi yaza bilərsiniz…

Bir güllə ilə iki quş və ya İlham Əliyev artıq dünya siyasətinin iki qütbə bölündüyünü elan etdi!

Dünya siyasəti başəriyyətin yeni sivilizasiyaya qədəm qoyduğunu elan edir. Nəhayət, 17-ci əsrdən türk dünyası olmadan idarə olunan dünya, siyasət masasına yeni oyunçuları qəbul etməyə məcbur oldu. İndi dünya siyasəti masasında 5 yox 6 siyasətçı oturub. Maraqlıdır ki, bir vaxtlar “Ərdoğanın dünya 5-dən ibarət deyil”, sözləri ilə apardığı mücadilə uzun müddət sonra reallaşdı. Amma bu mücadilənin inamlı qələbəyə çevrilməsinin əsası Qarabağda qoyuldu.

Əslində Şərq və Qərb qütblərinə bölunən dünyanın ortaq addımlar atacağı tək güc Türk dünyasının liderləridir. Biri Qərbdə, digəri isə Şərqdə görünən bu liderlər dünyanın sabahını müəyyənləşdirməyə başlayıblar.

Ac canavar kimi dişlərini üstümüzə qıcayan bəzi Avropa ölkələri tək olmadığımızı yaxşıca görürlər. Eyni zamanda Avropadan gələcək təhdidlər qarşısında qardaş ölkə qarantor olaraq sinəsini bu güclər qarşısında sipər edib. Çünki Avropanın, eyni zamanda NATO adlı qurumun aparıcı aktoru Türkiyə hesab olunur. Türkiyə ilə Azərbaycan arasında bağlanmış Şuşa müqaviləsi isə digər ölkələrin Azərbaycana qarşı hər hansı təxribatçı əməlləri qarşısında böyük bir səddir.

Dünyanın Şərq qütbündə isə fərqli aktorlar oyun oynayır. Məsələn, daha çox Rusiya və Çin aparıcı ölkə kimi görünsə də türk dövlətlərindəki son görüşlər fərqli mənzərələr ortaya çıxarır. Məsələn: Tacikistan prezidenti Emoməli Rəhman Putini hədələyir, Putinsə susur. Əvəzində isə daha aqressiv və özünə daha çox güvənən lider, İlham Əliyev ortaya çıxıb, Fransa Prezidenti Makrona ünvanladığı sözləri ilə yaylım atəşi açır. Və bu atəşlərin hər biri də birbaşa hədəfə tuşlanır: “Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.

Daha sonra bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.

Bundan başqa, Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, – mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini balanslaşdırılmış qəbul edirdik, – mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. Buna görə də istərdim ki, həmkarlarımı bu vəziyyət barədə məlumatlandırım.

Daha sonra Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir”.

İlham Əliyevin Astanadakı çıxışı siyasət masasında artıq kartların açıldığını bir daha ortaya qoyur. Göstərilən mövqe prinsipi isə bizimlə olanlar və bizim qarşımızda olanlar şəklində ortaya çıxır. İlham Əliyev dünya siyasi masasındakı 6-cu oyunçunun onun və Ərdoğanın timsalında Türk dünyası olduğunu bəyan edir. Həmçinin Ermənistanın Azərbaycanla düşmənçilik edəcək səviyyədə olmadığını, Türk dünyasının irəli çıxmasına Fransanın daha çox narahatlıq keçirdiyini bildirir. Fransanın müttəfiqi Ermənistanın isə yeni yaranacaq Avrasiya İttifaqında olmayacağını, Azərbaycanın bu İttifaqın aparıcı dövlətləri cərgəsində olacağını əminliklə söyləyir.Dəmir Yumruğun Zəngəzura dəyə biləcəyi və Rusiyanın buna görə susacağı siqnalları da Prezidentin çıxışı ilə verilir. Artıq Azərbaycan lideri bütün dünyaya Zəngəzur məsələsinin həll olunacağını açıq aşkar elan edir.

Bununla da İlham Əliyev dahi bir şahmat gedişi etdi və bir güllə ilə iki quş vurdu. Fransa Azərbaycan-Ermənistan münasibətlərindən uzaqlaşdırıldı. Bütün dünyaya Zəngəzur məsələsinin zor ya xoş həll olunacağı bəyan olundu. Bu proseslər müəyyən zaman alacaq olsa da dünyanın iki qütbündə dayanan ölkələrin ortaq atacağı addımları müəyyən edən Türk dünyası öz hədəflərini həyata keçirməkdə israrlıdır. Bu hədəflər isə milli birlikdən, ölkələr arasında maneələrin aradan qaldırılmasından başlayır!

Elmar Hüseynov

Həmçinin oxuyun

Şəhid adıyla trolluq edənlər

Troll sözünün mənşəyi ilə bu gün ifadə etdiyi məna arasında böyük fərq var. Trol Skandinaviya …