Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Cavid Hüseynov həbs olunacaqmı?

Cavid Hüseynov həbs olunacaqmı?

Daha bir jurnalist qətlə yetirildi. Bu ölkədə insan həyatı o qədər önəmsiz olub ki, hətta ortabab bir idmançı jurnalistin qətlinin sifarişçisi və yaxud təhrikçisi ola bilər.

Lakin cəmiyyətin nə vaxt belə hadisəyə kütləvi etiraz edəcəyi də bəlli deyil. Tunisdə də belə olmuşdu. Yüzlərlə vətəndaş özbaşınalığın qurbanı olmuşdu və cəmiyyət buna seyrçi qalmırdı. Lakin 24 yaşlı bir gəncin etiraz əlaməti olaraq özünü yandırması dünyanın mənzərəsini dəyişmiş oldu. Cəmiyyətin absurd dərəcədə sıxılması əvvəl-axır kataklizmlərə gətirib çıxartmalı idi. Bu, qanunauyğunluq idi. Tunisdə bir gənc özünü yandırarkən, Yaxın Şərq despotları anlamırdılar ki, belə sərt idarəçilik enində-sonunda partlayışlara səbəb ola biləcək. Bu proseslərdən hamı dərs almalıdır. Əks təqdirdə, sonluq faciəli olacaq.

Lakin cəmiyyətin sıxılmasını həyata keçirənlər də nələrisə planlaşdırırlar. Azərbaycan da istisna deyil.

Cəmiyyəti daha çox sıxmaq və kütləvi qorxu mühiti yaratmaq cəhdləri hakimiyyətin daha böyük planlarından xəbər verir.

Azərbaycan hakimiyyəti beynəlxalq öhdəliklərə və ölkə qanunlarına hörmətsizlik nümayişini davam etdirir.

Ehtimal etmək olar ki, jurnalist Rasim Əliyevin qətli də beynəlxalq qurumlar tərəfindən sərt təpki alacaq. Artıq nüfuzlu Qərb mətbuatı bu hadisə barədə geniş materiallar dərc edir.
Jurnalistin qətli və sifarişçinin azadlıqda qalması nəticəsində cəmiyyət iki dilemma qarşısındadır. Ya bu tip qətllərin yeni dalğasını gözləməli və ölkənin deqradasiya olunmasına boyun əyməli, ya da bu prosesləri durdurmalıdır. Bəyanat vermək, məqalə yazmaq ümumi prosesin yalnız tərkib hissəsi kimi qəbul oluna bilər. Prosesləri durdurmaq üçün daha çevik addımların atılması zəruridir. Rasim Əliyevin qətli Tunisdə özünü yandıran gəncin verdiyi effekti yarada bilər.

Qətllərə və həbslərə “dur” demək rahat kabinetlərdə bəyanatlar verməklə həyata keçirilmir. Rasim Əliyevin qətli cəmiyyəti birləşdirməlidir. Bu gün ortabab bir futbolçunu həbsə ala bilməyən dövlət öz imicini zərbə altında qoyur.

Qətldə adı əsas fiqur kimi keçən futbolçu Cavid Hüseynov nə Messidir, nə də ki Peledir. Messi olsaydı belə, bir gəncin qətlində adının hallandırıldığına görə ən azından istintaqa cəlb edilməli və məhkəməyə qədər barəsində həbs-qətimkan tədbiri seçilməli idi. Özünə heyran olan bu idmançı elə bir çirkaba bulaşdı ki, futbolçu kimi karyerasını bitirdi. Əslində, bir insan kimi də ona bundan sonra yaşamaq çətin olacaq. Qətlə yetirilmiş Rasimin, arzuları və xəyalları puç olan Rasimin nişanlısının lənəti daima onun üzərində olacaq. Bu qədər təkəbbür, özünə vurğunluq son nəticədə elə belə də başa çatmalı idi.

Azərbaycan qəribə ölkədir. Bir idmançı avtomobili yüksək sürətlə idarə edərək neçə-neçə ailənin işığını söndürür, digər idmançı jurnalist Fərahimi qanına qəltan edir. Bütün bunlar cəzasız qalır və ulduz xəstəliyinə tutulan futbolçu gənc jurnalisti “başa salmağı” tələb edir və sonluğu bilinməyən faciə yaşanır.

Bu gün cəmiyyət qəzəblidir. Tunisdə də belə olmuşdu. O zaman özünü yandıran gənc onu təhqir edən polisin cəzalandırılmasını tələb edirdi. Tunis siyasi elitası bundan imtina etdi və nəticədə ölkənin, bölgənin düzəni dəyişdi. Proseslərin başlanmasında mühüm rol oynayan polis isə yeni hakimiyyətə xidmət etməyə başladı. Elə futbolçu üçün də kimin onu alqışlamasının elə də önəmi yoxdur.

Əgər vaxtında o polis qurban verilsəydi, hər şey başqa cür ola bilərdi. Bu gün Azərbaycanda da eyni vəziyyət yaranıb və ictimai rəy Cavid Hüseynovun həbsini tələb edir…

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın