Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Köşə Yazarları / Beynəlxalq Jurnalistlər Federasiyasına yeni prezident seçilib – Foto

Beynəlxalq Jurnalistlər Federasiyasına yeni prezident seçilib – Foto

Fransanın Angers şəhərində Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) 29-cu qurultayı keçirilib.

07-10 iyun tarixlərində keçirilən və 140 ölkədən BJF-yə üzv təşkilatların qatıldıqları toplantıda Azərbaycandan BJF-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) iştirak edib.

JuHİ sədri Müşfiq Ələsgərli AzNews.az-a bildirib ki, toplantıda öncə BJF-nin təşkilati məsələləri həll edilib, növbəti 4 il üçün qurumun prezidenti və baş katibi müəyyənləşdirilib. 2007-ci ildən etibarən BJF prezidenti olan, Britaniya NUJ təmsilçisi Cim Bumelhanın səlahiyyət müddəti başa çatdığı üçün, yeni prezident seçkisi keçirilib. Növbəti 4 il müddəti üçün BJF-nin prezidenti postuna Belçika Jurnalistlər Assosiasiyasının təmsilçisi Flipp Leruz seçilib.

Daha sonra medianın qlobal durumu, yeni çağırışlar müzakirəyə çıxarılıb. Jurnalist təhlükəsizliyi, yeni medianın, sosial şəbəkələrin inkişafının peşəkar mediaya təsiri kimi mövzulara həsr edilmiş hesabat və məruzələr dinlənilib. Qeyd edilib ki, 1991-ci ildən -2015-ci ilə qədərki dönəmdə 2300-dən artıq jurnalistin peşə fəaliyyətinə görə qətlə yetirilməsi, on minlərlə jurnalistin həbsə atılması bu peşə sahiblərinin riskli durumda fəaliyyət göstərməsini isbatlayır və təhlükəsizlik tədbirləri artırılmalıdır.

Jurnalist təşkilatlarının inkişaf etdirilməsi jurnalistlərin qorunması üçün ən məqbul variantlardan biri kimi qiymətləndirilib. Həmçinin, Beynəlxalq dövlətlərarası təşkilatlara müraciət edilib ki, jurnalist təhlükəsizliyi məsələsini daimi nəzarətdə saxlasınlar.

Sosial şəbəkələrin inkişaf etməsi ilə ənənəvi medianın geriləməsi, bununla da peşəkar jurnalistikanın yerində “həvəskar jurnalistikanın” oturuşması, etik jurnalistika prinsiplərinin sıxışdırılması mövzusuna xüsusi müzakirələr həsr edilib. Peşəkar jurnalistika prinsiplərinin qorunub inkişaf etdirilməsi üçün təkliflər müzakirə edilib.

Məlumat üçün qeyd edək ki, Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın 140 ölkəsində 300-ə yaxın üzv təşkilat vasitəsilə 600.000 nəfər (altı yüz min nəfər) jurnalisti birləşdirən dünyanın ən böyük və nüfuzlu jurnalist təşkilatıdır. BJF, həmçinin, 1926-cı ildə təsis edilən ilk peşəkar beynəlxalq jurnalist təşkilatıdır. Angers Konqresi BJF-nin 90 illiyinə həsr edilmiş qurultay kimi tarixə düşüb.

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın