Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / Baş redaktorlar neçə dil bilir? – SORĞU

Baş redaktorlar neçə dil bilir? – SORĞU

Müasir dünyada xarici dil bilmək əlavə üstünlük deməkdir. Günün reallığına uyğun olaraq yüksək maaşlı iş tapmaq, gözəl kariyeraya sahib olmaq üçün ən azı bir neçə xarici dil bilmək vacibdir.
Heç kimə sirr deyil ki, Azərbaycanda hansısa şirkətə iş üçün müraciət edərkən qarşı tərəfin verdiyi ilk sual belə olur: ingilis və rus dilini bilirsinizmi?
Əvvəllər hansısa xarici dil öyrənmək yaşından asılı olmayaraq insanların maraq çərçivəsində idisə, bu gün vəziyyət tam dəyişib. Xarici dil öyrənmək insanların qarşısında məcburiyyət kimi qoyulur.
Bəs, qələmi qılıncdan “kəsərli” olan baş redaktorlar neçə xarici dil bilir? Onlar arasında rus və ingilis dilində sərbəst danışa bilən varmı?
AzVision.az bu sualla ölkənin tanınmış media nümayəndələrinə müraciət edib:

“AzVision.az” saytının baş redaktoru Vusal Məmmədov Azərbaycan, rus və ingilis dilini mükəmməl bilir:
“Üç xarici dil bilirəm. Onlardan rus dilini uşaqlıqdan eşidərək və oxuyaraq böyüdüyüm üçün düşünürəm ki, əla bilirəm. Ən azı, istənilən rus klassikini oxuyub, ruslardan daha yaxşı anladığıma əminəm.
Universitetdə iki xarici dil keçmişik: ingilis və ərəb. İngilis dilini daim işlətdiyim üçün, advanced səviyyəm var. İngilisdilli medianı oxuyuram, tv-lərə və kinolara ingiliscə baxıram. Ərəb dilini isə ortadan bir az aşağı səviyyədə bilirəm. Yəni qəliz olmayan mətnləri oxuyub, başa düşürəm, amma sərbəst ünsiyyət qura biləcəyimə əmin deyiləm. İmkan tapdıqca, çalışıram ki, təkmilləşdirim. Hazırda alman dilini öyrənməyə çalışıram”.
“Trend.az” İnformasiya Agentliyinin baş redaktoru Vaqif Şərifov Azərbaycan, rus, ingilis dillərini mükəmməl bildiyini deyir.
“APA” Holdinqin rəhbəri VusaləMahirqızı isə Azərbaycan və ingilis dilini bilir.
“Report.az” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev:
“Orta və ali təhsili rus dilində almışam. Bu səbəbdən mətbuatda işlədiyim ilk illərdə xəbərləri yalnız rus dilində yazmağa üstünlük verirdim. Lakin vaxt keçdikcə iqtisadiyyat sahəsindən başqa siyasət, sosial və s.sahələrlə çalışdığımdan Azərbaycan dilinin qrammatikasını təkmilləşdirməli oldum. Milli Məclisə akkreditə olunandan sonra operativlik üçün xəbərləri yalnız Azərbaycan dilində yazmağa başladım. İngilis dilinin qrammatikasını demək olar ki, mənimsəmişəm, danışığı sərbəst başa düşürəm. Lakin danışıq praktikam azdır”.
“Teleqraf” qəzetin şef redaktoru Taleh Şahsuvarlı: “Ana dilimi, sərbəst oxu və ünsiyyət səviyyəsində ingilis və rus dillərini, ünsiyyət səviyyəsində fars dilini, son dərəcə incəliklərinə qədər isə Türkiyə türkcəsini bilirəm”.
“Anspress.com” saytının baş redaktoru Nəzrin Əhmədova Azərbaycan, rus və ingilis dillərini mükəmməl bildiyini deyir.
Haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev: “Rus dilini ana dilim kimi bilirəm. Xarici dil kimi isə ingilis dilində danışıram, oxuyuram, yazıram”.
“Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət: “Talış, Azərbaycan, rus və türk dillərini bilirəm”.
“Oxu.az” saytının baş redaktoru Elvin Şirinli: “Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini orta danışıq səviyyəsində bilirəm. Türk dilində isə oxuya bilir, yazmaqda isə çətinlik çəkirəm”.
“Milli.az” saytının baş redaktoru Anar İmanov isə Azərbaycan, rus və türk dilini mükəmməl bilir: “İngilis dilini isə yaxşı bilirəm. Bir az da gürcü dilindən xəbərim var”.
Qeyd edək ki, bir neçə baş redaktor isə sualımıza cavab verməkdən boyun qaçırmağa üstünlük verdi.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın