Ana səhifə / Köşə Yazarları / Boğazımızdan yapışan gözəgörünməz düşmən…

Boğazımızdan yapışan gözəgörünməz düşmən…

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarı ilə Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Bundan əvvəl Azərbaycan quru və hava sərhədlərini bağlayıb, təhsil, mədəniyyət, o cümlədən, strateji əhəmiyyət daşımayan digər müəssisələrin fəaliyyəti dayandırılıb. Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılması koronavirus adlı bəlayla mübarizdə ümumxalq iradəsini ortaya qoyub, cəmiyyəti təhlükə qarşısında səfərbər edib.

Analoji qaydada davranan ölkələr çoxdur, “gözəgörünməz düşmən”lə mübarizədə bütün vasitələr məqbul sayılır. Karantin rejiminin elan olunması, insanları evdə qalmağa vadar etmək hazırda insan hüquq və azadlıqları kontekstindən qiymətləndirilmir. Çünki insanların sağlamlığı onların hüquqlarından əvvəl gəlir. Pandemiya insan sağlamlığının ən ümdə dəyər olduğunu insanlıqdan tədricən uzaqlaşan bəşəriyyətin yadına bir daha salmış oldu.

Hazırda koronavirus dünyanın 200-ə yaxın ölkəsində yayılıb. Heç bir dövlət, heç bir xalq bu bəladan sığortalanmayıb. Lovğalıq, ədəbazlıq insana canı bahasına başa gəlir. Biz Avropa ölkələrinin timsalında bunun şahidiyik. Koronavirus infeksiyası ilə “zarafat” bu qədim qitəni kədərə qərq edib. İtaliyada, İspaniyada, Fransada, Almaniyada, eləcə də Avropanın digər ölkələrində koronavirus qurbanlarının sayı sürətlə artır. Tibb elmi bu bəla qarşısında acizdir, avropalıların güvəndikləri səhiyyə onları ölümün cəngindən ala bilmir. Təkcə dünən İtaliyada 841 nəfər koronavirusdan həyatını itirib. Hazırda koronavirus infeksiyasının daşıyıcısı olan 859 min insanın yarısından çoxu Avropada yaşayır. Qədim qitə müasir pandemiyanın qarşısında aciz qalıb.

Dünyada koronavirus qurbanlarının sayı 42 mini keçib. Heç kim başqalarının səhvini təkrarlamaq istəmir. Vəziyyətin nə qədər ağır olduğunu artıq uzaq Afrikada da bilirlər.

Afrika ölkəsi olan Konqoda dünən gecə saatlarında koronavirusdan ilk ölüm qeydə alınıb. Bu ölkədə 22 nəfər koronavirusa yoluxub. Amma artıq bir neçə gündür ki, karantin elan olunub, 30 gün müddətinə küçəyə çıxmaq qismən qadağan edilib.

Koronavirusla mübarizədə tədbirli davranan ölkələrdən biri də İsraildir. İsraildə koronavirusdan dünən daha 2 nəfər ölüb. Bununla da infeksiyadan ölənlərin sayı 20 nəfərə çatıb. Koronavirusa yoluxanların sayı isə 5 min 358 nəfərdir. Təhlükənin sürətlə böyüdüyünü nəzərə alan İsrail hökuməti vaxtında qabaqlayıcı tədbirlər görüb, market, aptek və banklar istisna olmaqla bir çox iş yeri martın 15-dən fəaliyyətini dayandırıb. 

Koronavirusla mübarizədə daha sərt tədbirlər görən ölkələr də var. Şimal qonşumuz olan Rusiya da bu sıraya daxildir. Rusiyada hazırlanan yeni qanuna əsasən koronavirusla mübarizə tədbirlərinə əməl etməyənlərin hərəkəti terror aksiyası kimi qiymətləndiriləcək. Əgər bir şəxs digər bir şəxsi virusa yoluxdura, ona 13 min 300 dollarlıq cərimə tətbiq olunacaq və ya həmin şəxs 3 il müddətinə həbs ediləcək. Lakin hadisə ölümlə nəticələnərsə, cəza daha da ağırlaşdırılacaq. Belə ki, cərimə təxminən iki dəfə artırılaraq 24 min 600 dollar olacaq, həbs cəzası isə ölənlərin sayından asılı olaraq 5-7 il arası dəyişəcək.

Göründüyü kimi, pandemiya bəşəriyyət üçün müsbət heç nə vəd etmir. Obrazlı desək, burnunun ucundan qabağı görməyi bacaran iqtidarlar fəlakət yaşanmaması üçün bütün profilaktik tədbirləri görürlər. Koronavirus görünməyən düşməndir, amansız və qəddardır. Onunla mübarizənin yolu sosial təcriddən keçir. Azərbaycanda elan olunan karantin rejimi buna xidmət edir. Məqsəd əhalini qorumaq, gələcək faciələrin qarşısını almaqdır.

Birdəfəlik başa düşmək lazımdır ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. Ölkəmizdə koronavirusa yoluxanların sayının getdikcə artması təhlükənin real olduğunu göstərir. Demək olar ki, koronavirusdan ölüm halının qeydə alınmadığı gün yoxdur. Hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Biz koronavirus xəstəsi olmaya bilərik, amma küçədə-bazarda qarşılaşacağımız adamların bu virusun daşıyıcısı olmadığına heç bir təminat yoxdur. Buna görə də karantin rejiminə hamılıqla əməl etməliyik. Karantin ictimai sağlamlıq vasitəsidir və ümumi mənafeyə xidmət edir. Ümumi mənafeyin içində həm də bizim mənafeyimzi var…

Seymur Verdizadə

Həmçinin oxuyun

Məhəmmədlərin mirzəliyi və ya iyirmi min avro məsələsi…

Söyüş mediası milləti və dövləti hara aparır?!. Söyüş “mediasının” səsi əvvəlki qədər gur gəlmir. Daha …