Şənbə , Dekabr 10 2022
Ana səhifə / Köşə Yazarları / Camaat icra başçısının üzünü o qədər nadir görür ki…

Camaat icra başçısının üzünü o qədər nadir görür ki…

Bu gün qəzetə yazı yazmışam, istəyirəm bunu oxuculara xəbər verim. Təndirxanada çörək bişiriblər. Avtobus camaatı daşıyıb. Bənna hasar hördü. Tutu topu tutdu. Göysatan torbasını səkiyə düzdü. Və sairə və ilaxır.

Hörmətli oxucular düşünər: “Bunun da başı belə xarab oldu. Yoxsa bunlar nəyin xəbərləridir? Niyə biz hər kəsin gündəlik görməli olduğu işlər haqda xəbər oxumalıyıq?” Elədir. Yüz faiz haqlısınız. Ancaq mən də sizə sual verirəm: “Rektor işlədiyi, başçılıq elədiyi universitetin tələbələri ilə görüşürsə, icra başçısı şikayətçiləri qəbul eləyirsə, ekologiya idarəsi küçədən zibil toplayırsa, bunlar da xəbər kimi yazılmağa layiqdirmi?”

Ancaq biz elə bir mərhələyə gəlib çatmışıq ki, artıq bu idiotizmə heç kəs heyrətlənmir və vaxtaşırı hansısa rektorun tələbələrlə, icra başçısının rayon əhalisiylə görüşməsinin xəbərini oxuyuruq. Gör idarəçilik, rəhbərlik-tabelikdəkilər, padşah-rəiyyət münasibətlərimiz hansı zirvələrə yüksəlmişdir.

Camaat icra başçısının üzünü o qədər nadir görür ki, onun hansısa kənddə peyda olması geopolitik hadisə sayılır, mistik-fantastik haləyə bürünür, az qala İsa peyğəmbərin xalqa görünməsi tipində.

Sözgəlişi, rus rəssamı Aleksandr İvanovun 19-cu əsrdə çəkdiyi, hər mənada möhtəşəm (adicə, tablonun ölçüləri 5 metr 40 santimetrin 7 metr 50 santimetrə nisbətindədir) “İsanın xalqa görünməsi” tablosu var. Əlinizin altında Google, telefon var, axtarın, baxın, sənətdən zövq alın. Haçana qədər tik-tok-da gic-gic ağsaqqal məsləhətlərini paylaşacaqsınız?

Hələ icra başçısını birtəhər yola vermək olar, “Rektor filan qrupun tələbələri ilə görüşdü” nə deməkdir, siz Allah? Bu axı tənəzzülün ən axırıncı pilləsidir. Bundan sonra palçıq, zibillik, kanalizasiya dəliyi, siçovul yuvası gəlir… Gör bizim rektorlar necə qudurublar. Hamısı yox, əlbəttə. Bəziləri. Bəzilərini isə heç Lui Paster də dirilib gəlsə xilas edə bilməz.

Təbii ki, biz belə xəbərlərə adi hal olaraq baxmamalı, bunları ictimai-siyasi, iqtisadi-sosial durumun indikatorları kimi qəbul etməliyik (müəllif hərdən belə ağsaqqal cümlələr qayırmalıdır, yoxsa oxucular arasında qara qəpiklik hörməti qalmaz). Örnək üçün, xaricdə, xüsusən Qərb dövlətlərində ipoteka proqramları, hökumətin imkansız ailələr üçün evlər tikməsi və sairə bu cür tikinti fəaliyyəti təhlükəsizlik-kəşfiyyat xidmətlərinin gündəmi ola bilərmi? Daha da açıqlayım, belə bir xəbər təsəvvür edin, “Vaşinqton post”da, yaxud CNN-də: “Mərkəzi Kəşfiyyat İdarəsi Mənzil İnşaatı Dövlət Agentliyinin Minnesota ştatında tikdiyi evlərin elektron satışı zamanı kibercinayətkarlıq müəyyən edib, satış təxirə salınıb, cinayət işi açılıb” və sairə. Eləyə bilmədinizsə, bizdə oxşar məzmunlu hadisə oldu. Uzaq zamanda yox, elə bu ilin sentyabrında. Sadəcə, bayaqkı cümlədə MKİ  yerinə DTX, Minnesota yerinə də Yasamal oxumalıyıq. Vəssalam.

Qardaş, biz niyə bu evləri belə qaynar piroq kimi sürətlə satırıq, nədən camaatımız bu qədər evsiz-eşiksizdir, yoxsuldur, nədən gələcəyimiz, yaşayış məskənlərimiz belə qaranlıq, məchuldur? İpotekalı evlər satışa çıxır, ilk beş saniyədə 800 mənzil satılır… Təsəvvür edirsinizmi? Saytda bunu çatdırıb almaq üçün barmaqların jonqlyor sürəti ilə işləməli, sirkdə fokusçu, sehrbaz olmalısan.

Niyə hamı Bakıya axışır, regionlar boşdur, oralarda ucuz mənzillər tikilmir, iş yerləri açılmır, niyə banklar krediti soyğunçu faizlə verir… Bax, yazılmalı olan xəbərlər budur. Ancaq kim yazsın? Gedəcəyik regiona, görəcəyik orada icra başçısı xalqı qəbul edir. Məcburuq bütün başqa mövzuları saxlayaq. 

Zamin Hacı

Həmçinin oxuyun

Şəhid adıyla trolluq edənlər

Troll sözünün mənşəyi ilə bu gün ifadə etdiyi məna arasında böyük fərq var. Trol Skandinaviya …