Bazar , Sentyabr 22 2019
Ana səhifə / Köşə Yazarları / “Bu qayda jurnalistikanı məhv edəcək” – Qəbul dəyişikliyinə ETİRAZ

“Bu qayda jurnalistikanı məhv edəcək” – Qəbul dəyişikliyinə ETİRAZ

“Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən, ikinci mərhələyə buraxılan bütün tələbələr bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Yəni baytar da, zootexnik də, gəmiqayırmanı bitirəndə, elektrik mühəndisi, hətta hüquqşunas və s. sahələrin sahibləri də jurnalistika üzrə magistr təhsili ala biləcək”.

Bu sözləri BakiPost.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, dünyada tanınmış universitetlərin hər birində qəbul üçün ən çətin ixtisaslardan biri olan jurnalistikayla bağlı Azərbaycanda belə addımın atılması heç də doğru yanaşma deyil: “Bildiyiniz kimi, 2015-ci ildən başlayaraq Mətbuat Şurasının təklifi ilə jurnalistika fakültəsinə qəbul olmaq istəyən abituriyentlərdən qabiliyyət imtahanı vermələri tələb olunmağa başlanıldı. Əslində, bu təcrübə Sovet dönəmində var idi. O dövrdə jurnalistikaya sənəd verənlərin rayon, eləcə də mərkəzi qəzetlərdə bir neçə yazısı dərc olunmalı, hətta o orqanların birindən xasiyyətnamə alınıb, ümumi sənədlər toplusuna əlavə edilməli idi. Odur ki, əvvəllər jurnalistikaya təhsil almağa gələnlərin 90%-i istedadlılar olurdu. Amma Azərbaycan təhsil sistemində “Test üsulu” tətbiq edildikdən sonra jurnalistika ixtisasına qəbul keyfiyyət baxımdan kəmiyyətə məğlub oldu. Yəni, bu dəfə hər şey tam əksinə oldu – 10% istedadlı, 90% isə istedadsız abituriyent bu fakültənin tələbə biletinə yiyələndi. Ona görə də, əsl istedadları üzə çıxarmaq üçün bu ixtisas üzrə qabiliyyət imtahanının tətbiq olunması zərurətdən yarandı. Amma əvvəllər yüksək balla böyük rəqabət yaranan jurnalistika ixtisasına minimum keçid balı ilə qəbul həyata keçirildi. Hətta 70 faiz plan yeri 2015-ci ildə, 2016-cı ildə 40 faiz boş qalmışdı.

Bu ildən isə jurnalistika ixtisasının magistratura pilləsinə qəbulla bağlı mühüm dəyişiklik edildi. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Bu heç də doğru yanaşma deyil.

Düzdür, təhsil sistemində ixtisasartırma və ixtisas dəyişmə məsələsi var, lakin bu bakalavr pilləsinə şamil edilir. Burada belə bir fikir formalaşır ki, əlinə mikrofon alan, iki cümləni ard-arda yaza bilən jurnalist ola bilər. Dünya təcrübəsində jurnalistikaya qəbul tibb ixtisasına, hüquqa qəbul olmaq qədər çətindir. Ancaq bizdə ola bilər ki, bu hər kəsə imkanlar yaradılması kimi başa düşülə bilər. Amma bu belə olmamalıdır. Jurnalistika fundamental elmdir. Azı bu sahənin elmini bilmək üçün dörd il bakalavr təhsili lazımdır. Dünyada tanınmış universitetlərdə qəbul üçün ən çətin ixtisaslardan biri jurnalistikadır. Jurnalistika çox ciddi bir sahə hesab edilir və ora qəbul asan deyil. Jurnalistikanın magistr pilləsi isə nüfuzlu universitetlərdə demək olar ki, əlçatmazdır”.

Kamran əsədov qeyd edib ki, istənilən ixtisasda oxuyan tələbənin jurnalistikanın magistr pilləsində oxuya bilməsi bu sahənin bir elm kimi məhv olmasına gətirib çıxaracaq: “Təssüf ki, indi baytar, maşınqayırma, elektrik mühəndisi, hətta hüquq və digər ixtisaslar üzrə bakalavr təhsili alanlar jurnalistika ixtisası üzrə magistr pilləsinə qəbul ola biləcəklər. Bu jurnalistikanın bir elm kimi məhv olmasına gətirib çıxaracaq. Çünki, magistr pilləsi birbaşa elmi-tədqiqat mərhələsidir. Bu sahəyə yalnız nəzəri məlumatı olanlar heç bir elmi yenilik gətirə bilməz. Çünki 2 il ərzində bunu öyrənmək mümkün deyil. Düşünürəm ki, fundamental elmlərə belə qeyri-ciddi yanaşmaq olmaz. İnsanlar 4 il bakalavrda jurnalistikanı normal öyrənə bilmir. Qeyri-ixtisas zamanı 2 ilə nə öyrənəcək?”
Eskpert hesab edir ki, son illər jurnalistika ixtisası ətrafında həyata keçirilən yeniliklər onsuz da problemli olan, peşəkarların azlıq təşkil etdiyi “Dördüncü hakimiyyət”in inkişafına təkan verməyəcək.

Həmçinin oxuyun

Hakimiyyətə xəyanət edənləri mən tanıyıram… – Seymur Verdizadə

“Söyüş müxalifəti”nin fəaliyyətini təqdir etmirəm. Bu adamların Azərbaycan xalqına heç bir faydası yoxdur. Cəmiyyət bunu …

Bir cavab yazın